30 
Dek
2022
17:44
84
16
943
Virtual karabakh

Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - İKİNCİ HİSSƏ + FOTO

30 Dek, 2022
17:44
943

Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - İKİNCİ HİSSƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Başa çatmaqda olan 2022-ci il Azərbaycan idmanı üçün bir sıra önəmli hadisələrlə yadda qalıb.

İl ərzində idmançılar dünya və Avropa çempionatlarında, eyni zamanda, nüfuzlu beynəlxalq turnirlərdə qüvvələrini sınayıblar.

“Report” bu dəfə ilin ikinci altı ayında ölkə idmanı üçün yaddaqalan yarışları təqdim edir.

Əvvəli burada.

İyul - Yeniyetmə və gənclərin üstünlüyü

İlin ikinci yarısı güləşçilər üçün olduqca hərəkətli başlayıb. İyulda 15, 17 və 20 yaşadək pəhləvanlar mötəbər turnirlərdə yarışıblar. Xorvatiyada U-15-lər arasında keçirilən Avropa çempionatında yunan-Roma güləşi yığması 12 medalla (4 qızıl, 3 gümüş, 5 bürünc) komanda hesabında Avropa çempionu, sərbəst güləşçilər isə 4 qızıl, 1 gümüş, 3 bürünclə qitə ikincisi olublar. İtaliyadakı U-17-lərin dünya çempionatında yunan-Roma güləşi üzrə milli 7 medal (3 gümüş, 4 bürünc) qazanaraq, son 10 ilin rekorduna imza atıb. Sərbəst güləşçilərin medal sayı isə 5 (2 qızıl, 1 gümüş, 2 bürünc) olub. Yunan-Roma güləşçiləri komanda hesabında dünya ikincisi, sərbəst güləşçilər isə üçüncüsü olmağı bacarıblar. İtaliyanın paytaxtı Romada U-20 Avropa çempionatında isə yunan-Roma güləşi üzrə Azərbaycan yığması 2 qızıl, 1 gümüş, 2 bürünc, sərbəst güləşçilər 1 qızıl, 1 gümüş, 1 bürünc, qızlar isə 2 qızıl, 2 bürünc medalla yadda qalıblar.

Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə U-17 Avropa çempionatında da Azərbaycan seçməsi 4 qızıl medalla qitə çempionu adına layiq görülüb.

Yeniyetmə taekvondoçuların Bolqarıstandakı dünya çempionatında Azərbaycan millisi 1 qızıl, 3 bürünc medalla diqqət çəkib.

Basketbolçu gənclər üçün də 2022-ci il yaddaqalan olub. Çünki U-18 yığması Avropa çempionatının C Divizionunda 3-cü yeri tutaraq, bürünc medala yiyələnib.

Cüdo yığması Macarıstandakı Böyük Dəbilqədə bir dəst medalı aktivinə yazdırıb. Budapeştdə Hidayət Heydərov (73 kq) 1-ci, Səid Mollayi (81 kq) 2-ci, Rüstəm Orucov (73 kq) 3-cü yeri tutub. Mollayi Xorvatiyada baş tutan Qran-pridə də eyni nəticəni göstərib.

Rumıniyadakı cüdo üzrə Açıq Avropa turnirində Azərbaycan millisi 3 qızıl, 3 bürünc medalla 1-ci yeri tutub.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil edilən İddiaçılar Turnirini üçüncü yerdə tamamlayıb.

Üzgüçü Ramil Vəlizadə Azərbaycan tarixinə düşməyi bacarıb. 18 yaşlı idmançı Rumıniyada keçirilən gənclərin Avropa çempionatında üçüncü yeri tutub. Bu, Azərbaycan üzgüçülərinin qitə çempionatları tarixində ilk medal olub.

Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə (91 kq) iyulda ABŞ-da keçirilən XI Dünya Oyunlarında qızıl medal qazanıb.

2022-ci ildə medal kolleksiyasını xeyli zənginləşdirən qılıncoynadan Anna Başta Misirin paytaxtı Qahirədəki dünya çempionatında qadın sablyaçıların şəxsi yarışında ikinci yerə layiq görülüb.

Avqust – Medallarla məhsuldar ay

Avqust medalların Azərbaycana axın etdiyi ay kimi əlamətdar olub. Türkiyənin Konya şəhərində baş tutan V İslam Həmrəyliyi Oyunlarında idmançılar 99 dəfə fəxri kürsüyə qalxıblar. Komanda hesabında 4-cü olan Azərbaycan yığması medallarını 19 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), cüdo (2 qızıl, 3 gümüş, 2 bürünc), aerobika (2 qızıl, 3 gümüş), qılıncoynatma (2 qızıl, 2 gümüş, 2 bürünc), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), kikboksinq (3 qızıl, 5 gümüş, 7 bürünc), üzgüçülük (1 qızıl, 1 gümüş, 1 bürünc), 3X3 basketbol (1 qızıl, 1 gümüş), stend atıcılığı (1 qızıl, 1 gümüş), ağırlıqqaldırma (1 gümüş, 3 bürünc), həndbol (1 gümüş), karate (1 qızıl, 2 gümüş, 3 bürünc), para-oxatma (2 bürünc), para-stolüstü tennis (1 bürünc), voleybol (1 bürünc) və futbolda (1 bürünc) əldə edib.

Gənclər də böyüklərdən geri qalmayıblar. Bolqarıstanın paytaxtı Sofiyadakı U-20 dünya çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixi uğura imza atıb. Yığma məsul yarışda 10 çəkinin 8-də təmsil olunmasına baxmayaraq, komanda hesabında dünya ikincisi olub. Pəhləvanlarımız 3 qızıl, 2 bürünclə yadda qalıblar.

Ağırlıqqaldıran Ravin Alməmmədov da Polşada keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında Avropa çempionatının qalibi olub. Turan Əliyev isə 1 gümüş, 2 bürünclə diqqət çəkib.

Həmçinin, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan millisi komanda hesabında gümüş medal qazanaraq, məhsuldarlığa töhfə verib.

Əvəzində şahmatçılarımız Hindistanın Çennay şəhərindəki Ümumdünya Şahmat Olimpiadasında uğursuz nəticə göstəriblər. Kişilər yarışı 7-ci, qadınlar isə 8-ci sırada tamamlayıblar. Bunun fonunda Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatında qadın şahmatçılar tarixi uğur əldə ediblər. Günay Məmmədzadə gümüş, Ülviyyə Fətəliyeva bürünc medal qazanıb.

Sentyabr – Şuşada qızıl, 5 illik həsrətə son

Azərbaycan idmanı üçün ən böyük hadisələrdən biri sentyabrda Şuşada baş tutan ilk beynəlxalq şahmat turniri olub. Kişilərin yarışında 26 xal toplayan Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov turniri qalib kimi tamamlayıb. O, bir neçə gün sonra ABŞ-da iştirak etdiyi “Sinkfild Kuboku” turnirində eyni uğuru təkrarlaya bilməyib. Qrossmeyster “Champions Showdown-2022”ni 3-cü pillədə bitirib. 18 yaşlı qızların Rumıniyadakı dünya birinciliyində ikinci yeri tutan Ayan Allahverdiyeva 2013-cü ildən bəri bu yarışda medal qazanan ilk gənc şahmatçı olub.

Gənc cüdoçular Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatında komanda hesabında üçüncü yeri tutublar. Milli 3 qızıl, 1 gümüş, 2 bürünc medalla bunu bacarıb. Əsas milli isə İtaliyadakı Açıq Avropa turnirində 6 medal qazanıb. Yarışa yollanan 13 idmançıdan 1-i qızıl, 3-ü gümüş, 2-si bürünclə Vətənə dönüb. Yeganə qızılı 100 kq çəki dərəcəsində Zelim Kotsoyev əldə edib. Azərbaycan yığması komandaların sıralamasında 2-ci yeri tutub.

Gənc taekvondoçular Albaniyadakı U-21 Avropa çempionatında medal həsrətinə son qoyublar. Yığma Tiranadan bir dəst medalla qayıdıb. Bununla taekvondo yığması 5 ildən sonra qitə birinciliyində aktivinə medal yazdıra bilib.

Güləş yığması Serbiyada dünya çempionatında qüvvəsini sınayıb. Sərbəst güləşçilər 2 bürünclə kifayətləniblərsə, yunan-Roma güləşində pəhləvanlarımızın çıxışı nisbətən uğurlu alınıb. Belqradda Eldəniz Əzizli (55 kq) dünya çempionluğunu əldə edib, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb. Yunan-Roma güləşi üzdə Azərbaycan millisi komanda hesabında ikinci olub.

Karateçilər üçün də sentyabr yaddaqalan olub. Çünki yığma Çexiyanın Pardubitse şəhərində Dünya Şotokan Federsiyasının (WSF) 12-ci dünya çempionatında 14 qızıl, 7 gümüş, 3 bürünc medal qazanıb. Ayxan Mamayev və Elməddin Səlimli qatıldığı dörd versiyanın hər birində qalib olmaqla “Grand Winner” mükafatına layiq görülüblər.

Azərbaycanın beş MMA döyüşçüsü Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatını medalla bitirib. Yusif Əliyev (56 kq) qitə çempionu olubsa, Fərman Həsənov (83 kq) gümüş, Nicat Xankişiyev (56 kq), Tahirə Babayeva (61 kq) və İmran Abbasquliyev (70 kq) bürünc medallara sahib çıxıblar.

Serbiyanın Novi Sad şəhərində baş tutan kişilərin idman və döyüş sambosu üzrə Avropa çempionatında Azərbaycan idmançıları 2 gümüş, 2 bürünc medalla diqqət çəkiblər.

İdmançılarımızın sentyabrdakı uğurları bununla bitməyib. Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bolqarıstanda keçirilən dünya çempionatında bürünc medal qazanıb. Bu, Azərbaycanın gimnastika tarixində qrup hərəkətləri komandasının dünya çempionatında qazandığı ilk nailiyyət olub.

Atıcı Ruslan Lunyov Polşanın Vrotslav şəhərində baş tutan Avropa çempionatında 25 metr məsafədən atəşaçmada qızıl medala layiq görülüb.

Komanda idman növlərində bu dəfə qadın voleybolçular azarkeşləri sevindiriblər. Milli Avropa çempionatının seçmə qrup mərhələsindəki son oyununda Avstriyanı məğlub edərək, ardıcıl 10-cu dəfə final mərhələsinə vəsiqə qazanıb.

Oktyabr - Dünya və Avropa çempionları

Oktyabrda ən yaddaqalan uğur şahmatçıların aktivinə yazılıb. İtaliyada 20 yaşadək qrossmeysterlər arasında keçirilən dünya çempionatında Azərbaycanın iki təmsilçisi hamıdan zəkalı olub. Gövhər Beydullayeva qadınların, Abdulla Qədimbəyli isə kişilərin yarışında dünya çempionluğunu qazanıb. Gövhər bu yaş qrupunda dünya birincisi olan ilk azərbaycanlı şahmatçı kimi tarixə düşüb. Azərbaycan şahmatının lideri Şəhriyar Məmmədyarov isə qatıldığı “Meltwater Champions Chess Tour” turnirində 2-ci yeri tutub. Həmçinin, oktyabrda Naxçıvanda Yeniyetmələrin Şahmat Olimpiadası təşkil edilib. Azərbaycan komandası yarışda 3-cü yerə layiq görülüb.

20 və 23 yaşadək ağırlıqqaldıranlar Albaniyada baş tutan Avropa birinciliyini 9 medalla (3 qızıl, 4 gümüş və 2 bürünc) başa vurublar.

Yeniyetmə və gənc karateçilər də digərlərindən geri qalmayıblar. Türkiyənin Konya şəhərindəki dünya çempionatında idmançılar 1 qızıl, 2 bürünc medal əldə ediblər.

Azərbaycanın güləş üzrə U-23 yığmaları isə İspaniyada baş tutan dünya çempionatında ümidləri doğrultmayıblar. Çünki sərbəst, yunan-Roma və qadınlardan ibarət komandalar ümumilikdə 1 qızıl, 4 gümüş, 2 bürünclə kifayətləniblər.

Yeniyetmə boksçular da İtaliyada keçirilən Avropa çempionatını 5 medalla başa vurublar. Məhəmmədəli Qasımzadə (57 kq) ikinci dəfə qitə çempionu tituluna yiyələnib. Onunla bərabər Emili Rzayeva (70 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Boksçularımız yarışda daha 2 gümüş və 1 bürünc medal əldə ediblər. Bununla Azərbaycan yığması qitə birinciliyində 3 ildən sonra qızıl, 6 ildən sonra isə 5 medal qazanıb. Qadın boksçular arasında Monteneqroda keçirilən Avropa çempionatında isə milli cəmi 1 gümüş, 1 bürünc medalla yadda qalıb.

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatı da Azərbaycan cüdoçularına düşməyib. Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) bürüncü mundialda yığmanın öyünə biləcəyi medallar olub. Təsadüfi deyil ki, milli komanda hesabında 17-ci yerdə qərarlaşıb.

Bu uğursuzluqları kikboksçular unutdurub. Kikboksinq üzrə yeniyetmə və gənclərdən ibarət milli İtaliyadakı dünya çempionatında tarixi uğura imza atıb. 38 idmançı ilə yarışa yollanan millinin 20 üzvü (7 qızıl, 6 gümüş, 7 bürünc medal) fəxri kürsüyə qalxmağı bacarıb.

İspaniyanın San Sebastian şəhərində təşkil edilən sahil avarçəkməsi üzrə Avropa çempionatında Azərbaycan təmsilçisi Diana Dimçenko 4000 metr məsafəyə yürüşdə hamını qabaqlayaraq, qızıl medal qazanıb. O, bunu bacaran ilk Azərbaycan idmançısı olub. Dimçenko bir neçə gün sonra da Uelsdə dünya çempionatına qatılıb və bu dəfə gümüş mükafata sahib çıxıb.

Azərbaycanlı atıcı Nigar Nəsirova da atıcılıq idmanı tarixinə düşəcək qələbə əldə edib. O, Misirin Qahirə şəhərində baş tutan dünya çempionatında 3-cü yeri tutub. Nəsirova 20 ildən sonra dünya çempionatının bu idman növündə medal qazanan ilk atıcı olub.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban isə Rumıniya Super Kubokunu qazanıb.

Noyabr - 15 ilin rekordu

Yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan millisi noyabrda Maltanın paytaxtı Vallettada keçirilən Avropa çempionatında tarixi uğura imza atıb. Yığma yarışı 3 qızıl, 2 gümüş, 3 bürünc medalla başa vurub ki, bu göstərici Azərbaycan taekvondo tarixində son 15 ilin rekordudur. Milli 8 medalla həm oğlanların, həm də ümumu komanda hesabında qitənin 3-cüsü olub.

Bolqarıstanda batut və tamblinq üzrə dünya yaş qrupları yarışında da Azərbaycan təmsilçiləri uğurlu çıxış ediblər. Sofiyaya 12 idmançı ilə yollanan komanda turniri 1 qızıl, 2 gümüş, 2 bürünc medalla tərk edib.

Kikboksçular Türkiyənin Antalya şəhərindəki Avropa çempionatında 17 medal qazanıblar. Bunlardan 4-ü qızıl, 5-i gümüş, 8-i bürüncdür.

Taekvondoçular isə Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatını cəmi bir bürünc medalla başa vurublar. Yarışa 8 idmançı ilə qatılan komandada yalnız Cavad Ağayev fərqlənib. Böyüklərdən fərqli olaraq, iki yeniyetmə taekvondoçu Sabir Məmmədli (27 kq) və Nazim Məmmədov (30 kq) Rumıniyadakı Avropa birinciliyinin çempionu olublar.

Paracüdo üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatının komanda yarışlarında qızıl medal qazanıb. Yığma finalda Türkiyə üzərində qələbə qazanıb.

Noyabrda da Bakıda mötəbər yarışlar təşkil olunub. Yunan-Roma güləşi üzrə Azərbaycan millisi doğma arenada keçirilən Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub. Cüdoçular isə paytaxtda Böyük Dəbilqədə qüvvələrini sınayıblar. Yığmanın heyətində Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq) və Zelim Kotsoyev qızıl, Kəramət Hüseynovla (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal əldə ediblər. Yığma ümumi medal sıralamasında birinci olub.

Komanda idman növlərində isə “Qarabağ” futbol klubu Avropa Liqasının qrup mərhələsindəki çıxışını yekunlaşdırıb. Yer aldığı qrupda 3-cü yeri tutan Ağdam təmsilçisi ardıcıl ikinci mövsüm UEFA Konfrans Liqasının pley-offunda iştirak hüququ əldə edib.

Şahmatçılar bu dəfə ümidləri doğrultmayıblar. Azərbaycan millisi İsraildə təşkil olunan komandalararası dünya çempionatının 1/4 final mərhələsində mübarizəni dayandırıb. Şəhriyar Məmmədyarov isə “Meltwater Champions Chess Tour” seriyasında iştirak edən 8 qrossmeyster arasında 7-ci yeri tutub.

Dekabr – Yeganə uğur Bakıda qazanılıb

İlin son ayında daxili birinciliklər və müxtəlif beynəlxalq turnirlər üstünlük təşkil edib. Bakıda baş tutan “Vüqar Həşimov Memorialı-2022” VIII beynəlxalq şahmat turnirində Azərbaycan təmsilçilərindən Rauf Məmmədov və Şəhriyar Məmmədyarov müvafiq olaraq 2-3-cü yerləri tutublar.

Azərbaycan idmançılarının bu ay qatıldığı ən böyük yarış ABŞ-da təşkil olunan güləş üzrə Dünya Kuboku olub. Milli turnirdə cəmi 2 pəhləvanla mübarizə aparıb ki, onlardan sərbəst güləşçi Osman Nurmaqomedov bürünc medala yiyələnib. Qazaxıstanda da qazax güləşi üzrə U-17, U-20 və böyüklər arasında dünya birinciliyi və çempionatı olub. Yarışa 4 nəfərlə qatılan Azərbaycan təmsilçiləri 1 gümüş, 3 bürünclə öyünə biliblər.

İlboyu qatıldığı böyük turnirlərdə medalları sıralayan qılıncoynadan Anna Başta Fransada keçirilən sablya növü üzrə Qran-pridə bu dəfə 5-ci yerlə kifayətlənib.

Azərbaycanın voleybol klubları da Çağırış Kubokunda iştirak ediblər. Qadınlardan ibarət “Azərreyl” komandası 1/16 finalda, kişilərdən ibarət “Murov” klubu isə 1/8 finalda mübarizəni dayandırıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri