19 
Avq
2022
14:08
215
22
1721
Virtual karabakh

İslamiadanın ikiqat qalibi: “Sıradan idmançı olmadığımı göstərmək istəyirdim”

19 Avq, 2022
14:08
1721

İslamiadanın ikiqat qalibi: “Sıradan idmançı olmadığımı göstərmək istəyirdim”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qızıl medal qazandığım üçün xoşbəxtəm. Bizi dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. Digər medalçıları isə təbrik edirəm”.

Bunu “Report”un Türkiyənin Konya şəhərində ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan karateçisi İrina Zaretska V İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi olması barədə danışarkən deyib.

Tokio Olimpiadasının gümüş mükafatçısı, ikiqat dünya və ikiqat Avropa çempionu İslamiadadakı görüşlərinin yaxşı keçdiyini bildirib:

“Yarımfinalda qalib gəldiyim mərakeşli Nissrin Bruka Premyer Liqa turnirində uduzmuşdum. Finaldakı rəqibim olan iranlı Mobina Heydəriozomçeloyi də yeni idmançıdır. O, yarımfinalda bu il Avropa çempionu olmuş türkiyəli Eda Eltemuru məğlub etmişdi. Bir sözlə, bütün rəqiblərim güclü idi. Bu mövsüm silsilə uğursuzluqlarım oldu. Ardıcıl məğlubiyyətlərdən sonra səhvlərimin üstündə işlədim və qələbə qazandım. Düşünürəm ki, İslamiada bu mənada vacib başlanğıc idi. Burada qalib gəlib İrina Zaretskayanın sıradan idmançı olmadığını göstərmək istəyirdim”.

2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları ilə Konyadakı yarışı müqayisə edən 26 yaşlı idmançı sonuncu Oyunlarda təşkilatçılığın bir qədər zəif olduğunu söyləyib:

“Məncə, Bakıdakı İslamiadanın təşkilatçılığına heç şübhə edə bilməz. Amma ümumi səviyyə yaxşı idi. Məsələn, karate Oyunların ən ciddi yarışlarından biri oldu. İslam ölkələri arasında bu idman növündə güclü rəqabət var. Mərakeş, Türkiyə və İran karate üzrə top-ölkələr sayılırlar”.

Ukrayna əsilli titullu karateçi bu mövsüm silsilə uğursuzluqların doğulduğu ölkədəki müharibə ilə bağlı olduğunu vurğulayıb:

“Bu, mənə də təsir edir. Daim özüm, yarışlara hazırlıq haqqında fikirləşə bilmərəm. Tez-tez doğmalarımı düşünürəm. Ona görə hərdən konsentrasiya problemi olur. Bəxtim gətirib ki, son vaxtlar bir neçə dəfə Odessada olmuşam və ailə üzvlərimlə - valideynlərim, qardaşım və həyat yoldaşımla vaxt keçirmişəm. Onlar mənə deyirlər ki, narahat olma, hər şey yaxşıdır, idmana köklən və qalib gəl. Bu, mənə əlavə sevinci bəxş edir”.

Zaretska ailə üzvlərinin Bakıya gələ bilmədiyini qeyd edib:

“Orada hərbi vəziyyət elan olunub. Kişilərə, ümumiyyətlə, ölkədən çıxmaq olmaz. Anam isə onları tək qoymaq istəmir. Tez-tez anamla danışıram. Hazırda hava məkanı bağlıdır. Çünki havada raketlər uçur. Odessaya maşınla getmək mümkündür. Mən əvvəlcə Moldovaya uçdum, oradan isə avtomobillə Odessaya getdim”.

O, 2-4 sentyabrda Bakıda ilk dəfə keçiriləcək Karate1 Premyer Liqa turnirinə də toxunub:

“Bakıdakı I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarında atmosfer yadımdadır. Həmin ab-havanı qarşıdakı turnirdə də gözləyirəm. Bu, atmosferi sözlə ifadə etmək olmur. Azarkeşlər idmançılarımıza dəstək olurlar. Bu isə bizə motivasiya verir. Heç bir istirahət olmayacaq. Həmin yarışa hazırlaşacağam. Bakıya yüksək səviyyəli idmançılar gələcək. Medal qazanmağa çalışacağam. Demək olar ki, bu, mövsümün sonuncu yarışı olacaq. ABŞ-da turnir olmalıydı, amma təxirə saldılar. Bu il baş tutub-tutmayacağını bilmirəm”.

Zaretska sonda Azərbaycan xalqını, İslamiadada medal qazanan bütün idmançıları və federasiya rəhbərliyini təbrik edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri