23 
İyn
2022
17:12
23
107
2196
Virtual karabakh

Şəhriyar Məmmədyarov: “Karlsenin oyununa baxdığım üçün Teymura uduzdum” - MÜSAHİBƏ

23 İyn, 2022
17:12
2196

Şəhriyar Məmmədyarov: “Karlsenin oyununa baxdığım üçün Teymura uduzdum” - MÜSAHİBƏ

Kişi şahmatçılardan ibarət Azərbaycan yığmasının üzvü, üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinin suallarına cavab verib.

Oxu.Az həmin müsahibəni təqdim edir:

– Ötən ay çoxlu sayda turnirdə iştirak etdiniz. Ümumilikdə nəticədən razı qaldınızmı?

– Turnirlərdə çıxışım istədiyim kimi alınmadı. Son yarış – Norveçdəki turnir uğurlu oldu. Ona qədər “Grand Chess Tour” silsiləsindən olan turnirlərdə istədiyim kimi çıxış edə bilmədim. Buna səbəb ardıcıl çoxlu yarışda iştirak etməyim və ya hazırlığa lazımi vaxtı ayıra bilməməyimdir.

– Sıx təqvimdə mübarizə aparmaq nə qədər çətindir?

– Stavanqerdəki “Norway Chess” turniri göstərdi ki, hər şey yaxşıdır. Ardıcıl turnirlərə görə yorğunluq özünü göstərir. Amma xoş hisslərdir. Şahmat oynamaq mənə hər zaman xoş olur. Stavanqerdəki yarış və ya digər nüfuzlu turnirlərdə iştirak etmək dünya şahmatının bir parçası olmaq deməkdir. Güclü rəqiblərlə qarşılaşmaq hər zaman maraqlı olur.

– Norveçdəki turnirdə son turda Azərbaycanın iki güclü şahmatçısı üz-üzə gəldi. Teymur Rəcəbova qarşı partiya barədə fikirləriniz maraqlıdır?

– Uzun illər millidə qələbə uğrunda birgə mübarizə aparırıq. Amma bəzi anlar olur ki, orada dostluq unudulur. Son turda məğlubiyyət kimi qələbə da ola bilərdi, heç-heçə ilə yekunlaşma ehtimalı var idi. Əksəriyyət Teymurla daha çox heç-heçələri xatırlayır. Unutmaq olmaz ki, bir-birimizi çox yaxşı tanıyırıq.

Bu yarışda son tur mənim üçün çox önəmli idi. Güzəştsiz mübarizə izlədik. Fikrimcə, gözəl oyun oldu. Düzünü desəm, qələbəyə çox yaxın idim, sadəcə o biri oyunlara çox baxdığıma görə problem yaşadım. Maqnus Karlsen, Vişvanatan Anandın oyunlarına diqqət edirdim. Xüsusi olaraq Maqnusun partiyasına baxırdım. Bu hal öz oyunuma maneə oldu. Tam olaraq öz oyunuma diqqət etsəydim, qalib gəlməyə böyük şansım var idi. Təəssüflər olsun ki, qalib gələ bilmədim. Stavanqer turnirində birinci olmaq mənim arzum idi. Amma alınmadı.

– Nə vaxtsa düşünərdiniz ki, nüfuzlu turnirdə məhz Teymurla partiyadakı nəticəyə görə yarışın qalibi ola bilməyəcəksiniz?

– Teymur dünyanın ən yaxşı şahmatçılarından biridir. Ona qalib gəlmək çox çətindir. Ümumiyyətlə Stavanqerdə zəif rəqib yox idi. Norveçdə güclü şahmatçılar üzərində qələbə qazanmağı bacardım. Son tura qədər çempion olmaq şansını saxlayırdım. Təsəvvür edin, son turda Maqnus qalib gəlməzdən 15 dəqiqə əvvəl hamı mənim birinci olacağımı düşünürdü. Çünki qalib gəlmək şanslarım yüksək idi. Əlbəttə, son turda qalib gəlməməyim pis oldu. İndi düşünürəm ki, mənim üçün son turda başqa rəqib olsaydı, daha yaxşı olardı.

– İddiaçılar Turnirində çıxış edən Teymur Rəcəbovun şanslarını necə dəyərləndirirsiniz?

– İddiaçılar Turniri çox çətin yarışdır. Bu turnirdə mübarizə aparmaq asan ola bilməz. Əksəriyyət gəncdir, üstəlik uzun müddət bu yarışa xüsusi hazırlıq keçiblər. Teymur İddiaçılar Turnirindən əvvəl Norveçdə oynadı. Təəssüf olsun ki, yarış Rəcəbovun yaxşı formada olmadığını göstərdi. Ona görə çox çətin mübarizə olacaq. Ümid edirəm ki, çətin sınaqdan yaxşı çıxacaq.

– İyulda Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcəksiniz. Olimpiadanı millinin il ərzində ən vacib yarışı adlandırmaq olar?

– Əlbəttə, ən mühüm yarışlardan biridir. Ümumdünya Şahmat Olimpiadası şahmatçılarımızın ən zəif yeridir. Çünki bu yarışda heç vaxt medal qazanmaq qismət olmayıb. Hər dəfə biz Olimpiadaya medal ümidi ilə yollanırıq. Hindistana uzun yol qət edəcəyik, ardıcıl yüksək oyun nümayiş etdirmək tələb olunur. Özümüzə inanırıq. Əlimizdən gələni edəcəyik. Federasiyamızın yeni rəhbərliyi hər bir şahmatçı ilə maraqlanır, hamıya kömək etməyə çalışır. Federasiya uğur qazanmaq üçün bütün şəraiti yaradıb. Ümidləri doğrultmaq üçün bütün turlarda sona qədər mübarizə aparacayıq.

– Tarixi Şuşa şəhərində şahmat üzrə beynəlxalq turnir keçiriləcək. Şuşa turnirində iştirak edəcəksiniz?

– Şuşa turniri barədə oxuyanda çox həyəcanlandım. Azərbaycanda Bakıdan kənarda böyük şahmat turnirlərində iştirak etmişəm. Amma Şuşanın adı gələndə qeyri-adi hisslər yaşadım. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa arzulayıram. Şuşada turnirin olacağını oxumaq qürurvericidir. Azərbaycan şahmatçıları Şuşa turnirində böyük həvəslə iştirak edəcək. Ümid edirəm ki, Şuşa turniri bu il başlayacaq və hər il ənənəvi olaraq təşkil olunacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri