17 
Sen
2022
13:10
155
15
1495
Virtual karabakh

Elxan Məmmədov: “Gənc cüdoçularımız böyüklərdən ibarət milli ilə rəqabət aparacaqlar” - MÜSAHİBƏ

17 Sen, 2022
13:10
1495

Elxan Məmmədov: “Gənc cüdoçularımız böyüklərdən ibarət milli ilə rəqabət aparacaqlar” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan millisinin ilk 2 gündə bu medalları qazanması çox xoş və sevindirici haldır. Hər 3 idmançı ilk dəfə gənclər arasında Avropa çempionatının medalına sahib çıxır. Bu, gələcəyə ümidlə baxmağa əsas verir”.

Bunu Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandasının baş məşqçisi Elxan Məmmədov “Report”un Praqaya ezam olunmuş əməkdaşına müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Çexiyada gənclər arasında Avropa çempionatında ilk iki günü necə dəyərləndirirsiniz?

- İlk iki gün bizim üçün xoş oldu. İndiyədək Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qızıl, Turan Bayramov (60 kq) isə gümüş medal əldə edib. Bayramov da qızıl medal qazana bilərdi. Yanvarda Beynəlxalq Cüdo Federasiyasının qanunlarında dəyişiklik olub. Turan qadağan olunmuş fənd tətbiq etdiyi üçün gümüş medalla kifayətləndi. Buna baxmayaq, Bayramov çox gözəl mübarizə sərgilədi. O fənddə hansoku verilməsəydi, qızıl medal qazana bilərdi.

- Növbəti idmançılardan gözləntiniz nədir?

- Bu gün də 3 çəkidə cüdoçularımız çıxış edəcəklər. Onlardan da medallar gözləyirik. Sadəcə, çıxıb vuruşmaq lazımdır. Hər biri formadadır. Çox yüksək peşəkarlıq sərgiləyirlər. 90 kq, 100 kq və 100 kq-dan yuxarı çəkilərdəki idmançıların hər birindən medal gözləyirəm.

- Azərbaycan hazırda ümumi komanda hesabında 2-ci pillədədir. Bu nailiyyəti saxlamağı hədəfləyirsiniz?

- Mən kişilərdən ibarət yığmanın baş məşqçisiyəm. Bu komandamız isə birinci pillədə gedir. Ümumi komanda hesabında 2-ci yerdəyik. Bu gün qızıl medal qazansaq, 1-ci yerə yüksəlməklə maksimum tapşırığı yerinə yetirə bilərik.

- Artıq bir neçə ildir gənclər böyüklərlə birlikdə məşqlərdə iştirak edir. Bunun nailiyyətlərə təsiri varmı?

- Əlbəttə. Fürsətdən istifadə edib Azərbaycan Cüdo Federasiyasını qazanılmış medallar münasibətilə təbrik edirəm. Gənclərin təlim-məşq toplanışlarını böyüklərlə birlikdə edirik. Mənim üzərimə tapşırıq qoyulub ki, gəncləri tez zamanda böyüklərə uyğunlaşdıraq. Qərara gəldim ki, ağır məşqlərdə idmançının inkişafı daha çox olur. Gənclərin böyüklərlə birlikdə hazırlaşması yaxşı haldır. Bizim öz məşq planımız var. Sadəcə, hazırlığımız birlikdə gedir.

- Böyüklərin çəkilərindəki yarışlarda demək olar ki, eyni idmançılar yer alırlar. Bu, onlarda arxayınlıq yaratmır? Bəlkə onlar indiyədək gənclərin nəfəsini hiss etmirdilər?

- Rəqabət olan yerdə inkişaf olur. Gənclərlə rəqabət çox çətindir. Onlar daha enerjili olurlar. Hidayət Heydərov, olimpiya çempionu Elnur Məmmədli, Nicat Şıxəlizadə, Zelim Kotsoyev və Elmar Qasımov gənclərdən böyüklərə uyğunlaşıb, tez zamanda nəticə veriblər. Məncə, hazırkı gənclər də böyüklərə uyğunlaşacaq və böyüklərdən ibarət komanda ilə rəqabətə girəcəklər. Bu da inkişaf deməkdir. Rəqabət olan yerdə həmişə inkişaf var.

- Gələn ay Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatına hazırkı gənc cüdoçuların da qatılma ehtimalı var? Belə təşəbbüs irəli sürməyi düşünmüsünüzmü?

- Artıq mundialın heyəti bəllidir. Baş məşqçi Riçard Trautman qərar verib. Məncə, Elcan Hacıyev böyüklərin yarışında çıxış edə bilər, tez zamanda uyğunlaşacaq. 60 kq-dakı Turan Bayramov və 73 kq-dakı Vüsal Qələndərzadəni də qeyd edə bilərəm. 17 yaşlı Vüsal özündən böyük idmançılara qalib gəldi. Hər şey göz qabağındadır. Hamıdan üstün çıxış etdi və heç kimə xal vermədi. 90 kq-da Vüqar Talıbov və 100 kq-dan yuxarı çəkidə Kənan Nəsibov da öz sözünü deyir. Tezliklə onları böyüklərin yarışında beynəlxalq arenalarda görəcəksiniz.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri