28 
Apr
2022
11:25
25
134
3141
Virtual karabakh

Arif Rəhimov: “Satışın 60 faizi xarici azarkeşlərdən gəlir” - MÜSAHİBƏ

28 Apr, 2022
11:25
3141

Arif Rəhimov: “Satışın 60 faizi xarici azarkeşlərdən gəlir” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov Rusiya mətbuatına müsahibəsində “Formula-1” üzrə Azərbaycan Qran-prisindəki durumdan danışıb.

Oxu.Az xəbər verir ki, o, 10-12 iyun tarixlərində paytaxtımızda baş tutacaq mərhələyə hazır olduqlarını söyləyib.

– Son iki ildə pandemiya idman dünyasına ağır zərbə vurdu. Bu il azarkeşlərin tribunalara qayıtması nə dərəcədə önəmlidir?

– 2020-ci ildə yarış keçirilmədi, ötən il isə tamaşaçısız keçirildi. İndi bütün tədbirlər, xüsusən də, idman yenidən populyarlaşır. İnsanlar evdə oturmaqdan yorulublar, əsl tamaşa istəyirlər. Dünyada biletlər bir neçə günə tükənir, yarışlara rekord sayda tamaşaçı toplaşır, ölkələr normal həyata qayıdır. Bakıda hamının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcəyik və iyunda azarkeşləri qarşılamağı səbirsizliklə gözləyəcəyik. Bu il koronavirusla bağlı heç bir problem gözləmirik.

– Bakıda hər mərhələdə yerli və beynəlxalq satışların nisbəti nə qədərdir?

– Hazırda satışın 60 faizi xarici azarkeşlərdən gəlir. Ancaq əvvəlki illərdə həmişə yerli satışlar son anda baş tutub. 2019-cu illə müqayisədə bu il ölkə daxilində daha çox bilet satmışıq. Təəccüblü deyil ki, xarici azarkeşlər biletləri daha əvvəl alırlar - onlar aviabilet almalı, hotel sifariş etməlidirlər. Turistlərin Azərbaycana, Bakıya qayıtması çox gözəldir. Bu il Qran-pri iyunda, havanın mükəmməl, isti və günəşli olduğu bir vaxtda keçiriləcək. Tendensiya çox yaxşıdır, əminik ki, yarış həftəsonu başlamazdan əvvəl bütün biletləri sata biləcəyik.

– Niyə Azərbaycan Qran-prisi son illərdə təqvimdə ən populyar yarışlardan birinə çevrilib?

– Səbəblərdən biri də yavaş və sürətli bölmələr arasında optimal balansdır. Dəyişən ərazi və müxtəlif növbələr parametrlərin axtarışını çətinləşdirir. Keçirdiyimiz beş yarışda beş fərqli qalib olmağın səbəblərindən biri də budur. Əminəm ki, bu il də yeni qalib görəcəyik. Azərbaycan Qran-prisi hər il sürprizlər edir. 2017-ci ildə Sebastian Fetel və Luis Hemilton arasındakı məşhur toqquşmanı və ya bir il sonra “Red Bull” toqquşmasını xatırlayın. Maks Ferstapenin təkərinin partlaması ilə yarışdan çıxmasını və podium yerlərinin son dövrələrdə müəyyənləşdiyi keçən mövsümün dramını unutmayın. Azarkeşlər bilirlər ki, bu yarışı qaçırmaq olmaz, orada hər şey ola bilər. Bu, mövsümün ən gözlənilməz yarışıdır.

– Sizcə, yeni nəsil maşınlarla mübarizə daha da maraqlı olacaq?

– Mütləq. Əminəm ki, builki Qran-pri heyrətamiz mənzərə olacaq. Artıq ilk mərhələlərdə DRS-in təsirinin nəzərəçarpacaq dərəcədə artdığı göründü. Son döngədən uzun çıxışı nəzərə alsaq, ikinci DRS zonasından sonra birinci döngədə, eləcə də üçüncü döngədə çox ötmələr görəcəyik. Bizim trekin ötmə üçün yararlı olduğunu gördük. Ona görə də builki yarışın daha maraqlı olacağını təsəvvür edə bilərəm.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri