20 
Sen
2022
13:54
94
10
1310
Virtual karabakh

Rəşad Rəsullu: “Cüdoçular qitə çempionatında yüksək səviyyədə mübarizə apardılar” - MÜSAHİBƏ

20 Sen, 2022
13:54
1310

Rəşad Rəsullu: “Cüdoçular qitə çempionatında yüksək səviyyədə mübarizə apardılar” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hər cüdoçumuzun medal potensialı var, amma əyarı deyə bilmərik”.

Bu sözləri Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu “Report”a müsahibəsi zamanı deyib. Müsahibəni təqdim edirik:

- Çexiyanın paytaxtı Praqada keçirilmiş gənclərin Avropa çempionatını üç qızıl, bir gümüş və iki bürünc medalla başa vurdunuz. Yarışdan əvvəl komandanın qarşısına hansı məqsəd qoyulmuşdu? Yığma etimadı doğrultdumu?

- Milli bu yarışdan bir ay əvvəl dünya çempionatında çıxış etmişdi. Həmin turnirdən cəmi bir bürünc medalla qayıtmışdıq. Nəticə də bizi qane edə bilməzdi. Komandanın zəif çıxış etməsində yol yorğunluğu və digər müəyyən səbəblər var idi. Həmin yarışdan sonra millinin məşqçiləri ilə birlikdə analiz etdik. Avropa çempionatındakı nailiyyət onu göstərir ki, həmin turnirdən nəticələr çıxartmışıq.

Komanda qitə yarışında yüksək səviyyədə mübarizə apardı. Oğlanların fərdi yarışında bir qızıl, bir gümüş və bir bürünc medal qazandıq. Qızlar fərdi mübarizədə medal qazana bilmədilər. Buna baxmayaraq, onların döyüşkənliyi bizi çox sevindirir. Xüsusilə 70 kq-dakı Aytac Qardaşxanlı, zədəli olmasına rəğmən, sonadək döyüşdü. Zədəyə baxmayaraq, qarışıq komanda yarışında çıxış etdi. Burada bürünc medal qazanmağımızda qızların böyük rolu oldu.

Avropa çempionatındakı çıxışı yaxşı qiymətləndiririk. Amma bizim üçün əsas olan medallardan çox, gənclərin düzgün formada böyüklərdən ibarət yığmaya keçidini təmin etməkdir. Onların cüdoçu kimi elit idmançıya çevrilməsinə dəstək olmaq niyyətindəyik. Ona görə bütün məşq proqramları yeniyetmələrdən gənclərə, gənclərdən böyüklərə keçid istiqamətində proqramlaşdırılıb və həyata keçirilir. Onların bir yığmadan digərinə keçidi düzgün formada baş tutmalıdır. Bizim üçün əsas həmin inkişafı görməkdir. Bunu da görürük. Ən çox buna görə sevinirik.

- Özbəkistanın paytaxtı Daşkənddəki dünya çempionatına bu heyətdən heç bir cüdoçunun salınmamasının səbəbi yorğunluq idi, yoxsa başqa səbəb var?

- Kişilərdən ibarət əsas komandanın baş məşqçisi Riçard Trautmanın dünya çempionatının hazırlığı ilə bağlı özünün planı var. Bu səbəbdən bizim əsas cüdoçularımız Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunlarında iştirak etmədilər. Həmin vaxt mundiala namizəd idmançılar Polşada təlim-məşq toplanışında idilər. Ekvadorda gənclərin dünya çempionatında qızıl medal qazanan idmançı böyüklərin yarışına qatıla bilərdi. Bizim yeganə şərtimiz bu idi. Amma təəssüf ki, orada qızıl medal əldə edən olmadı.

Turan Bayramov (60 kq), Vüsal Qələndərzadə (73 kq), Elcan Hacıyev (81 kq) və Vüqar Talıbov bizim potensiallı idmançılarımızdır. Vüsal Qələndərzadə 18 yaşı olmasına baxmayaraq, 21 yaşadək gənclər arasında Avropa çempionu oldu. Əminəm ki, onlar gələcəkdə böyüklər arasında Avropa və dünya çempionatlarında şanslar əldə edəcəklər. Bu cüdoçuları qarşıda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəki və Bakıda Böyük Dəbilqə turniri gözləyir. Bunlar da böyüklər arasında prestijli və olimpiadaya lisenziya xalları verən yarışlardır.

- Avropa çempionatı, yoxsa dünya çempionatı daha səviyyəli yarış kimi görünürdü?

- Dünya çempionatının adı üstündədir. Orada əsas cüdo ölkələri - Yaponiya, Cənubi Koreya, Monqolustan, Özbəkistan, Braziliya və bəzən ağır çəkilərdə üstün olan Kanada idmançıları da mübarizə aparırlar. Mundiallarda rəqabət daha yüksəkdir. Avropa çempionatında isə qitə ölkələri mübarizə aparırlar və burada iştirakçı sayı dünya çempionatı ilə eyni səviyyədə olmur, ölkələr daha çox idmançı göndərirlər. Qitə yarışı həm də sürprizlərə daha çox açıq olur, yeni adlar ortaya çıxır. Qitə turnirləri arasında Avropa çempionatı digərlərindən daha üstün olan yarışdır. Amma dünya çempionatında rəqabət daha yüksəkdir. Bunu demək lazımdır.

- Əslində, dünya çempionatının Avropa çempionatından sonra keçirilməsi daha məntiqli idi...

- Buna səbəb İslamiadanın avqustda təşkili oldu. Həmin vaxt Özbəkistanda böyüklər arasında dünya çempionatı gerçəkləşəcəkdi. Razılaşmaya əsasən, böyüklər arasındakı mundial oktyabra keçirildi. Gənclərin dünya çempionatı isə oktyabrda baş tutmalı idi, amma avqustda təşkil olundu. Bu səbəbdən, belə qəribə vəziyyət yarandı və mundial Avropa çempionatından əvvəl baş tutdu. Növbəti il isə böyüklərin yarışında bu hal yaşanacaq. Mayda dünya çempionatı, noyabrda isə Avropa çempionatı planlaşdırılır. Belə məsələlər hazırlıq prosesimizə təsir edir. Amma hamı üçün şərait eynidir. Bu da bir təcrübədir.

- Dünya çempionatı sonra baş tutsaydı, nəticə dəyişərdimi?

- Daha fərqli olar, uşaqların özlərinə inamı artardı, səhvləri görüb nəticə çıxarda bilərdik. Biz həmin səhvləri mundialda gördük və qitə yarışı üçün nəticə çıxardıq. Dünya çempionatında bir bürünc medalın olmasına baxmayaraq, cüdoçular yaxşı mübarizə nümayiş etdirmişdilər. Elcan Hacıyev yarımfinalda üstün olduğu halda, bir səhv nəticəsində məğlub olmuşdu. Vüqar Talıbov Rumıniya təmsilçisi ilə qarşılaşmada öndə olanda kiçik səhvə yol vermişdi. Həm də yol yorğunluğu olmuşdu. 30 saata yaxın yolda olmuşdular. Uyğunlaşma məsələsi də olmuşdu. Bütün bunlar cüdoçular üçün təcrübədir. Gələcəkdə böyüklərin yarışında çıxış edəndə onlar artıq uyğunlaşmanı necə keçməyin lazım olduğunu biləcəklər. Bu, onların hamısının karyeralarında ən uzaq yarış idi. İlk dəfə idi ki, Ekvador kimi uzaq ölkəyə gedirdilər.

- Özbəkistanda baş tutacaq böyüklər arasında dünya çempionatından gözlənti və hədəfiniz nədir?

- İctimaiyyət üçün açıqlamasaq da, öz hədəfimiz var. Kişilərdə hər çəki dərəcəsində medal gözləyirik. Hər cüdoçumuzun medal potensialı var, amma əyarı deyə bilmərik. Çünki bu, cüdo idman növüdür. Vazari ilə öndə olan idmançı kiçik səhv nəticəsində ippona düşə bilər. Hər çəki dərəcəsindəki təmsilçimiz lider idmançılardan hesab olunur. Qızlardan da yaxşı mübarizə gözləyirik. Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyevanın (52 kq) yaxşı hazırlıq keçdiklərinə əminəm. Onlar müəyyən sürprizlər edə bilərlər. Ən azı, 1/4 finalda və ya final blokunda çıxışlarını gözləyirik. Neçə medal qazanacağımızı tatami göstərəcək.

- Doqquz ildən sonra Azərbaycanın hansısa cüdoçusu dünya çempionu ola bilərmi?

- Biz və bütün cüdo ailəsi bunu gözləyirik. İndiyədək böyüklər arasında cəmi bir dünya çempionumuz olub. O da Elxan Məmmədovdur. İdmançıların bu statistikanı dəyişmək üçün mundialda əllərindən gələni edəcəklərinə əminəm.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri