25 
Mar
2022
23:45
445
18
1844
Virtual karabakh

FIDE Qran-prisi: Məmmədyarov ilk qələbəsini qazanıb

25 Mar, 2022
23:45
1844

FIDE Qran-prisi: Məmmədyarov ilk qələbəsini qazanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FIDE Qran-prisinin III mərhələsində bu gün növbəti görüşünü keçirib.

Reytinq favoritlərindən olan 37 yaşlı qrossmeyster IV turda ağ fiqurlarla almaniyalı Vinsent Kaymerlə üz-üzə gəlib. Oyun 63-cü gedişdə Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. Beləliklə, o, Qran-pridə ilk dəfə qarşılaşmasından qalib ayrılıb.

B qrupunun digər görüşündə rusiyalı Daniil Dubov ABŞ-dan olan Lenyer Domingeslə heç-heçə edib.

Məmmədyarov ilk turda Kaymerlə, daha sonra isə Dubov və Domingeslə heç-heçə edib. Hazırda Dominges, Kaymer və Məmmədyarov hərəyə 2,5 xalla ilk 3 pilləni bölüşür. Dubovun 1 xalı var.

Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.

Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.

Qeyd edək ki, FIDE Qran-prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqraddakı II mərhələdə D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.

Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri