Avq
2022
14:21
159
10
1955
Virtual karabakh

Bakıya gələn Arveladze oğlunun “Neftçi”yə transferi barədə: “Danışmaq yox, oynamaq lazımdır” - MÜSAHİBƏ

9 Avq, 2022
14:21
1955

Bakıya gələn Arveladze oğlunun “Neftçi”yə transferi barədə: “Danışmaq yox, oynamaq lazımdır” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi”nin yeni transferi Vato Arveladzenin məşhur əkizlər - Şota və Arçilin böyük qardaşı Revazın oğlu olmasından xəbərdarsınız.

Elə Bakıya müqavilə bağlamağa da tək yox, atası ilə gəlib.

Arveladzelər nəinki Gürcüstanda və Qafqazda, bütün postsovet məkanında, hətta Avropada tanınmış futbol ailəsidir. Bu ailənin böyüyü Revazdır. O, 1994-cü ildə Almaniyada keçirilən turnirdə parlaq oyunu ilə yerli menecerlərin diqqətini çəkərək Bundesliqanın “Köln” klubuna transfer olunub. Daha sonra Almaniyada və Gürcüstanda bir neçə klubda, Belçika “Mehelen”ində çıxış edib.

Karyerasını erkən bitirən böyük Arveladze 2000-ci ildə Tiflis “Dinamo”sunun tarixində klubun ən gənc məşqçisi olub. Bir il sonra isə ona Gürcüstan futbolunun flaqmanının prezidenti vəzifəsi etibar edilib.

Revaz Gürcüstan Olimpiya yığmasında da məşqçi kimi çalışıb. O, 2004-cü ildə Gürcüstan Futbol Federasiyasına vitse-prezident, 2009-cü ildə isə bu quruma baş katib seçilib.

Revaz Arveladze mətbuata danışan adam deyil, jurnalistlərdən uzaq gəzməyə çalışır.

Amma Arçilin sayəsində Revaz Arveladze Sports.az-a müsahibə verməyə razı salınıb.

Vaxtilə “Köln”, “Mehelen”, Tiflis “Dinamo”su kimi tanınmış klubların, eləcə də Gürcüstan millisinin uğurları üçün tər tökmüş məşhur soyadın daşıyıcısı oğlundan, Bakıdan, Azərbaycandan və ölkəmizdəki dostlarından danışdı.

- Yeni müqavilə münasibəti ilə Vatonu təbrik edir, uğurlar arzulayıram.

- Çox sağ olun. Dərin təşəkkürümü bildirirəm. Allahın izni ilə özü və komandası üçün düşərli olar. Hər şey özündən asılıdır.

- İki gündür Bakıdasınız. Təəssüratlarınızı eşitmək maraqlıdır.

- Bakı mənə yad şəhər deyil. İldə 1-2 dəfə gəlib-gedirəm. Necə deyərlər, bir ayağım buradadır. Hər dəfə gələndə yeni nəyəsə təəccüblənirəm. Şəhər gündən-günə dəyişir, gözəlləşir. Restoranlar, binalar, yollar, körpülər, stadionlar, idman kompleksləri – hər biri adamın gözlərini qamaşdırır.

- Turist kimi gəlib-gedirsiniz, yoxsa şəxsi işləriniz olur?

- AFFA rəsmiləri ilə münasibətim var. Mən Gürcüstan Futbol Federasiyasında işləyəndə daim əlaqədə olmuşuq. Ona görə də mötəbər tədbirlər zamanı gəlirəm. Bir neçə il əvvəl Maykl Essyen, İrji Dudek, Deku kimi ulduzlar Bakıya təşrif buyuranda mən də buradaydım. Daha sonra AÇ-2020-nin Danimarka-Çexiya qarşılaşmasını izləmək üçün böyük oğlum və qardaşlarımla gəlmişdik. 

- Şota Arveladze də?

- Əlbəttə. 2012-ci ildə gəlmişdi. Mən, Şota və Şotanın yaxın dostu Ronald de Bur həmin il Bakıda təşkil olunan qızlar arasındakı dünya çempionatı üçün buradaydıq. Sonrakı illərdə də gəlib. 

- Vato birinci dəfədir Bakıdadır?

- Uşaq yaşlarında gəlmişdi, bəlkə də yadında qalmayıb. Bir də 2019-cu ildə 21 yaşa qədər futbolçular arasında Avropa çempionatının seçmə mərhələ oyunu vaxtı idi. “Dalğa Arena”da Gürcüstanın Azərbaycanı 3:0 hesabı ilə məğlub etdiyi oyunda hesabı Vato açmışdı. 
Bakı mənə doğma şəhərdir və burada olmağı sevirəm. 

- Vato nə deyir? Uyğunlaşa bilir?

- Gələndən qaçhaqaçdayıq (gülür). Gələn gün tibbi baxışa getdik, qayıdıb “Şamaxı” - “Neftçi” oyununa baxdıq, sonra da fotosessiya. Bu gün (söhbət dünən olub – red.) də müqavilə bağladıq, sonra məşqə yollandı. Hələ tam gəzmək imkanı olmayıb. Amma Bakı elə şəhərdir ki, bura uyğunlaşmamaq, buranı sevməmək mümkün deyil. Komandadakı ab-hava çox xoşuna gəlib, sağ olsunlar, isti qarşılayıblar. Hə, klubun təlim-məşq bazasındakı meydanları çox təriflədi. Düzdür, tikinti işləri hələ tam başa çatmayıb. Amma qazon və genişlik çox yaxşıdır. 

- Oğlunuzla qalacaqsınız Bakıda? 

- Yox-yox, mən müvəqqəti gəlmişəm, Gürcüstana qayıdacağam. Bir neçə günlük buradayam. Ev tapandan, avtomobil məsələsini həll edəndən sonra qayıdacağam. Vato burada ailəsi ilə qalacaq. 

- Sualıma ata kimi yox, futbol mütəxəssisi kimi cavab verməyinizi xahiş edirəm. 

- Buyurun. 

- Siz və əmiləri Vatonu Arveladzelər nəslinin layiqli nümayəndəsi hesab edirsiniz? 

- Vato artıq hazır futbolçudur. Gürcüstanın əsas millisində debüt edib, qol vurub. Polşanın və Türkiyənin yüksək liqalarında oynayıb. Türkiyədə 30-dan çox oyunda meydana çıxıb. Məncə, layiqli davamçımız olmağa doğru inamla addımlayır. Biz ondan daha artığını gözləyir və bizdən də yaxşı futbolçu olmasını arzulayırıq. 

- Üstün cəhətləri nədir? 

- Hücumda effektlidir, hər iki ayaqla güclü və dəqiq zərbələri var, iti ötürmələr verir, standart vəziyyətləri uğurla yerinə yetirir. Fiziki cəhətdən hazırlıqlı olması da əsas üstünlüyüdür. 

- Mütləq ki, mənfi tərəfləri də var... 

- Nəinki futbolda, həyatda belə mənfi cəhəti olmayan adam yoxdur. Əlbəttə, var. İstənilən halda Arveladzedir və buna görə də daha çox hücum etməyi sevir. 

- Müxtəlif mövqelərdə çıxış etmək bacarığı var. Hansında özünü daha rahat hiss edir? 

- Bu, daha çox oyun sistemindən asılıdır. Məsələn, 4-4-2-də ikinci hücumçu kimi “10 nömrə” funksiyasını yaxşı yerinə yetirir. 4-3-3-də komanda bir dayaq yarımmüdafiəçisi ilə oynayırsa, hücumameyilli mərkəz yarımmüdafiəçisi kimi effektli olur.

Hücumameyilli yarımmüdafiəçidir, amma bir çox hallarda məşqçilər ona mərkəz hücumçusu kimi şans verib. Millilərdə də bu mövqedə çıxış edib. Məşqçi harada güvənirsə, orada da oynamalıdır. Amma futbol dili ilə danışsaq, hücumameyilli “8”, ya da “10 nömrə”dir.

- “Neftçi”də ona rahat olacaq. Çünki komandada təcrübəli həmyerlisi Salomon Kvirkveliya var.

- Bizim nəsildə ünsiyyət baxımından problem yoxdur. Hamı deyib-güləndir, Vato da həmçinin. Uşaq deyil, hansı kluba gəldiyinin yaxşı bilir, məsuliyyəti dərk edir. Parlaması, adından söz etdirməsi üçün burada hər cür şərait var. Qalanı özündən asılıdır. Danışmaq yox, oynamaq lazımdır. Uyğunlaşması əsasən yaşıl meydana olsun, qalan şeylərdə problem olmayacaq.

- Azərbaycanda dost-tanışlarınız mütləq ki, çoxdur.

- Əlbəttə. Keçmiş futbolçular, AFFA-da çalışanlar, Gürcüstanın Azərbaycandakı səfirliyinin keçmiş və indiki işçiləri. Azərbaycanda mötəbər tədbirlər olanda səfirlikdən, assosiasiyadan dəvət edirlər. Bakıda gəzmək, yaşamaq, müasir hotellərdə gecələmək, milli yeməklərdən dadmaq ləzzət edir. İnsanların dostluq və qonaqpərvərliyi isə ayrı bir mövzudur. Həyatda görmək istədiyim hər şey burada var.

- Kimlərlə şəxsən tanışsınız?

- İsgəndər Cavadovu yaxşı tanıyıram. Düzdür, yaşda məndən böyükdür. Mən futbola başlayanda onlar artıq SSRİ-nin məşhur futbolçuları hesab olunurdu. AFFA-nın sabiq baş katibi Elxan Məmmədovla da yaxın dostuq. Azərbaycan futbolu üçün böyük işlər gördüyünü düşünürəm. Bu qədər yarışların Azərbaycanda keçirilməsi sıradan iş deyil. Yeri gəlmişkən, FİFA-dakı yeni vəzifəsi münasibəti ilə Məmmədovu təbrik edir, uğurlar arzulayıram!

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri