Dek
2022
14:12
75
10
1749
Virtual karabakh

Hamidu Keyta: “Anri ilə müqayisə olunduğumu bilmirdim” - MÜSAHİBƏ + FOTO

3 Dek, 2022
14:12
1749

Hamidu Keyta: “Anri ilə müqayisə olunduğumu bilmirdim” - MÜSAHİBƏ + FOTO

“Zirə”nin futbolçusu Hamidu Keyta Fransa təmsilçisi “Oser”in yetirməsi olsa da, peşəkar karyerasına 2016-cı ildə “Sent-Etyenn”də başlayıb.

Seneqal əsilli hücumçu Fransada anadan olub və futbolda ilk addımlarını bu ölkədə atıb.

28 yaşlı oyunçu 2018-ci ildən legioner həyatı yaşayır. Üç il Rumıniyada oynadıqdan sonra 2021-ci ilin yayında Portuqaliya klubu “Santa Klara”ya keçən Keyta bu ilin yanvarından “Zirə”nin formasını geyinir.

Cari mövsüm Premyer Liqada keçirdiyi 12 oyunda üç qola imza atan Hamidu Keyta “Report”un suallarını cavablandırıb.

- İlk dövrədəki böyükhesablı məğlubiyyətdən (1:7) sonra “Qarabağ”la Premyer Liqanın 15-ci turunda heç-heçə sizin üçün nə dərəcədə vacib idi?

- Əsl gücümüzü göstərmək baxımından bu nəticə çox önəmli idi. “Qarabağ”la görüşdə son ana qədər mübarizə apardıq. Məqsədimiz qələbə qazanmaq idi. “Qarabağ” böyük turnirlərdə çıxış edir, onlara qalib gəlmək asan deyil.

- Digər tərəfdən ilk “üçlük”dəki komandalardan artıq xeyli geri qalırsınız. “Zirə”nin bundan sonra 4-cü yer uğrunda “Qəbələ” ilə mübarizə aparacağını demək olar?

- Bu barədə danışmaq üçün hələ çox tezdir. Çünki mövsümün sonuna çox vaxt var. Gələn ilin mayına qədər bir çox matçlara çıxacağıq. Futbol dünyasında hər şey sürətlə dəyişə bilir. Hədəfimiz dəyişməz olaraq qalır.

- Ötən mövsümlə müqayisədə “Zirə” qeyri-stabil qrafik cızır. Bunun səbəbini nə ilə izah etmək olar?

- Komanda üçün keyfiyyətli və vacib 2-3 oyunçumuzu itirdik. Zədəlilərimiz oldu, bir az da bəxtimiz gətirmədi. Ancaq yenə də düşünürəm ki, sonda ötən mövsümdəki səviyyəyə qayıdacağıq.

- Azərbaycan kubokunun 1/4 finalında “Neftçi” ilə qarşılaşacaqsınız. Bu cütlükdə şansınızı necə görürsünüz?

- “Neftçi” keyfiyyətli futbolçulardan qurulmuş güclü komandadır. Lakin bizim də yaxşı oyunçularımız var. Yüksək səviyyəli oyunlar olacaq.

- Finala qədər nə “Qarabağ”, nə də “Sabah”la qarşılaşmayacağınızı nəzərə alsaq, həlledici görüşə qədər irəliləmək şansınızı yüksək qiymətləndirmək olar?

- “Sabah” və “Qarabağ”la qarşılaşmasaq belə, finala yüksəlmək üçün üz-üzə gələcəyimiz rəqibləri məğlub etməliyik. Kubok matçları xüsusidir, heç vaxt asan deyil. Hər kəs bu turnirdə mübarizəyə hazırdır.

- “Zirə”dəki ilk dönəminizlə müqayisədə son vaxtlar sanki oyununuzda eniş var. Bunu özünüz də hiss edirsiniz?

- Bura təzə gələndə heç kim oyun tərzimi bilmirdi. İndi rəqiblər “Zirə”yə qarşı görüşlərdə fərqli formada müdafiə olunurlar. Hazırda “9 nömrə” kimi oynayıram, yeni rola yavaş-yavaş uyğunlaşıram. Getdikcə hər şey yaxşı olacaq.

- Artıq bir ilə yaxındır Azərbaycandasınız. Fransa, Rumıniya və Portuqaliyadan sonra burada oynamaq asan, yoxsa çətindir?

- Açığı, çox fərq yoxdur. Düzünü desəm, daha çox texniki və taktiki keyfiyyət olduğunu düşünürəm.

- Oyun üslubuna görə Tyerri Anriyə bənzədilirsiniz. Sizin özünüzün uşaqlıq kumiriniz kim olub?

- Anri ilə müqayisə olunduğumu bilmirdim. Mən gənc olanda Didye Droqba “Marsel” və “Çelsi”də çıxış edirdi. Həmin vaxtlar onun oyununu sevirdim. Amma heç vaxt kumirim olmayıb.

- Azərbaycanda özünüzü necə hiss edirsiniz?

- Azərbaycan çox yaxşı ölkədir. Bakı gözəl şəhərdir, insanları istiqanlıdırlar. Burada özümü əla hiss edirəm.

- Qətərdə keçirilən dünya çempionatı barədə də fikirlərinizi bildirərdiniz. Sizə doğma olan Seneqal yığması 1/8 finala yüksəlib...

- Qrup mərhələsində bir çox sürpriz nəticələr qeydə alındı. İndi bütün komandalar güclü oynayır. Seneqal yığmasına azarkeşlik edirəm. Onların növbəti raundda İngiltərəyə qalib gələcəyinə ümid edirəm.

- Fransa yığmasının çempionluq şansını necə görürsünüz?

- Fransa millisinin digərləri ilə müqayisədə çempionluq şansı çoxdur. Yüksək keyfiyyətə malik təcrübəli futbolçuları var. Fikrimcə, Fransa və Braziliya mundialın ən güclü komandalarıdır. İspaniya da titul qazana bilər. Ancaq ən böyük arzum Seneqal yığmasının uğur qazanmasıdır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri