18 
Avq
2022
12:50
285
16
3221
Virtual karabakh

“Yarışa girəndə deyirlər, Azərbaycan idmanının “xüsusi təyinatlıları” gəldilər” - Rafiq Hüseynovla MÜSAHİBƏ

18 Avq, 2022
12:50
3221

“Yarışa girəndə deyirlər, Azərbaycan idmanının “xüsusi təyinatlıları” gəldilər” - Rafiq Hüseynovla MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları başa çatır. Yarışda ölkəmizə qızıl medal qazandıranlardan biri də Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynovdur. İdmançı avqustun 12-də baş tutan final mərhələsində qırğızıstanlı rəqibi Kalidin Asikeyevi 6:3 hesabıyla məğlub edib.

Oxu.Az İslamiada qalibi ilə həmsöhbət olub.

- İlk olaraq İslamiada haqqında təəssüratlarınızı bizimlə bölüşməyinizi istərdik.

- İkinci dəfədir ki, İslamiadada iştirak edirəm. Birincidə çempion ola bilmədiyimə görə ikincidən razı qaldım. İslam Oyunlarında qalib olmaq arzum idi. Şükürlər olsun ki, bu dəfə qızıl medal qazanmağı bacardım. Onu qazanmaq, doğrudan da, asan deyil, xüsusilə də güləş idman növündə. Bu mənim karyeramda ən yüksək nəticəli yarışlardan biri oldu.

- Güləşçilərə göstərilən münasibəti necə qiymətləndirirsiniz?

- Güləş bizim ata idman növüdür. Xalq arasında güləşçilər həmişə yarışlara gələndə deyilir ki, Azərbaycan idmanının “xüsusi təyinatlıları” gəldilər. Ona görə də dövlət tərəfindən bizə xüsusi diqqət göstərilir. Federasiya da maddi-texniki bazadan tutmuş mükafatlara qədər hər şeyi bizim üçün təşkil edir. Vitamin təminatı, qidalanma, hotel və təlim-məşq toplanışlarının hamısını federasiya həyata keçirir. Bu da bir daha sübut edir ki, güləşçilərə münasibət yüksək səviyyədədir.

- Prezident və Birinci vitse-prezidentin güləşçilərlə görüşü haqqında nə deyə bilərsiniz?

- Elə alındı ki, güləşçilər tərəfindən görüşdə iştirak etmək mənə həvalə olundu. Azərbaycanın İslamiadadakı komandasının idmançıları adından mən çıxış etdim. Bu bizə münasibətin, dövlət dəstəyinin hansı şəkildə olduğunun bariz nümunəsidir. Görüş bizim üçün əlavə ruh yüksəkliyi idi. Bizi daha məsuliyyətli olmağa sövq etdi. Əlavə məsuliyyətli olanda isə yarışlar daha uğurlu alınır.

- Rəqiblərinizdən hansısa sizi çətinə saldımı?

- Yarımfinal görüşü çox çətin idi. Çünki uşaq vaxtlarından tanıdığım türkiyəli idmançı ilə yarışırdım. İyirmi ilə yaxındır ki, bir-birimizlə mübarizə aparırıq və bir-birimizi çox yaxşı tanıyırıq, ona görə də ən çətin görüşüm onunla oldu.

- Bundan əvvəl dünya çempionatının qalibi olmusunuz. Bu iki yarışdakı əsas fərq nədən ibarət idi?

- Dünya çempionatı bu yarışlardan bir qədər fərqli, daha çətin və ağır olur. Dünya ölkələri qatıldığına görə rəqabət çox olur. İstəyirəm ki, növbəti dünya çempionatında da qalib olum.

- Qələbənin sizin üçün bir ənənəyə çevrildiyini deyə bilərikmi?

- Qələbənin ənənəsi yoxdur, çünki bu, idmandır, bəzən qalib gələ, bəzən də məğlub ola bilərsən. Qələbənin də dadı ondadır ki, həmişə qalib olmursan. Ona görə də fikirləşirəm ki, ənənə deyil, hər şey məşqçilər heyətinin bizi yaxşı hazırlaşdırmasından asılıdır.

- Yaxın dövrdə başqa bir yarış nəzərdə tutulurmu?

- Bizi iyirmi gün sonra Serbiyanın Belqrad şəhərində dünya çempionatı gözləyir. Hazırlaşırıq, orada yaxşı çıxış etməyi planlaşdırırıq.

- İdman növü olaraq güləşə yönəlmək istəyən gənclərə nə deyə bilərsiniz?

- Gənclərə sözüm odur ki, güləş bizim ata-baba idman növlərimizdən biridir, bir növ milli-mədəni irsimizdir. Ona görə də biz bu ənənəni qorumalıyıq. Hamısına güləşlə məşğul olmağı tövsiyə edirəm. Arzulayıram ki, gənclər güləşə meyilli olsunlar və bizi keçsinlər.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri