Mar
2022
15:56
128
46
4415
Virtual karabakh

Kikboksinq Federasiyasının prezidenti: “Ona avtomobil hədiyyə olunacaq” - MÜSAHİBƏ + FOTO

5 Mar, 2022
15:56
4415

Kikboksinq Federasiyasının prezidenti: “Ona avtomobil hədiyyə olunacaq” - MÜSAHİBƏ + FOTO

5 mart Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür. Bu münasibətlə Oxu.Az saytı Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyevdən müsahibə götürüb...

– 2020-ci ilin sentyabrın 9-dan Azərbaycan Kikboksinq Federasiyasının prezidentisiniz. Sizin bu müddətdə mətbuatda müsahibənizin çıxmadığını nəzərə alsaq, özünüz haqda məlumat verərdiniz...

– Mən, Orxan Əliyev Sədrəddin oğlu 1981-ci ilin iyunun 20-də Qərbi Azərbaycanın Uluxanlı (Zəngibasar) rayonunun Rəncbər kəndində anadan olmuşam. Məlum hadisələrlə əlaqədar olaraq 1988-ci ildə öz dədə-baba torpaqlarımızdan didərgin salınaraq Bakı şəhərində məskunlaşmışıq. 2-ci sinifdən sonra Nizami rayonunun 129 saylı tam orta məktəbdə təhsil almışam. 1999-2001-ci illərdə Bakı Dövlət Universitetində "Tarix" fakültəsində bakalavr təhsilinə yiyələnmişəm.

– Siz idmana, xüsusən kikboksinqə yad sima sayılmırsınız. Federasiyanın prezidenti seçilməyiniz necə oldu?

– Düzdür, peşəkar idmanla məşğul olmasam da, hər zaman həvəskar şəkildə idmanla bağlılığım olub. Karate, boks və güləşə getmişəm. Universitet illərində iki il mütəmadi Nizami rayonu ərazisində yerləşən idman məktəbində kikboksinqlə məşğul olmuşam. Mən federasiyaya gəlməzdən öncə də, demək olar ki, bu ailənin bir üzvü idim. Burda yaxın dostlarım vardı. Demək olar ki, məşhur kikboksçularımızın hər biri ilə yaxşı münasibətim olub. Hətta 2009-cu ildə Venesiyanın yaxınlığında yerləşən İtaliyanın Linyano Sabbyadoro şəhərində keçirilmiş dünya çempionatını canlı izləmişəm. Həmin vaxt Eduard Məmmədov Rusiyanı təmsil edən və əslən Ermənistandan olan yezidi kürdü Zurab Faroyana qalib gəlmişdi.

Seçilməyimə gəlincə, federasiyamızın fəxri prezidenti, İdarə Heyətinin sədri, Milli Məclis sədrinin müavini, hörmətli millət vəkilimiz Adil Əliyev mənim prezidentliyə namizədliyimi irəli sürdü. Orada da mən yekdilliklə prezident seçildim. Bu seçkinin nəticəsini də Adil müəllim təsdiqlədi.

Ümumiyyətlə, bu federasiyanın inkişafı Adil müəllimin adı ilə bağlıdır. Kikboksinq üzrə klubların sayı 150-dən çoxdur. İdmançılarımızın sayı nə qədər çox olarsa, bir o qədər yaxşıdır. Vətən Müharibəsində bizim idmançılarımızdan da xüsusi rəşadət göstərənlər oldu. İdmançı qazilərimiz, idmançı şəhidlərimiz var. Məqsədlərimizdən biri güclü idmançılarla yanaşı, tərbiyəli kikboksçular yetişdirməkdir. Ümumiyyətlə, hər zaman ölkə Prezidenti cənab İlham Əliyevin idmançılara diqqət və qayğısını üzərimizdə hiss edirik. İlin yekunlarında bizim idman nümayəndələrimiz də ölkə başçısı tərəfindən mükafatlandırılır. Azərbaycanda 5 mart – Bədən Tərbiyəsi və İdman Gününün xüsusi qeyd olunması da ölkəmizdə idmana dövlət səviyyəsində diqqətin olmasının bariz göstəricisidir.

– Ötən ay Azərbaycan çempionatı keçirilməli idi. Lakin pandemiyaya görə, yarış təxirə salındı. Bu, idmançılara müəyyən mənada təsir etməyəcək?

– Məqsədimiz Respublika çempionatını keçirib, orada seçilənləri millinin təlim-məşq toplanışına cəlb etmək idi. Amma pandemiya dönəmində virusa yoluxma sayı çoxaldığından, bu yarışı keçirmədik. Bununla belə, fevralın 15-dən etibarən bizim təlim-məşq toplanışlarımız başlayıb. Bura bütün tanınmış idmançılarımızı cəlb etmişik. Çünki bizi Türkiyədə 3 turnir gözləyir. 12-15 mayda İstanbulda Dünya Kuboku (VII Türk Açıq turniri), 9-18 avqustda Konyada V İslam Həmrəyliyi Oyunları və 11-20 noyabrda Antalyada Avropa çempionatı keçiriləcək. Bu il həmin turnirlərdə iştirak etməyi planlaşdırmışıq. Dünya Kuboku İslamiadaya heyəti formalaşdırmaq üçün bizim məşqçilər üçün bir növ sınaq turniri olacaq.

– Federasiyanın fəaliyyətinə həm də peşəkar kikboksinq daxildir. Bu baxımdan nə yenilik var?

– Pandemiya ilə əlaqədar peşəkar kikboksinq döyüşlərinin sayı azalıb. Əsasən qardaş ölkə Türkiyədə peşəkar kikboksinq döyüşlərimiz olur. Ancaq istəyirik ki, Bakıda da yenidən belə döyüşlər keçirək. İlin sonunadək “Dəmir Yumruq” adı altında peşəkar döyüş gecəsi təşkil etmək istəyirik. Təbii ki, bu turnirin baş tutması da pandemiyanın şərtlərinə əsasən mümkün olacaq.

– Federasiyada hansı yeniliklər bizi gözləyir?

– Yaxınlarda yeni vitse-prezident təyinatı ola bilər. Həmçinin, ötən ilin oktyabrında İtaliyanın Yezolo şəhərində keçirilmiş dünya çempionatında kikboksinqin “low kick” növündə Anar Məmmədov 57 kq çəki dərəcəsində dünya çempionu oldu. Mən yarışdan öncə dünya çempionu olacaq idmançını mükafatlandıracağımı demişdim. Ona Novruz bayramı ərəfəsində avtomobil hədiyyə olunacaq.

Ümumiyyətlə, həmin dünya çempionatında 2 qızıl, 4 gümüş və 4 bürünc medal qazandıq. “Low kick”də 1 qızıl, 3 gümüş və 1 bürünc medalla 65 ölkə arasında Serbiya, Rusiya, Xorvatiya və Türkiyədən sonra 5-ci olduq. Bu isə əla göstəricidir.

Ötən ilin noyabrında Monteneqronun Budva şəhərində keçirilmiş yeniyetmə və gənclərin Avropa çempionatında 25 idmançımızdan 17-si Vətənə medalla qayıtdı. Qazanılan 5 qızıl, 5 gümüş və 7 bürünc medal Azərbaycanda kikboksinqin inkişafda olmasının göstəricisi sayıla bilər. Həmin yarışdan sonra Ümumdünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Roy Beyker tərəfindən xüsusi mükafatla təltif olundum.

– Ötən ilin mayında Roy Beyker Bakıda işgüzar səfərdə idi. Onda böyüklərin dünya çempionatını və yeniyetmə və gənclərin Avropa çempionatını keçirməyə namizədlərdən biri də Azərbaycan idi. Azərbaycan qarşıda yenidən mötəbər turnir üçün namizədliyini irəli sürə bilərmi?

– Biz həmin vaxt pandemiyaya görə namizədliyimizi geri götürdük. Ancaq qeyri-rəsmi şəkildə Roy Beykerə böyüklərin dünya çempionatını keçirmək istədiyimizi bildirmişəm. Pandemiyanın yumşalmasını gözləyirik. Ondan sonra rəsmi təklif kimi müraciət etməyi düşünürük.

Səbuhi Musa

Foto: Kərim Abbasov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri