28 
Yan
2023
17:35
174
23
2345
Virtual karabakh

Namiq Abdullayev: “Milliyə elə vaxtda gəldik ki, təcrübəli güləşçilərin karyeralarının sonu oldu” - MÜSAHİBƏ

28 Yan, 2023
17:35
2345

Namiq Abdullayev: “Milliyə elə vaxtda gəldik ki, təcrübəli güləşçilərin karyeralarının sonu oldu” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Namiq Abdullayev 1990-2009-cu illərdə yığmada çıxış edib.
Bu müddət ərzində 3 dəfə Avropa çempionu olan Abdullayev 1996-cı ildə Atlanta Yay Olimpiya Oyunlarında gümüş, 4 il sonra Sidneydəki olimpiadada qızıl medal qazanıb.

Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü, 2020-ci ildən millinin baş məşqçisi olan 52 yaşlı mütəxəssis “Report”un suallarını cavablandırıb.

- İdmançı, yoxsa baş məşqçi olmaq: hansını özünüz üçün daha çətin hesab edirsiniz?

- Təbii ki, həm güləşçi, həm də baş məşqçi kimi fəaliyyət göstərməyin öz çətinlikləri var. İdmançı olan zaman məşqçilərin, mütəxəssislərin, həkimin, psixoloqun dediklərinə əməl etməli, səndən öncə titullar qazanmış aparıcı güləşçilərin təcrübələrindən yararlanmalısan. İdmançı olanda yalnız özün haqqında və nailiyyətlər haqqında düşünürsən. Xoş o şəxsin halına ki, həm məşqçiləri, həkimləri dinləyir, həm də rejimini saxlaya bilir. Dəfələrlə demişəm, ilk növbədə rejimə diqqət yetirməlisən. Vaxtında qidalanmalı və yatmalısan. Bəzən şəxsi və dövlət tədbirlərində iştirak etməyə bilərsən. Biz də bəzən müəyyən tədbirlər olanda onları başa düşürük. Federasiya və nazirlik yarışa az qalmış həmin güləşçiləri tədbirlərdən azad edir. Rejimini saxlayan, özünə fikir verən, məşqçilərə qulaq asanlar nailiyyət əldə edə bilirlər və bu uğurlar uzunömürlü olur. İstedadlı idmançı hansısa dönəmdə parlaya bilər. Amma rejim olmayanda bu, qısa çəkəcək. Karyerasını uzatmaq da məhz idmançıdan asılıdır. Hər kəs nailiyyət əldə edəndən sonra müəyyən azadlığının olmasını istəyir. Gəzmək, dostları ilə vaxt keçirmək arzulayır. Bunlara bir az məhdudiyyət olmalıdır. Karyera 15-20 il də davam edə bilər. Güləşçilər şəxsi və yığmanın baş məşqçisi ilə mütəmadi olaraq birlikdə çalışmalı və həmfikir olmalıdırlar. Bu gün kimsə istirahət etmək istəyirsə, şəxsi məşqçi və millinin baş məşqçisi ilə məsləhətləşməlidir. Harasa gedəndə də deyilməlidir. Çünki bizim vaxtımızla müqayisədə indiki dövr tam başqadır. Hazırda dopinq məsələləri də var, idmançılar məkan məlumatı bildirməli, istirahətə gedəndə belə məlumat verilməlidir. Məlumat verilmirsə, iki dəfə xəbərdarlıq alır, daha sonra cəzalana bilər. İdmançı bütün bunlara əməl etsə, uğurlu və uzunömürlü karyerası olacaq. Özümlə bağlı onu demək istəyirəm ki, 2009-cu ilədək idmanla məşğul olmuşam. Təntənəli şəkildə vidaya görə federasiyaya, Gənclər və İdman Nazirliyinə, Azərbaycan Milli Olimpiya Komitəsinə və ölkə başçımıza təşəkkür edirəm. Həmin vaxt ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş Qızıl Qran Pri turnirində mənə görə ABŞ güləşçiləri ilə yoldaşlıq görüşü də keçirildi və 37 yaşımda idmançı karyeramı başa vurdum.

- Bəziləri isə müəyyən titullar qazandıqdan sonra idmanla vidalaşırlar...

- Mən heç kimi qınaya bilmərəm. Olimpiya və ya dünya çempionu olmuş idmançılar var ki, ağır zədə ilə üzləşiblər, şəxsi və ailə işləri ilə bağlı da karyeralarına son qoyublar. Əgər idmanla məşğul olursansa, yenidən həmin rejimdə olmalı və məşqçilərə qulaq asmalısan. Ancaq bunlara əməl etməsələr, onları qınamaq olar. Çünki səndən yenidən nailiyyət gözlənilir və dövlət tərəfindən maliyyə ayrılır. Davam edirsənsə, hər şeyi düzgün və dürüst yerinə yetirməlisən. Kimin karyerasını bitirmək fikri varsa, tutub saxlamırıq. Zədəli güləşçilərimiz xüsusi mərkəzdə müalicə alır, ehtiyac yaransa, xaricə göndərilirlər. Bizdə bir çoxları müalicə olunublar və yenidən idmana qayıdıblar. Bu etimadı doğrultmaq isə onların borcudur. Uzun müddət karyerasını davam etdirənlərdən biri də bizim Hacı Əliyevdir. Üçqat dünya və Avropa çempionu, olimpiadanın gümüş və bürünc mükafatçısıdır. Hələ də karyerasını davam etdirir. Avropa, dünya çempionatlarında və Fransanın paytaxtı Parisdəki Yay Olimpiya Oyunlarında iştirak etmək istəyir. Cənab Prezidentə yenidən titullar qazanacağına dair söz verib.

- Sərbəst güləş millisində vəziyyət necədir? İki ildən çoxdur ki, əsas yığmanın sükanı arxasındasınız. Bu müddətdə öz fəaliyyətinizi necə qiymətləndirirsiniz?

- İndi sərbəst güləşdə keçid vaxtıdır. İki ildən çoxdur ki, baş məşqçi vəzifəsindəyəm. Təəssüflər olsun ki, təyinatımızdan bir az sonra pandemiya oldu və olimpiya dövrü də bu vaxta təsadüf etdi. Qarşımızda bir çox maneələr var idi. Pandemiya vaxtı Tokio olimpiadası ərəfəsində bütün idman növləri çətinliklər yaşadı. Dünya ölkələrində atletlər üçün məhdudiyyətlər nisbətən az idi. Bizdə isə danışıqlardan sonra qapalı yerlərdə az sayda olsa da, məşqlərə icazə verildi. Dünya, Avropa və olimpiadaya hazırlaşanları bir araya yığa bildik. Güləşçilərin arasında da virusa yoluxanlar olurdu. Tokioda yüksək nailiyyətlərin olmaması pandemiya ilə bağlıdır. Onu da bildirim ki, məşqçi kimi çalışmağın da özəllikləri və çətinlikləri var. Bəziləri düşünürdülər ki, Namiq Abdullayev idmançı karyerasını bitirəndən sonra kənarda qalıb. Amma xatırladım ki, 2009-cu ildən yeniyetmələr üzrə vitse-prezident vəzifəsini yerinə yetirirdim. Böyüklər arasında 55 və 62 kq çəki dərəcələrini mənə həvalə etmişdilər. İdmandan ayrılmamışdım. Başqa sahədə çalışmağıma baxmayaraq, güləşdə idim. Bu, sirr deyil, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar İdarəsində idman komandasının rəisi vəzifəsində çalışıram. DİN tərəfindən həmişə mənə diqqət, qayğı və dəstək olub. 2000-ci ildən orada işləyirəm və o vaxtdan güləşçilərimizin yanında olmağımla bağlı dəstəklərini nümayiş etdirirlər. Onlara da təşəkkürümü bildirirəm. Karyeramı bitirəndən sonra vitse-prezident kimi yarışlara gedirdim, dəstək olurdum, xalça üzərində biliklərimi gənclərə, yeniyetmələrə çatdırırdım. 2008, 2012 və 2016-cı illərdəki olimpiadalarda güləşçilərimizin yanında olmuşam. Çoxları güləşdə keçid vaxtının olduğunu deyirdilər, bunu mən də bilirdim. Rio olimpiadasından sonra aparıcı güləşçilərimizin bir neçəsi karyerasını bitirdi. Baş məşqçi kimi fəaliyyətə başlayanda Zəlimxan Hüseynov böyük məşqçi, qardaşım Arif Abdullayev isə məşqçi idi. O vaxtdan yeniyetmə və gənclərdən ibarət komandaların hamısını bir araya yığdıq. Bir-birimizə dəstək olmağa başladıq. Çünki idmançılar yeniyetmədən gənclərə, oradan isə böyüklərə keçirlər. Bu kateqoriyalardakı müəyyən mütəxəssislər əsas millidə olmalıdırlar. Ona görə ki, onları yaxından tanıyırlar, yarışlarda və təlim-məşq toplanışlarında olublar. Yenə vurğulamaq istəyirəm ki, komandamız gəncdir. Çoxları nəticələrin olmayacağını düşünürdü. Amma 2021-ci ildə olimpiadadan sonra toparlanmağa başlamışıq. Hacı Əliyev Tokioda hətta qızıl medal da qazana bilərdi. Orada hakim haqsızlığı oldu. Hansı ki, müəyyən məsələlərdə ədalətsizlik etdilər. Yarış Tokioda keçirilirdi və rəqib də yapon güləşçi idi. Hamımız Hacının çempion olmasını arzulayırdıq. 2021-ci ildə isə olimpiadadan sonrakı dünya çempionatında Hacı Əliyev və Şərif Şərifov iştirak etmədi.

- Orada da qızıl medal qazana bilməməyinizin əsas səbəbi gənclərə şans verilməsi idi?

- Mundialda 9 idmançı ilə təmsil olunduq. Onların 7-si azərbaycanlı güləşçi idi. 5 və 6-cı yerə çıxan idmançılarımız da var idi. Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazandılar. Ötən il qazandığımız nailiyyətləri də xatırlatmaq istəyirəm. Həm yeniyetmələr, həm də U-23 yığması möhtəşəm çıxış etmişdi. Federasiya həmişə olduğu kimi komanda üçün hər cür şəraiti yaratmışdı. Sevindirici haldır ki, 20 yaşadək güləşçilərdən Avropa və dünya çempionumuz oldu. U-23 də komanda hesabında çempion adını qazanmışdı. Həmin vaxt cənab Prezident İlham Əliyev onlarla görüşdü və mükafatlandırdı. “Qarabağ” Futbol Klubundan sonra Prezidentimiz məhz ilk dəfə güləş komandasını qəbul etdi. Onların hər biri ilə görüşdü, təbrik etdi və ruh yüksəkliyi verdi. Böyüklər arasında Avropa çempionatında da gənclər üstünlük təşkil edirdi. Həmin kollektiv də komanda hesabında qitə çempionu oldu. Həm sərbəst, həm də yunan-Roma güləşçilərimiz bu ada sahib çıxdılar. Biz yenidən Cənab Prezidentin qəbulunda olduq. Yeniyetmə, gənclər və böyüklər bir ayda Prezidentin qəbulunda oldular. Türkiyənin Konya şəhərində keçirilmiş İslam Həmrəyliyi Oyunlarındakı nailiyyətləri də qeyd etmək istərdim. Bu yarışdan sonra da ölkə başçısı idmançılarla görüşdü və onları qəbul etdi. Bir ildə üçüncü dəfə Prezidentlə görüşdük. Ölkə başçısı xüsusən həmin tədbirdə də vurğuladı ki, Güləş Federasiyası bütün nailiyyətlərdə öndədir.

- İdmançı kimi əldə etdiyiniz nailiyyətləri baş məşqçi kimi də gerçəkləşdirmək, hansısa güləşçini olimpiya çempionu etmək barədə düşünürsünüzmü?

- 2021-ci ildə bunun bir addımlığında idik. Hacı Əliyevə hər dəfə bunu xatırladıram, artıq Paris-2024-ə hazırlaşır. Onu qızıl medaldan 31 saniyə ayırırdı. Haqlı və ya haqsız, hakim görüşü saxladı. Yapon güləşçi həkimə ehtiyac duydu, gözünə nəsə olmuşdu. 31 saniyə ərzində nələr yaşadıq. Onadək düşünürdük ki, artıq Hacı Əliyev olimpiya çempionudur. Sidney olimpiadasında da mənim başıma eyni hadisə gəlmişdi. Qarşılaşmanın bitməsinə 29 saniyə qalmış hakim oyunu saxlamışdı və fəal olmadığıma görə mənə xəbərdarlıq etmişdi. 4:3 hesabı ilə öndə idim, həmin vaxt dözə bildim. Fikirləşirdim ki, Hacı da nəyin bahasına olursa-olsun qızıl medalı əldən verməyəcək. Bu, idmandır. Biz çox istərdik ki, Hacı olimpiya çempionu olsun. Əfsuslar olsun ki, gerçəkləşmədi. Amma baş tutsaydı, mən baş məşqçi kimi də buna nail olacaqdım. Hədəfimiz bu istiqamətdədir. Komandamızın çoxu gənclərdən ibarətdir. Şərif Şərifov, Cəbrayıl Həsənov, Toğrul Əsgərovun artıq idmanda olmaması da nəticələrə təsir etdi. Biz elə vaxtda gəldik ki, bunların hamısının zədə və yaş səbəbindən karyeralarının sonları oldu. Hədəfimiz qarşıdakı olimpiadada nailiyyət qazanmaqdır. Bunun üçün əlimizdən gələni əsirgəmirik. Dövlətimiz, MOK və nazirlik tərəfindən hər şərait yaradılır. Federasiyamızda dəyişiklik olduğunu bilirsiniz. Mikayıl Cabbarov AGF-nin prezidenti seçilib. Mən baş məşqçidən əlavə, İcraiyyə Komitəsinin də üzvüyəm. Beş xarici komanda burada təlim-məşq toplanışında iştirak edirdi. Qazaxıstanın böyüklər, yeniyetmə və gənclərdən ibarət kollektivi, İsveçrə yığması hələ də buradadır. Polşa və Moldova seçmələri də burada bizim güləşçilərlə birlikdə toplanış keçirdilər. Hər şərait yaradılır ki, bizim gənc idmançılarımız yeni rəqiblə, sparrinqlə görüşsünlər və yarışlara hazır olsunlar.

- 2023-cü ilin ilk yarışı Xorvatiyanın paytaxtı Zaqrebdəki reytinq turniri olacaq. Burada hədəfləriniz nədir?

- Bu, bizim üçün vacib yarışdır. Daha sonra yenə reytinq turnirləri olacaq. Əvvəllər burada təmiz çəki nəzərə alınırdı. Amma artıq iki kq fərq ola bilər. Məsələn, 57 kq olan idmançı 59 kq-da mübarizə aparacaq. Bu, Avropa və dünya çempionatlarının püşkatmasında daha münasib rəqiblərlə üz-üzə gəlmək baxımından çox önəmlidir. İlk görüşlərdə favorit idmançı ilə düşəndə güləşçilər güc baxımından çətinliklə üzləşirlər. Reytinq turnirində idmançılarımızın durumuna daha yaxşı baxacağıq. Qarşıda Misirdə reytinq turniri və Yaşar Doğu turniri də olacaq. Əsas hədəfimiz isə Avropa çempionatıdır. Ötən il komanda hesabında çempion olmuşduq. Biz, federasiya rəhbərliyi, nazirlik, MOK hər zaman istəyirik ki, güləşçilərimiz nailiyyətlər əldə etsinlər. Olimpiadalarda və digər mötəbər yarışlarda medalların yüksək əyarlı olmasına çalışırıq. Bunun üçün də hər şərait yaradılır. Etimadı doğrultmaq üçün əlimizdən gələni edəcəyik.

- Azərbaycanın titullu qadın güləşçisi Mariya Stadnik də uzun müddətdən sonra bu yarışda iştirak edəcək...

- Federasiya olaraq Mariya Stadnikdən də gözləntilərimiz böyükdür. Uzun müddətdən sonra Zaqrebdə çıxış edəcək. Aparıcı və zədə almayan idmançıların hamısı bu yarışa qatılacaq.

- Azərbaycanda yunan-Roma və sərbəst güləşdə daim ağır çəkilərdə problemlər olub. Sizcə, bunun əsas səbəbi nədir?

- Bu, ən yaralı yerimizdir. Bizim vaxtımızda - müstəqilliyin ilk illərində də belə söhbətlər var idi ki, legionerlər cəlb edilir, amma bizim öz güləşçilərimiz yoxdur. Çox aktual sualdır, hamı da demək olar ki, bundan danışır. Biz güləşəndə də eyni problem mövcud idi. Əsasən klublarda, cəmiyyətlərdə, bölgələrdə bununla məşğul olunmalıdır. Paytaxtdan kənarda məşq proseslərinə ağır çəkili idmançılar cəlb edilməlidir. Əslində, bu suala cavab vermək çətindir. SSRİ vaxtında da bizim böyük çəkilərdə güclü güləşçilərimiz olmayıb. Eşitməmişəm ki, hansısa azərbaycanlı SSRİ çempionu adını qazansın. Bununla bağlı dəfələrlə demişik. Ağır çəkili güləşçilər çox azdır. Yunan-Roma güləşində bizə nisbətən var. Klublar və cəmiyyətlər bu kimi məsələlərə önəm verməlidirlər. Yığma komandaya Azərbaycan çempionatında 1-3-cü yeri tutmuş güləşçilər cəlb edilirlər. Azərbaycanda niyə böyük çəkidə uğurlar qazanılmır? Mən özüm də bunu deməkdə çətinlik çəkirəm. Bəlkə də bu, genetik baxımdan belədir. Başqa dövlətlərdə, şəhərlərdə, bizim yaxın qonşularda, Gürcüstanda və Rusiyada böyük çəkili güləşçilər hər zaman olub. Sadəcə, bizdə azdır. Bununla bağlı işlər gedir. İnanmaq istəyirəm ki, yaxın gələcəkdə bizim də belə güləşçilərimiz Avropa və dünya çempionatlarında qızıl medal qazanacaqlar. Bu, istəkdir. Ancaq yenə vurğulamaq istəyirəm ki, bununla bağlı bölgələrdə iş aparılmalıdır. Hansı ki, dağlıq yerlərdə təbii gücü olan gəncləri axtarıb tapmalıdırlar və onları cəmiyyətlərə, klublara cəlb etməlidirlər. Paytaxtda da bu yöndə işlər aparılır. Amma belə idmançıları əsasən regionlarda axtarmaq lazımdır. Biz də istəyirik ki, böyük çəkili idmançılarımız nailiyyətlər əldə etsinlər və legioner cəlb etməyək. Kənarda idmançının gəlməyi də bir tərəfdən xeyirlidir. Rəqabət olmayan yerdə uğur qazanmaq mümkün deyil. Biz həmişə ədalətli seçim etməyə çalışırıq. Bizim idmançılarımız öz gücünü göstərib qalib gəlirsə, dərhal yarışlarda ona şans verilir. Bir daha vurğulamaq istəyirəm ki, ötənilki dünya çempionatında 9 güləşçidən 7-si azərbaycanlı idi. Avropa çempionatında da 6 çəki sırf bizim öz güləşçilərimiz idi. Biz sonadək güləşçilərimizə şans verməyə hazırıq. Amma nailiyyət əldən etməkdən ötrü legionerlər də cəlb edilir. Rəqabət olmalıdır ki, bizim idmançılarımız çətinlikləri görsünlər. Müxtəlif ölkələrin sərbəst güləşçiləri Bakıda təlim-məşq toplanışında idi. Bu əslində güləşçilərimiz üçün yarış deməkdir. Onlar hər məşq prosesində bir xarici idmançı ilə güləşirdilər. İki həftə ərzində 20-dən çox qarşılaşma baş tutub. Bunun özü bir təcrübə deməkdir. Bizdə güclü və titullu idmançılar olduğu üçün digər ölkələrin komandaları da burada hazırlıq prosesi keçməkdə maraqlıdırlar. Fevralda da bəzi ölkələr təlim-məşq toplanışı üçün Bakıya gələcəklər. Adlarını daha sonra açıqlayacağıq. Belə hazırlıq prosesi onlara daha çox kömək edir.

- Azərbaycanın olimpiya çempionları Toğrul Əsgərov və Şərif Şərifov haqqında danışmağınızı istərdik. Əsgərov pandemiyadan əvvəl zədə səbəbindən idmandan kənarda qalmışdı. Şərifov isə Tokio olimpiadasından sonra gözə dəymir. Bu iki güləşçinin karyeralarını bitirdiklərini deyə bilərikmi?

- Toğrul Əsgərov pandemiya dövründə də məşqlər edirdi. Hələlik onunla bağlı konkret açıqlama verilməyib. Yəqin ki, yaxın günlərdə özü məlumat verəcək. Yığmanın təlim-məşq toplanışında yaxından iştirak edir. Ancaq idman karyerasını bitirib-bitirməməsi ilə bağlı nəsə deyə bilməyəcəyəm. Onun belində zədəsi var idi. Şərif Şərifov da Tokiodakı yarışdan sonra zədə ilə bağlı müalicə alıb. O da hazırlıq proseslərində yaxından iştirak edir. Hansısa yenilik olsa, federasiya tərəfindən də açıqlama veriləcək. Sonda idmançı özü bunu etiraf etməlidir. İstəsə, karyerasına davam edəcək. Karyerasını bitirsə və hansısa yerdə özünü görmək istəsə, federasiya, MOK və nazirlik tərəfindən onlara dəstək veriləcək. Necə ki, həmişə bu dəstək olub. Bəzi idmançılarımız karyeralarını başa vurduqdan sonra istər güc strukturlarında, federasiyamızda və digər sahələrdə işlə təmin ediliblər. Ölkə başçımız da Avropa, dünya və olimpiya çempionlarımıza daim diqqət, qayğı göstərib və hər cür köməklik edir.

- Artıq bu il Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunları üçün lisenziya yarışları baş tutacaq. Olimpiadaya neçə lisenziya qazanmağı hədəfləyirsiniz?

- Mən baş məşqçi postuna gələnədək Tokio olimpiadası üçün bir lisenziya qazanılmışdı, daha sonra isə ikisini əldə edə bildik. Paris-2024 üçün komandamızda Hacı Əliyev (65 kq) və digər perspektivli idmançılarımız var. 57 kq-da İslam Bazarqanov, Əliabbas Rzazadə, 65 kq-da həm də Əli Rəhimzadə və Zirəddin Bayramovu qeyd edə bilərəm. 74 kq-da Hacımurad Hacıyev, Turan Bayramov və Cəbrayıl Hacıyevın arasında hər zaman sağlam rəqabət mövcuddur. 86 kq-da Abubakr Abakarovun lisenziya qazana biləcəyini düşünürük. Azərbaycan çempionu olmuş Orxan Abasov da bu çəkidədir. O da güclü güləşçidir. Ən azı hədəfimiz ötən olimpiadadan daha çox lisenziya qazanmaqdır. 4 lisenziya fikrimizdə var. Builki dünya çempionatında 1-5-ci yerləri tutmuş idmançılar lisenziya qazanacaqlar. Sonra Avropa və dünya təsnifat turnirləri gerçəkləşəcək. Səhv etmirəmsə, Avropada finalçılar, dünyada isə ilk beş yeri tutmuş güləşçilər lisenziya əldə edəcəklər. Üçüncü yerə çıxmış idmançılar lisenziya üçün bir-biriləri ilə güləşəcəklər.

- Yəqin ki, hər idmançıya bir turnirdə şans veriləcək. Avropa təsnifat turnirində lisenziya qazana bilməyən idmançının digər yarışda çıxış etmək ehtimalı varmı?

- Buna baxacağıq. Kimlər hazır olsa, onlara şans veriləcək. Əsas hədəf bu il dünya çempionatından lisenziya əldə etməkdir. Mundialda çox lisenziya əldə etmək niyyətindəyik.

- Polşadakı keçiriləcək III Avropa Oyunlarının proqramından güləşin çıxarılması barədə nə deyə bilərsiniz?

- Dünya Güləş Birliyi (UWW) və Avropa Olimpiya Komitəsi (EOC) belə qərar verib. Səbəbini bilmirəm. Yəqin ki, bunu EOC və UWW rəsmiləri daha yaxşı bilər.

- Paris-2024-də Hacı Əliyevdən başqa Azərbaycanın hansısa sərbəst güləşçisinin medalçılar sırasına düşmək ehtimalı varmı?

- Olimpiada ilə bağlı proqnoz vermək çətindir. Mən idmançı olduğum dönəmdə də məşqçilərim bu fikirdə idilər. Amma mən özüm həmin vaxt Heydər Əliyevə söz verdiyim üçün əlimdən gələni etdim. Hər bir baş məşqçi idmançısının Yay Olimpiya Oyunlarında qızıl medal qazanmasını istəyir. Hədəfimiz də budur, buna doğru gedirik. Hamı da bilir ki, favoritimiz Hacı Əliyevdir. O da bunu çox arzulayır. Artıq bürünc və gümüş medallar əldə edib. Hacıdan sonra ikinci favoritimiz ötən il Avropa çempionu olmuş və dünya çempionatında bürünc medala sahib çıxan Məhəmmədxan Məhəmmədovdur. 74 kq-dakı gənc idmançılarımıza da ümidimiz var. Biz hər idmançımızdan medallar gözləyirik. 2012-ci ildən sonra Toğrul Əsgərovun və Şərif Şərifovun ikiqat olimpiya çempionu olmasını hər kəs gözləyirdi. Amma hazırda komandamızda əksər güləşçilər gəncdirlər. Təcrübəli isə yalnız Hacı Əliyevimiz var. Digərləri artıq yoxdur. Biz hələ bilmirik ki, Toğrul və ya Şərifin gələcək karyerası necə olacaq, yarışlara qatılacaqlarmı? Bir neçə vaxtdır ki, güləşmirdilər. Özümüzü aldada bilmərik. İndiki gənclərimiz gələcəkdə özlərini göstərəcəklər. Avropa və dünya çempionatlarındakı çıxışlarından sonra onların mümkün hədəfləri barədə danışa bilərik. Digər idman növlərində də 3-5 idmançını olimpiadaya favorit göstərə bilməzlər. 2012-ci ildə Toğrul Əsgərov qızıl medal qazanandan sonra da favorit göstərilirdi və Rio-2016-da finalda uduzaraq gümüş medal əldə etdi. Elə həmin il Əsgərovla yanaşı Xetaq Qazyumov və Mariya Stadnik də finalda güləşmişdilər. Amma nədənsə qızıl medal qazanmaq alınmadı. Biz indiki komandadan da olimpiya çempionunun çıxmasını istəyirik, hədəfimiz də məhz budur. İstəklərimiz olimpiadada yüksək əyarlı medallar əldə etməkdir. Hər kəs güləşçilərdən daim qızıl medal gözləyir. Amma konkret kimlərinsə üzərində dayana bilmərik. Bunun üçün əlimizdən gələni edəcəyik. Olimpiada sürprizlərlə doludur.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri