25 
Mar
2023
19:30
84
15
2036
Virtual karabakh

Premyer Liqa: Limit dəyişikliyi legioner axınına səbəb olub? - ARAŞDIRMA

25 Mar, 2023
19:30
2036

Premyer Liqa: Limit dəyişikliyi legioner axınına səbəb olub? - ARAŞDIRMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasında bu mövsümdən fərqli legioner limiti tətbiq edilir.

Oxu.Az xatırladır ki, keçən il mayın 31-də AFFA İcraiyyə Komitəsi bununla bağlı dəyişiklik edib. Əgər əvvəllər start heyətində altı əcnəbiyə icazə verilirdisə, bu mövsümdən say yeddiyə yüksəldilib.

Bəs bunun təsirləri nələrdir? Limitin yumşaldılması ölkəyə legioner axınına səbəb olubmu?

Əcnəbi oyunçu sayı artıb, lakin...

2020/21 mövsümündə Premyer Liqanın səkkiz klubunda ümumilikdə 80 əcnəbi futbolçu olub. Növbəti mövsümdə də bu say dəyişməyib. 2022/23 mövsümündə isə artım qeydə alınıb. Hazırda Premyer Liqa klublarında ümumilikdə 92 legioner var.

Keçən mövsüm çempionatda səkkiz komanda çıxış edib və onlardan biri - “Sumqayıt” - yalnız yerli futbolçularla oynayıb. Beləliklə, yeddi komandada orta hesabla 11,5 əcnəbi olub.

Bu mövsüm Premyer Liqada 10 kollektiv yarışır. “Kəpəz” və “Turan Tovuz” elitaya qayıdıblar. “Sumqayıt” strategiyasını dəyişərək, heyətinə legionerlər cəlb etməyə başlayıb. “Şamaxı” isə əksinə, əcnəbilərdən imtina edib və tamamilə yerli oyunçularla çıxış etməyə başlayıb. Beləliklə, doqquz klubun payına 92 legioner düşür. Bu isə orta hesabla hər komandada 10,2 gəlmənin olması anlamına gəlir.

Rəqəmlər onu göstərir ki, limitlə bağlı güzəşt edilsə də, klublar daha çox yerli oyunçu ilə oynamağa üstünlük veriblər. Ancaq vəziyyət bu qədər sadə deyil.

Elitaya yüksələnlərin təsiri necədir?

Mənzərənin daha dəqiq təsviri üçün elitaya yüksələn “Turan Tovuz”la “Kəpəz”i istisna edib, vəziyyətə yenidən baxmaq gərəkdir. İlk növbədə ona görə ki, on və səkkiz komandalı çempionatların birbaşa müqayisəsi qüsurludur. Digər tərəfdən, adıçəkilən komandalar məhdud büdcəyə malikdirlər və ilk il üçün elə də çox əcnəbi transferi həyata keçirə bilməyiblər. Hər ikisində say ortalamanın altındadır. “Turan Tovuz”da doqquz əcnəbi varsa, “Kəpəz” səkkiz legionern xidmətindən yararlanır.

Adıçəkilən komandaları və yerlilərdən ibarət “Şamaxı”nı istisna etsək, yeddi klubun payına 75 legioner düşür. Bu isə az öncəki ortalamadan (10,2) bir qədər yüksəkdir – 10,7. Ancaq yenə də ötən iki mövsümdə olandan (11,5) aşağıdır.

Beləliklə, nəticə çıxara bilərik ki, limitdə yumşalma klublara transfer məsələsində daha sərbəst olmaq imkanı yaratsa da, onlar gözüyumulu əcnəbi oyunçu gətirməyiblər. Əksinə, komandalar daha həssas yanaşmağa və keyfiyyətə üstünlük verməyə başlayıblar.

Yeni gələnlərdə azalma

Fərqli aspektdən - yeni gələnlərin sayı baxımından yanaşdıqda da saldo yerlilərin lehinədir.

Bu mövsüm elita təmsilçilərində olan 92 əcnəbinin 66-sı yeni oyunçulardır. Ötən mövsüm isə çempionatımıza 51 legioner gəlib. Deməli, bu mövsüm klublar orta hesabla 7,3 legioner gətiriblər. Keçən mövsüm isə bu rəqəm 7,28 olub. Eyni qaydada “Turan Tovuz”la “Kəpəz”i istisna etsək, orta rəqəm yeddiyə düşür. Beləliklə, yenə gedişat pozitiv hesab edilməlidir.

Ayrı-ayrı klublarda vəziyyət necədir?

Nəhayət, limit dəyişikliyinin ayrı-ayrı klubların fəaliyyətində necə əks olunmasına gəlsək, burada da vəziyyət “orta-stabil”dir. “Qarabağ”da 11 (ötən mövsümlə eyni), “Neftçi”də 10 (-4) “Sabah”da 10 (-6), “Zirə”də 14 (+3), “Qəbələ”də 11 (+2), “Səbail”də 9 (+5) əcnəbi var. İki klubda legionerlərin sayı ümumilikdə 10 futbolçu azalıbsa, üç klubda da eyni qədər artım baş verib. Strategiya dəyişən “Sumqayıt”da 10 əcnəbi var, “Şamaxı” da 11 gəlmədən imtina edib. “Kəpəz”lə “Turan Tovuz” yenidən istisna hal təşkil edirlər.

Yekun

Beləliklə, uzun illər tətbiq edilən 6+5 (6 legioner + 5 yerli futbolçu) sistemindən 7+4 (7 legioner+4 yerli futbolçu) sisteminə keçid, düşünüldüyü kimi, yerli futbolçuların itirilməsi ilə nəticələnməyib. Əksinə, Premyer Liqa klubları əvvəlkindən fərqli olaraq, indi daha çox “öz məhsullarımız”dan istifadə edirlər. Bu, bir daha onu göstərir ki, heç bir komanda keyfiyyətdən imtina etmir. Əgər yerli oyunçular kifayət qədər yaxşıdırlarsa, məşqçilər əcnəbilərdənsə onları üstün tuturlar.

Faiq Tahirov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri