Avq
2022
13:33
249
20
1856
Virtual karabakh

Şahin Diniyev: “Çerçesovun Qurban Qurbanov qarşısında heç bir üstünlüyü yoxdur” - MÜSAHİBƏ + FOTO

9 Avq, 2022
13:33
1856

Şahin Diniyev: “Çerçesovun Qurban Qurbanov qarşısında heç bir üstünlüyü yoxdur” - MÜSAHİBƏ + FOTO

Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev avrokuboklardakı iştirakçılarımız “Qarabağ” və “Neftçi”nin çıxışına qiymət verib. 

Sports.az saytına müsahibə verən 56 yaşlı mütəxəssis vaxtilə çalışdırdığı “Qarabağ”ın Çempionlar Liqasında “Ferentsvaroş”la, formasını geyindiyi “Neftçi”nin Konfrans Liqasında “Rapid”lə duellərdə şanslarını dəyərləndirib. 

Diniyev ilk turu geridə qalan Azərbaycan Premyer Liqası ilə bağlı gözləntilərini də bölüşüb. 

- Bu axşam “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində “Ferentsvaroş”la cavab oyununa çıxacaq. Komandalar arasındakı ilk dueldən (1:1) sonra təəssüratınız necədir? 

- “Ferentsvaroş” sıradan bir rəqib deyil, Bakıdakı qarşılaşma da göstərdi ki, nəticəyə oynayan komandadır. Elə bundan əvvəlki “Slovan”la oyunları da yada salmaq olar. İlk görüşdə uduzsalar da, cavab matçında darmadağınla qalib gəldilər. Yüksək səviyyəli futbolçulardan ibarət, yaxşı təşkilatlanmış komandadır. Hər biri oyunun taleyini həll etmək gücündədir. Bakıdakı görüş isti hava şəraitində keçdi. Bu səbəbdən nə “Qarabağ”, nə də “Ferentsvaroş” öz oyunlarını göstərə bilmədi. Buna görə də ilk qarşılaşmadan sonra komandalara qiymət vermək düzgün deyil. 42-43 dərəcə istidə ayaq üstə durmaları belə, futbolçular üçün qəhrəmanlıqdır. 

- Budapeştdəki matçdan nə gözləyirsiniz? 

- “Qarabağ” bizi həmişə yaxşı mənada təəccübləndirib. Bəzən şanslar aşağı olduğu, tərəddüd etdiyimiz vaxt bu komanda oyunu ilə vəziyyəti dəyişməyi bacarıb. “Ferentsvaroş” bu mərhələnin ən çətin rəqibidir. Amma “Qarabağ” da səfərdə yaxşı oynayan komandadır. Üstəlik rəqib evdə hücuma atılır və boşluqlar verir. “Qarabağ” bu boşluqlardan daha yaxşı istifadə edir. İndividual cəhətdən güclü futbolçularımız çoxdur. Abdullah Zubir, Kadi Borges, İbrahima Vadji və Filip Ozobiçlə yanaşı, son vaxtlar Marko Veşoviç çox xoşuma gəlir. Loru dildə desək, müdafiədən hücuma qədər sağ cinahı “şumlayır”.

“Qarabağ”ın potensialı var, mövsümün ilk görüşləri göstərdi ki, fiziki gücü də rəqibi üstələməyə çatar. Bizi maraqlı mübarizə gözləyir. İndidən heç kim nə “Qarabağ”ı, nə də “Ferentsvaroş”u qalib saya bilməz. Komandalar arasında səviyyə də bərabərdir, şanslar da. İlk qarşılaşmanın nəticəsi də bunu deyir. 

- Heyətdəki ciddi problemlərə görə əksəriyyət düşünürdü ki, “Qarabağ” Bakıda uduzmasa, səfərdə qalib gələcək. Siz bu məsələyə necə yanaşırdınız? 

- Mən belə düşünmürəm. Bakıda Kevin Medina və Maksim Medvedevi əvəz edən Bəhlul Mustafazadə ilə Bədavi Hüseynov səhvsiz, ideal oynadılar. Kadi Borgesin yerinə meydana çıxan Kvabena Ovusu isə qol vurmaqla oyunun taleyini həll etdi.

Onlar komandada itkilər olduğunu hiss etdirmədilər. Medina, Maksim, Kadi oynasaydılar, bəlkə də, vəziyyət yaxşı və ya pisə doğru dəyişərdi.

Ancaq heyət baxımından bir fərq görünmədi. Bəlkə, Kadi Ovusudan pis oynayacaqdı. Bəlkələr çoxdur. Baş məşqçinin rotasiya edə bilmək üçün imkanının olması yaxşı haldır. Eyni vaxtda həm çempionatda, həm də avrokuboklarda çıxış etmək çox çətindir. Çempionat da hələ başlamamışdı və bəzi futbolçuların oyun praktikası yox idi. Başda mən olmaqla çoxu bu oyunçuların itkilərin yerini dolduracağını gözləmirdi. Ancaq əksinə oldu, layiqincə əvəz elədilər. Digər tərəfdən “Sürix” və “Lex” problemlər içində idi, baş məşqçiləri dəyişmişdi. “Ferentsvaroş” isə oturuşmuş komandadır. Bu cütlükdə şansları yarı-yarıya görürəm. 

- “Qarabağ” rəqibini nəyin hesabına üstələyə bilər? 

- “Ferentsvaroş”un hücum xətti çox güclüdür. Bu gün müdafiəçilərimiz daha etibarlı və ehtiyatlı oynamalıdırlar. Rəqibin heyətində təkbətək mübarizələrdən qalib çıxacaq oyunçular var. Buna görə də səfərdə kompakt şəkildə müdafiə olunmaq lazımdır. Əslində, ilk matça əsasən rəqibi tam analiz eləmək olmur. Hava şəraitinə görə hər iki komanda öz oyununu göstərə bilmədi. 

Oyun sistemi yox, amma futbolçular vizual olaraq hər iki komandada oxşardır. Hücumda rəngarəng çıxış etmək istəyirlər. “Ferentsvaroş”un da, “Qarabağ”ın da müdafiəsində boşluqlar olacaq. Önəmlisi bundan kimin necə istifadə etməsidir. “Qarabağ” səfərdə yaxşı oynayan komandadır. Boşluqlar veriləndə ön xətdəki oyunçuların hesabına bundan maksimum yararlanır. “Ferentsvaroş”un müdafiədə nə dərəcədə etibarlı, sabit oynaması da mühümdür. Üstəlik, təcrübəli komandadır, hansı matçı necə keçirmək lazım olduğunu bilirlər. Yüksək keyfiyyətli oyunçuları var, istənilən görüşün taleyini həll etmək iqtidarındadırlar. İlk dueldə isti ucbatından hər iki komanda potensialını göstərə bilmədiyi üçün dərin təhlil etmək çətindir. Avstriyada isə hava yaxşıdır. 

- Rusiya futbol ictimaiyyəti günlərdir bu cütlüyün matçlarına köklənmişdi. Hətta belə fikir bildirirdilər ki, Stanislav Çerçesov oradadırsa, “Ferentsvaroş” cütün favoritidir... 

- Bunun kökündə duran səbəb başqadır. FIFA və UEFA bu il Rusiya klublarına sanksiya qoyub. Rusiyanın Avropada futbolçusu da qalmayıb. Bir Aleksandr Kokorin var idi, onu da deyəsən, “Fiorentina”dan çıxarıblar. Yəni Rusiyanın xaricdə qalan yeganə təmsilçisi Çerçesovdur. Hamı Avropadan danışanda ruslar kimin adını çəkməlidirlər? Onlar da Çerçesovdan danışırlar. “Spartak”, “Zenit”, MOİK avrokuboklarda oynasaydı, Çerçesova heç diqqət olmayacaqdı. “Ferentsvaroş” isə Sergey Rebrovun vaxtında da yüksək səviyyədə çıxış edirdi, Çempionlar Liqasının qrupunda oynayırdı. Köklü klubdur, məşqçinin kimliyindən asılı olmayaraq həmişə gözəl futbol göstərib. Bu gün “Qarabağ” sınağından çətinliklə çıxa bilirsə, bu, böyük bir şey deyil. Yəni, Stanislav Çerçesovun “Qarabağ”dakı həmkarı Qurban Qurbanov qarşısında heç bir üstünlüyü yoxdur. Büdcə, maliyyə “Qarabağ”dan daha yaxşı ola bilər. Amma oyun baxımından heç bir fərq yoxdur. 

- “Neftçi” Konfrans Liqasında istər “Aris”lə oyunlarda, istərsə də “Rapid”lə ilk matçda hər kəsi fərqli formada təəccübləndirdi. Bu ziqzaqlı çıxışı nə ilə əlaqələndirmək olar? 

- “Neftçi”, həqiqətən də, “Aris”lə Kiprdəki ilk oyunda hamını karıxdırdı. Komanda özünə oxşamırdı. Hətta ən pis vaxtlarında belə, bu cür pis oynamamışdı. Ancaq bir həftə ərzində komanda tam dəyişdi və döyüşdü. Nə “Aris”, nə də “Rapid” üzərində qələbə təsadüfi idi. Təəssüf ki, son saniyələrdə lazımsız qol yedik, 2:0 hesablı qələbədən sonra səfərdə daha rahat oynamaq olardı. Orada bir top buraxsan belə, təlaş keçirmirsən, səbirlə oynayırsan. Ancaq indiki üstünlük nisbidir. Bir top buraxan kimi nəsə eləməlisən. İstənilən halda bu üstünlüyü səfərdə saxlamağa çalışmaq lazımdır.

Bəlkə də, “Rapid” “Neftçi”ni ciddi qəbul eləmirdi, fikirləşirdi ki, Azərbaycan klubudur da. “Aris”in Bakıdakı cavab matçında da qol vəziyyətləri olmuşdu. “Rapid” “ayılanda” hesab artıq 2:0 idi və qonaqlar sürəti artırmağa başladılar. Oyunun sonları Avstriya klubunun tam üstünlüyü ilə keçdi. “Rapid”in qolu da gözlənilən idi. Görüşün sonlarında bir neçə şansı qaçırmışdılar. 

Ancaq “Neftçi” hazırda yaxşı mənada hamını təəccübləndirir. Futbolçuların taktiki baxımdan düzülüşü, özünəinamı, komandanın sistemi bizi sevindirir. İstənilən komandaya qiymət vermək üçün iki-üç oyun çox azdır. Cavab qarşılaşmasında da “Neftçi”yə böyük ümid var. Ancaq çox çətin olacaq. “Rapid” doğma azarkeşləri önündə revanşı almaq üçün hər şeyə əl atacaq. Sürətli futbol göstərəcəklər, pressinq edəcəklər. 

- “Rapid”də hansı boşluqlar sezdiniz ki, “Neftçi” Avstriyada bunlardan istifadə eləməlidir? 

- Bakıdakı ilk oyuna əsasən ümumi fikir bildirmək olar. Amma bir neçə matçdan sonra fərqli mənzərə ilə qarşılaşa bilərik. “Rapid” Bakıda müdafiədən hücuma keçməkdə çətinlik çəkirdi. Daha çox qısa ötürmələr hesabına müdafiədən çıxırdılar. Buraxdıqları ikinci qolda da müdafiədən hücuma keçərkən böyük səhv etdilər. Rəqib müdafiədə kompakt deyil və boşluqlar verir. Bu amillər səfərdə əks-hücumlar zamanı “Neftçi”yə kömək edəcək. Təmsilçimizdə də bundan yararlanacaq futbolçular var. Yusuf Laval, Kenni Sayef, Emin Mahmudov çox texnikalıdırlar, Qodsvey Donyo yaxşı sürətə malikdir.

“Rapid” hücumda tələsəcək, çünki onlara qol lazımdır. Avstriya təmsilçisinin bir çox futbolçusu təcrübəsiz gənclərdir. Oyunun taleyini həll etmək onlar üçün çətin olacaq. Tələsik irəli atıldıqları zaman arxada boşluqlar buraxacaqlar. 

- “Neftçi” Premyer Liqanın açılış turunda “Şamaxı” önünə ehtiyat qüvvə ilə çıxdı və 1:0 hesablı qələbə qazandı. Sizcə, “flaqman”ın ehtiyat oyunçular skamyası yetərincə yaxşıdır? 

- Gəlin özümüzü aldatmayaq. “Qarabağ”ın iki güclü heyəti var. Onların ikinci heyəti “Neftçi”, “Zirə”, “Sabah”la, “Qəbələ” ilə rahat oynayıb qalib gələ bilər. Ancaq “Neftçi”nin ehtiyat qüvvəsi “Şamaxı” kimi gənc komanda ilə bərabər səviyyədə oynadı, heç bir üstünlüyü yox idi. Həmin heyət “Zirə”, “Sabah” və ya “Qarabağ”la oynaya bilməz. Sonradan üç futbolçunun meydana girməsi “Neftçi”nin oyununa keyfiyyət və bundan doğan qol, qələbə gətirdi. Nə qədər vuruşsan da, keyfiyyət olmadıqda çətinlik çəkirsən. Bu mənada “Neftçi”nin ehtiyat qüvvəsi “bişməyib”. Ancaq ağdamlıların hər iki heyəti arasında elə bir fərq yoxdur. “Qarabağ”ın hətta ikinci heyəti də çempionluğa oynayar. 

- Premyer Liqada artıq ilk tur keçirildi. Ümumi mənzərə necədir? 

- Nəsə demək çox çətindir. Mövsümün əvvəlidir, kimsə yaxşı məşq prosesindən gəlib, kimsə hələ uyğunlaşmayıb, kimdəsə yeni oyunçular hələ tam oturuşmayıb. Məsələn, “Şamaxı” bütün komandalarla mübarizə apara biləcəkmi? Və ya “Kəpəz” “Zirə”yə qarşı göstərdiyi oyunu digərlərinə qarşı da təkrarlaya biləcəkmi? Bunun üçün vaxt lazımdır, beş-altı turdan sonra komandalara tam ciddiliyi ilə qiymət vermək və kimin hansı yer uğrunda oynayacağını bilmək olar. 

- Bu mövsüm “Qarabağ”a çempionluq uğrunda mübarizədə kimsə rəqib ola biləcəkmi? 

- Bir şeyi dəqiq bilirəm ki, “Qarabağ” ötən mövsümdəki kimi rahat çempion ola bilməyəcək. “Qarabağ” çempion olacaq, çünki heyət baxımından bütün komandaları üstələyir. Ancaq oyunlar onlar üçün asan keçməyəcək. “Sabah”ın qalib gəldiyi “Sumqayıt”ın da heyəti hələ oturuşmayıb. “Sumqayıt” həmin görüşdə qol vəziyyətindən istifadə etsəydi və ya birinci hissənin sonlarında qol buraxmasaydı, tamam başqa cür ola bilərdi.

Yay transferlərindən sonra “Sabah” və “Neftçi” “Qarabağ”a başağrısı olacaq. “Qəbələ”də də pis oyunçular yığışmayıb. Həmçinin “Zirə” Təl-Əviv “Makkabi”si ilə cavab görüşündə göstərdi ki, oynaya bilər. Sadaladığım komandalar “Qarabağ”a çətinliklər törədəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri