18 
Avq
2022
16:46
123
69
2725
Virtual karabakh

“Qarabağ”ın sabiq məşqçisi: “Viktoriya” “Ferentsvaroş”dan güclüdür”

18 Avq, 2022
16:46
2725

“Qarabağ”ın sabiq məşqçisi: “Viktoriya” “Ferentsvaroş”dan güclüdür”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov vaxtilə baş məşqçisi olduğu “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində Çexiya klubu “Viktoriya” ilə keçirdiyi ilk oyunu dəyərləndirib.

75 yaşlı mütəxəssis Sports.az saytına müsahibəsində Plzen təmsilçisi ilə qolsuz bərabərliyin səbəblərindən danışıb, Çexiyada qələbə qazanmaq üçün nələrə diqqət yetirilməli olduğunu bildirib.

- “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Çexiya çempionu “Viktoriya” ilə qolsuz bərabərə qaldı. Matçın bu cür keçəcəyini gözləyirdiniz?

- “Viktoriya” çox güclü rəqib olduğunu göstərdi. Ümumiyyətlə, “Qarabağ”ın beyni orta sahədir. Ora elə oyunçular yığılıblar ki, əsas işi onlar görürlər. Çexlər isə dünən yarımmüdafiəçilərin hər birini bağlamaq üçün futbolçu ayırmışdılar. Oyun ərzində bu cür müdafiəyə qarşı çıxış etmək ağırdır. Buna fiziki güc və səbir lazımdır. “Qarabağ”ın oyunçularına bu baxımdan ən çox mənfi təsir edən amil havanın isti olması idi. Belə vəziyyətdə birə-bir oynamaq ağırdır. Buna baxmayaraq, təmsilçimiz birinci hissəni əla keçirdi. Heyf ki, qol imkanlarından yararlana bilmədilər. Bir qol mütləq lazım idi ki, rəqib Çexiyada açıq oyun sərgiləsin.

- Dediyiniz həmin bir qolu vurmaq üçün nə çatmadı?

- Rəqibin qapıçısı da yaxşı idi. Amma düşünürəm ki, futbolçular son zərbələrdə tələsirdilər. 6-cı dəqiqədəki epizodda İbrahima Vadji özü zərbə vursaydı, bəlkə də, qolla yekunlaşacaqdı. Amma Marko Veşoviç onu qabaqladı, topu istədiyi kimi küncə fırlada bilmədi. Erkən qol da hər şeyi dəyişəcəkdi. İstər-istəməz “Viktoriya” topa yiyələnəndə irəli atılacaqdı. Bu da boşluqlara yol açacaqdı. İlk yarıda tam üstünlük “Qarabağ”ın tərəfində idi, hər bir futbolçu nə etmək lazım olduğunu bilirdi.

- Müasir futbolda hər futbolçudan, hətta qapıçıdan da yaradıcılıq tələb olunur. Hələ də birə-bir müdafiəçi ayırmaq keçmişdən qalan düşüncə deyil?

- Keçmişdən qalan metoddan indi istifadə edirlərsə, yaxşı haldır. İndi komandaların çoxu pressinqə üstünlük verir. Bunu keçmişdə də edirdilər. 1986-cı ildə SSRİ yığması Macarıstanı pressinq sayəsində 6:0 hesabı ilə məğlub etmişdi. Pressinq total futbolun bir növüdür. İndi ingilis klublarının hamısı pressinq edir, rəqibin qapıçısına belə, rahat oyun qurmaq imkanı vermirlər. Bu, müasir futbol deyil. Sadəcə, futbol elementləri dəyişib. İndi sürət artıb, əvəzində fərdi bacarıqlı oyunçu azalıb. Azərbaycan futbolu cinahlar və sürətli qısa ötürmələr üzərində qurulub. Həmçinin rəqibin cərimə meydançasında hücumçuya biclik lazımdır. Məsələn, dünənki matçın qol epizodları zamanı oyunçularda sakitlik olsaydı, hesabı aça bilərdik.

- “Viktoriya”nın hücum qurmaqdan çox, rəqib hücumçularını zərərsizləşdirməyə çalışması onların qorxmasından xəbər vermir?

- Qorxu deməzdim. Sadəcə, haradan zərbə gələcəklərini bilirdilər və onun da qarşısını alırdılar. Baş məşqçinin düşünülmüş taktikası idi.

- “Viktoriya” daha güclü təsir bağışladı, yoxsa “Qarabağ”ın 3-cü təsnifat mərhələsində üstələdiyi “Ferentsvaroş”?

- “Viktoriya” “Ferentsvaroş”dan güclüdür. Müdafiəçiləri çox sakit idi, səhv etmirdi. Hətta matçın sonlarında arxada top saxlamağa çalışdılar. Avropada yaradıcı futbol azalıb. Çünki fərdi cəhətdən seçilən oyunçu yoxdur. İndi cinah keçidlərinə, sürətə, uzun ötürmələrə və çox qaçmağa fikir verirlər.

- “Qarabağ” cavab oyununda rəqibini nəyin hesabına üstələyə bilər?

- Yalnız öz oyunu hesabına. “Viktoriya”nın ən böyük silahı künc zərbələri və standart vəziyyətlərdir. “Qarabağ” cavab matçı öncəsi bunun üzərində işləməli olacaq. Rəqibə mümkün qədər az korner yerinə yetirmək imkanı vermək lazımdır.

- Yəni rəqibi qapıdan uzaqda saxlamaq lazımdır. Komanda səfərdə bunu bacara biləcək?

- Bu, mümkün deyil. Çünki “Viktoriya” da təzyiq edəcək. Bu təzyiqdən çıxmaq lazımdır. “Qarabağ” da bunu bacaran komandadır. “Ferentsvaroş”la Macarıstanı oyunu yada salın. İlk 10 dəqiqəni bizim komandamız hücumda keçirdi və rəqibin start planını pozdu. Məncə, “Qarabağ” “Viktoriya”ya qarşı Çexiyada da eyni oyun üslubundan yararlanmalıdır.

- Sizcə, “Qarabağ”ın “Viktoriya”nı keçmək şansı nə qədərdir?

- “Qarabağ” səfər oyunlarını əla keçirir. Motivasiya yüksək, səhvlər az olub. “Qarabağ”ın Premyer Liqada “Turan Tovuz”la oyununun təxirə salınması yerində idi. Söhbət fiziki durumdan yox, havanın isti keçməsindən gedir. İsti hava futbol keyfiyyətini öldürür, yorğunluq gətirir. “Viktoriya” ilə görüşün ikinci hissəsində “Qarabağ” elə də çox hücum edə bilmədi. Bu da istinin nəticəsidir. O ki qaldı şanslara, məncə, “Qarabağ” “Viktoriya”nı keçəcək. Ən azı Plzendə Bakıdakı kimi isti olmayacaq. Əsas itki 12-ci oyunçumuzun orada olmamasıdır. Olsa da, çox az sayda azarkeş komandanı dəstəkləyə biləcək. Sayları az olsa belə, onların stadionu ələ alacaqlarına inanıram.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri