13 
Avq
2022
19:33
393
31
3058
Virtual karabakh

Azərbaycanın kişi voleybol millisi İslamiadada yarımfinala yüksəlib - YENİLƏNİB + FOTO

13 Avq, 2022
19:33
3058

Azərbaycanın kişi voleybol millisi İslamiadada yarımfinala yüksəlib - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Voleybol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qrup mərhələsinin son oyununa çıxıb.

“Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, rəqib Mərakeş yığması olub. Gərgin mübarizə şəraitində keçən qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb - 3:1.

Qarşılaşmanın ilk setindən 25:20 hesabı ilə ayrılan Pərviz Səmədovun baş məşqçi olduğu kollektiv növbəti seti məğlub tərk edib - 22:25. Gərgin mübarizə şəraitində keçən üçüncü setdə Azərbaycan millisi 28:26 hesabı ilə üstün olub. Dördüncü setdə isə Mərakeş yığması daha açıq fərqlə yenilib - 19:25.

Beləliklə, qrupu 6 xalla 2-ci pillədə tamamlayan Azərbaycan millisi 7 xalla qrup lideri olan Kamerunla birlikdə yarımfinala yüksəlib.

Qeyd edək ki, Azərbaycan millisi əvvəlki görüşlərində Sudana 3:0 hesabı ilə qalib gəlib və eyni hesabla Kameruna uduzub. Mərakeş isə Sudanı 3:0, Kamerunu 3:2 hesabı ilə yenib. Daha bir qarşılaşmada Kamerun Sudanı məğlub edib - 3:0.

18:02

Basketbolun 3x3 növü üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında mübarizəyə start verib.

“Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Amil Həmzəyev, Zaur Paşayev, Orxan Aydın və Endar Poladxanlıdan ibarət yığma C qrupunun ilk turunda Mali seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan yığmasının 18:15 hesablı qələbəsi ilə yekunlaşıb.

Komanda bu gün Bakı vaxtı ilə saat 22:00-da Türkiyə ilə görüşəcək.

15:37

Həndbolçu qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

“Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Selçuklu Beynəlxalq İdman və Konqres Mərkəzində təşkil olunmuş yarımfinal görüşündə rəqib Özbəkistan millisi olub.

Matçın ilk yarısı Azərbaycan millisinin üstünlüyü ilə tamamlanıb - 19:13. Fasilədən sonra da üstünlüyünü əldən verməyən Slavişa Ristiçeviçin baş məşqçi olduğu kollektiv sonda meydanı böyükhesablı qələbə ilə tərk edib - 40:27.

İkinci hissədə Özbəkistan yığmasının həndbolçularından biri komanda yoldaşı ilə toqquşma nəticəsində üz nahiyəsindən ağır zədə alıb. Həkimlər ilkin tibbi müayinə göstərdikdən sonra onu meydandan xərəklə çıxararaq, təcili yardım maşını ilə xəstəxanaya aparıblar.

Qeyd edək ki, Azərbaycan millisi finalda Türkiyə ilə qarşılaşacaq. Təşkilatçı ölkə yığması yarımfinalda Kameruna qalib gəlib - 34:23.

Həmçinin islamiadada aerobika gimnastikası üzrə təsnifat mərhələsi başa çatıb.

“Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan yığmasının üzvləri Vladimir Dolmatov (təsnifat mərhələsi 1-ci yer) və Mədinə Mustafayeva (təsnifat mərhələsi 2-ci yer) fərdi proqram ilə yanaşı, qarışıq cütlük (təsnifat mərhələsi 2-ci yer) kateqoriyasında final mərhələsinə vəsiqə qazanıblar.

Mustafayeva, Dolmatov və Xoşqədəm Quliyeva üçlük proqramında (təsnifat mərhələsi 2-ci yer) da finala adlayıblar.

Qeyd edək ki, final mərhələsi avqustun 14-də olacaq.

09:36

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 9-cu günə start veriləcək.

“Report”un məlumatına görə, bu gün Azərbaycan təmsilçiləri 10 idman növündə qüvvəsini sınayacaq.

Ağırlıqqaldırma (kişilər)
A qrupu
11:30. Paşa İbrahimli (73 kq)
B qrupu
13:00. Füqan Əliyev (81 kq)

Güləş (yunan-Roma və qadın güləşi)
Təsnifat - 12:30. Finallar - 18:30.
Yunan-Roma güləşi: Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Məhəmməd Əhmədiyev (87 kq), Sabah Şəriəti (130 kq)
Qadın güləşi: Jalə Əliyeva (57 kq)

Həndbol (qadınlar)
yarımfinal
14:00. Azərbaycan - Özbəkistan

Voleybol (kişilər)
B qrupu
17:00. Azərbaycan - Mərakeş

Basketbol 3x3 (kişilər)
C qrupu
17:20. Mali - Azərbaycan
22:00. Azərbaycan - Türkiyə

Bədii gimnastika
Fərdi və komanda sıralama, təsnifat və finallar
15:00. Zöhrə Ağamirova, İlona Zeynalova, Alina Gözəlova və Azərbaycanın qrup hərəkətlərindən ibarət komandası

Aerobika gimnastikası
Kişilər və qadınlar
11:00. Vladimir Dolmatov, Mədinə Mustafayeva və Xoşqədəm Quliyeva

Para-oxatma (qadınlar)
15:00. Azadə Abdullayeva

Velosiped
10:00. Kişilər və qadınlar
Qadınlar, 100 km: Viktoriya Sidorenko və Lalə Əbdürəhmanova
Kişilər, 130 km: Elçin Əsədov, Musa Mikayılzadə, Elvin Əlizadə, Şahin Eyvazov, Nəcəf Bağırov və Əli Qurbanov

Üzgüçülük
Təsnifat - saat 11:00, yarımfinallar və finallar - 18:00
100 m. batterflay, kişilər: Ramil Vəlizadə
50 m. brass, qadınlar: Ayan Kələntərova
50 m. brass, kişilər: Vəli İsrafilov
200 m. individual qarışıq, qadınlar: Ayan Kələntərova
4x100 m. sərbəst, kişilər: Rəşad Alquliyev, Vəli İsrafilov, Əbdürrəhman Rüstəmov, Nihat Yusubov
800 m. sərbəst, qadınlar: Aysel Səfərova

Qeyd edək ki, ilk səkkiz günün nəticəsinə əsasən, Azərbaycan yeddi qızıl, 12 gümüş və 14 bürünc medal qazanıb. Ölkə medal sıralamasında bu nəticə ilə Türkiyə, İran, Özbəkistan və Qazaxıstandan sonra 5-ci yerdədir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri