23 
Yan
2023
18:44
27
97
2065
Virtual karabakh

Federasiya prezidenti: “Əvvəl qızlar sumo adı eşidəndə qaçırdılar, indi özləri gəlirlər” - MÜSAHİBƏ + FOTO

23 Yan, 2023
18:44
2065

Federasiya prezidenti: “Əvvəl qızlar sumo adı eşidəndə qaçırdılar, indi özləri gəlirlər” - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan sumoçuları bu yaxınlarda Macarıstanın Erd şəhərində keçirilən “Erd Cup 2023” turnirində 13 medal qazanıblar. Yarışda 7 idmançı ilə təmsil olunan milli komanda 3 qızıl, 3 gümüş və 7 bürünc medal əldə edib. Böyüklər arasında Camal Feyziyev 115 kq-dan yuxarı çəkidə 1-ci, mütləq çəkidə 3-cü yeri tutub. Sadiq Ağamaliyev 115 kq-da bürünc, mütləq çəkidə gümüş medala layiq görülüb. 70 kq-da çxış edən Xəyyam Abdullayev 3-cü yerlə kifayətlənib. Gənclərin mübarizəsində Arif Şıxbabayev (100 kq) gümüş, Ramazan Bəxtiyarov (100 kq), Nihad Məmmədzadə (85 kq) və Rüfət Hacıyev (65 kq) bürünc medal qazanıblar. Şıxbabayev və Hacıyev yeniyetmələr kateqoriyasında turnirin qalibi, Bəxtiyarov və Məmmədzadə 3-cü olublar.

Ümumiyyətlə, Azərbaycanda sumonun hazırkı vəziyyəti və inkişaf perspektivləri necədir?

Avropa Sumo Federasiyasının vitse-prezidenti, Azərbaycan Sumo Federasiyanın prezidenti Samir Abdullayev ”Report”a müsahibəsində bu və digər maraqlı məqamlara toxunub.

- Hazırda Azərbaycanda sumo idman növünün ümumi vəziyyəti necədir?

- Ölkədə sumoya maraq artmaqdadır. Komandada dəyişiklik gedir. Yaşlı idmançıları gənclər əvəzləyirlər. Yığma yaxşı vəziyyətdədir. Ötən il yarışlarda yaxşı nailiyyətlər əldə etdik. Bu yaxınlarda Macarıstanın Erd şəhərində keçirilmiş “Erd Cup 2023” turnirində 7 idmançı ilə təmsil olunub 13 medal götürdük. 4 nəfər həm yeniyetmələr, həm də gənclər arasında fəxri kürsüyə qalxdı. Böyüklər arasında yarışan sumoçularımız isə həm öz çəkilərində, həm də mütləq çəki dərəcələrində medal qazandılar. Kişi idmançılarla yanaşı, yaxşı qız idmançılarımız da var. Əvvəl qızlar sumo adı eşidəndə qaçırdılar, indi özləri maraq göstərirlər.

- Azərbaycan sumoya marağın artdığını qeyd etdiniz. Bu necə baş verdi? Hansısa təbliğat işləri gördünüz, yoxsa insanların özündə bu idman növünə maraq oyandı?

- Həm Azərbaycanda, həm də beynəlxalq arenada, xüsusilə Avropada böyük işlər görürük. Hazırda sumonun III Avropa Oyunlarının proqramına salınması istiqamətində danışıqlar gedir. Artıq müsbət cavablar var. Bu il bizi 2 reytinq turniri gözləyir. Yarışlar fevralın əvvəlində Estoniyada, martda isə Almaniyada olacaq. Orada yer tutan idmançılar Avropa Oyunlarına lisenziya qazanacaqlar.

- Belə çıxır ki, artıq sumonun Avropa Oyunlarında yer alacağı dəqiqləşib?

- Demək olar ki, dəqiqləşib. Proqrama salınıb. Hazırda sumonun əsas proqramda olmasının üzərində işləyirik. Hələlik müsabiqədənkənar nəzərdə tutulub. Biz isə istəyirik ki, digər idman növləri kimi, sumoda da qələbə qazanan idmançılara Avropa Oyunlarının medalları və diplomları verilsin. Bunun əsas proqrama daxil edilməsini istəyirik. Düzdür, çox çətin işdir. Beynəlxalq Sumo Federasiyasının əvvəlki prezidenti Hidetoşi Tanaka bu idman növünün Olimpiya Oyunlarının proqramında olmasını istəmirdi. Ötən ilin noyabrında seçkilər keçirildi və rəhbərlikdə dəyişikliklər oldu. Yeni prezidentin əsas məqsədi sumonun olimpiadada yer almasıdır. Hazırda bunun üzərində iş gedir. Əvvəllər maraq yox idi, indi isə var. Yayda çimərlik sumosunu da inkişaf etdirəcəklər. Yaponlar da buna maraq göstərir.

- Azərbaycanda sumo qeyri-ənənəvi idman növü sayılır və elə də geniş yayılmayıb. Bu amil sumonun təbliğində, gənclərin bu idman növünə cəlb olunmasında hər hansı çətinlik yaratmır?

- Xeyr. Əsas çətinliyimiz maliyyə ilə bağlıdır. Pul olanda işləmək də rahatdır. Federasiya 2007-ci ildə təsis edilib. Geridə qalan 16 ildə ciddi maliyyə dəstəyimiz olmasa da, sumonu inkişaf etdiririk. Bunun özü böyük işdir. Gənclər və İdman Nazirliyi də bu idman növünü inkişaf etdirməkdə maraqlıdır. Məncə, bundan sonra daha yaxşı olacaq.

- Hazırda federasiyanı yalnız nazirlik maliyyələşdirir, ya başqa gəlir yeriniz də var?

- Həm nazirlik, həm sponsorlar, özümüz.

- Hətta sponsorlar da var...

- Güclü olmasa da, bəzi xərclərimizi qarşılayırlar.

- Hazırda Azərbaycanda peşəkar sumo ilə məşğul olan neçə idmançı var?

- Son ölkə çempionatında 200 sumoçu iştirak edib. Buna əsasən demək olar ki, ölkədə sumo ilə peşəkar səviyyədə məşğul olan 200-dən artıq idmançı var. Çünki elə idmançılarımız olub ki, yarışa çıxa bilməyiblər. Bəziləri xəstələnib, bəziləri zədəli, bəziləri isə xaricdə olublar. Məsələn, yığmanın üzvü olan Çingiz Səmədov Polşada təhsil alır. 100 kq-da yer alan idmançı son Avropa çempionatının bürünc mükafatçısıdır və III Avropa Oyunlarına Lisenziya qazanıb. Onunla yanaşı, 77 kq-da Cavid Mustafayev də sözügedən yarışa lisenziya əldə edib. 100 kq-da digər sumoçumuz Sadiq Ağamalıyev lisenziya qazanmışdı. Amma Avropa Oyunlarında hər ölkədən bir çəki üzrə yalnız bir idmançı güləşə bildiyi üçün Sadiqi 115 kq-a keçirmişik. İstəyirik ki, heç bir çəki boş qalmasın. 77 kq-da isə Caviddən başqa, Röyal Ağamalıyev də Avropa Oyunlarında iştirak hüququ əldə edib. Avropa çempionatında hər ikisi mükafatçı olmuşdu. Röyalı 85 kq-da sınayırıq. Bu çəkidə son Azərbaycan çempionudur. Hər çəki dərəcəsində kifayət qədər yaxşı idmançılar var.

- Hazırda sumoda ən prestijli yarış dünya çempionatı sayılır. İndiyədək mundiallarda iştirak edib uğur qazanan idmançılarımız olub?

- İlk dəfə dünya çempionatında 2007-ci ildə iştirak etmişik. Əvvəllər mundiallar 2 ildən bir keçirilirdi. Hazırda isə bu yarışı hər il təşkil etmək qərarına gəliblər. Builki dünya çempionatı oktyabrda Yaponiyanın paytaxtı Tokioda olacaq. Yarışa güclü hazırlıq gedir. Mundialda hər çəki olmur. Yalnız 85, 100, 115 və +115 kq var. Avropa çempionatında isə 8 çəki dərəcəsi üzrə mübarizə gedir.

- Qarşıdakı dünya çempionatına hər çəki üzrə idmançı göndərməyi planlaşdırırsınız?

- Bəli. Hər çəkidə perspektivli idmançılara sahibik. Qızlar arasında da seçilən sumoçular var. Onların da dünya çempionatında iştirakı nəzərdə tutulub. Dəfələrlə yoxlayıb sübut etmişik ki, sumoda güləşənlər öz idman növünə qayıdanda daha yaxşı nəticə verirlər. Bəzi federasiyalar onların başqa idman növləri ilə məşğul olmasına icazə vermir. Amma dəfələrlə şahidi olmuşuq ki, sumoda yarışan idmançılar öz idman növlərində daha inamlı təsir bağışlayırlar. Çünki sumoda reaksiyadan çox şey asılıdır. Tez düşünüb ani qərar verməlisən.

- Sumo deyəndə ağıla ilk olaraq ağır çəkili idmançılar gəlir. Bizdə isə əsasən yüngül və orta çəkili sumoçulardır. Bu, nə ilə bağlıdır?

- Düz qeyd etmisiniz. Bizdə əsasən yüngül və ortaçəkili idmançılardır. Çünki hamısı atletlərdir və heç birində artıq çəki yoxdur. Yalnız 1-2 nəfər ənənəvi sumoçulara oxşayırlar. Onlardan biri dəfələrlə Avropa çempionu olmuş Camal Feyziyevdir. Hazırda onun çəkisi 177 kq-dır. Boyu isə 2 metrə yaxındır. Demək olar ki, heç bir yarışdan medalsız qayıtmayıb.

- Hazırda bizdə cüdo, güləş kimi bəzi idman növlərində ağır çəkilərdə problem nəzərə çarpır. Bunu federasiyaların özü də təsdiqləyir. Həmin boşluğu doldurmaq üçün ölkə xaricindən legioner idmançılar cəlb olunurlar. Azərbaycan Sumo Federasiyasının da belə bir planı varmı?

- Bizdə bu cür problemlər yoxdur. Hər çəki dərəcəsində yerli idmançılarımız var. Əsas məqsədimiz öz uşaqlarımızla işləmək, yığmaya legioner cəlb etməməkdir. Düzdür, əvvəl qızlarda bu problem var idi. İndi isə heç bir çətinliyimiz yoxdur. Yığma üzvlərinin 95-98 faizi cavan sumoçulardır.

- Sumo gələcəkdə Azərbaycanda aparıcı idman növlərindən birinə çevrilə bilərmi? Perspektivləri necə dəyərləndirirsiniz?

- Açığı, biz sumonun aparıcı idman növü olmasına çalışmırıq. Çünki sumo ilə məşğul olanların psixologiyası bir az fərqli olmalıdır. Biz hazırda Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının nəzdindəyik. Bu qurumun prezidenti Adil Ağamirov yaponlarla birbaşa əlaqə qurmaq istəyir. Gələcəkdə bizdən kimlərinsə yapon məktəblərində məşq etməsi, “İmperator” Kubokuna qatılması nəzərdə tutulub. Planımız baş tutsa, sumonu təbliğ etmək asan olacaq. Televizoru açanda idmançılarımızın da orada güləşdiyini gördükdən sonra deyəcəklər ki, bu, azərbaycanlıdır. Hazırda Yaponiyada müxtəlif ölkələrdən güləşən idmançılar var. Ora getmək üçün çəki yüksək olmalıdır. Çünki orada kateqoriyalar yoxdur, mütləq çəkidir. Orada idmançını əvvəlcə arıqladır, sonra öz proqramlarına uyğun çəkisini artırırlar.

- Az öncə maraqlı fikir səsləndirdiniz ki, sumo ilə məşğul olan idmançılar fərqli psixologiyada olmalıdırlar. Nəyi nəzərdə tutursunuz?

- Fikir vermisinizsə, çıxış etdiyi idman növündən asılı olmayaraq, yaponlar udub-uduzanda emosiyalarını heç bir halda büruzə vermirlər. Sumoda da belə şey var. Bizim uşaqlar yarışlarda sevinərkən onlara başa salırıq ki, bu idman növündə xüsusi nüanslar var, onlardan kənara çıxmaq olmaz.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri