24 
Mar
2023
10:45
97
16
2066
Virtual karabakh

Azərbaycan millisinin səkkizinci startı ərəfəsində: Pozitiv nəticəyə ümid varmı? - TƏHLİL

24 Mar, 2023
10:45
2066

Azərbaycan millisinin səkkizinci startı ərəfəsində: Pozitiv nəticəyə ümid varmı? - TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisi növbəti seçmə mərhələyə start verir.

Oxu.Az xəbər verir ki, yığma martın 24-də AVRO-2024-ə vəsiqə uğrunda mübarizəyə başlayacaq. Milli ilk oyununu Avstriyada yerli komandaya qarşı keçirəcək.

Bu, yığmanın Avropa çempionatlarının seçmə mərhələlərində 8-ci iştirakı olacaq. Komanda ilk dəfə AVRO-96-nın seçmə tsiklində mübarizə aparıb. Həmin zaman 6 iştirakçılı qrupa düşən yığma sonuncu yeri tutub. Qələbə əldə edə bilməyən milli 1 heç-heçə edib və 9 dəfə məğlubiyyətlə üzləşib. Komanda cəmi 2 qol vura bilib, öz qapısında isə 29 top görüb.

Yığma bir də AVRO-2020-nin seçmə mərhələsi zamanı 90-cı illərə “qayıdıb”. Yenə qələbə qazana bilməyən kollektiv 5 komanda arasında sonuncu olub. 8 qarşılaşmanın 7-də uduzan milli cəmi 1 heç-heçə edə bilib. Bu, yığmanın Avropa çempionatlarının seçmə mərhələlərində antirekordudur.

Yığma daha iki dəfə sonuncu pilləni tutub. Bunlar AVRO-2004 və AVRO-2008-in seçmə mərhələlərində qeydə alınıb. 2000, 2012 və 2016-cı il çempionatlarının seçmə mərhələlərində isə milli sondan ikinci yeri tutub.

Ən yaxşı göstərici AVRO-2012-nin seçmə tsiklində qeydə alınıb. İki qələbə əldə edən komanda bir oyunda da heç-heçəyə imza atıb. Yekunda 7 xal 6 komanda arasında 5-ci olmağa kifayət edib.

Ümumi statistikaya gəlincə, milli Avropa çempionatlarının seçmə mərhələlərində 68 oyunda 6 qələbə qazana bilib. 52 dəfə uduzan kollektiv 10 oyunu heç-heçə başa vurub. Rəqiblərin 165 qoluna cəmi 41 dəfə cavab vermək mümkün olub.

Nəticələr pozitiv deyil, bəs bu dəfə nəyə ümid etmək olar?

Milli Belçika, Avstriya, İsveç və Estoniya ilə birgə mübarizə aparacaq. Qrupu milli üçün ən ideal hesab etmək olmaz. İlk növbədə ona görə ki, 5 komandalıdır. Bu, münasib sayılmır. Çünki daha bir zəif rəqiblə üzləşməyə, başqa sözlə daha çox xal qazanmağa maneədir.

Digər tərəfdən, rəqiblər kifayət qədər güclüdürlər. Belçika, Avstriya və İsveç möhkəm kollektivlərdir, 5-ci səbətdən isə heç də ən zəifi gəlmədi.

Lakin qrupdan narazı qalmaq da naşükürlük olardı. Hər halda, İtaliya, İngiltərə, Ukrayna kimi yığmaların yer aldığı qrupa düşmək variantı da var idi.

Milli ortabab qrupdadır. Burada Azərbaycan səviyyəsində uğur qazanmaq çətin olsa da, mümkündür. Baş verə biləcək uğursuzluq isə çox ciddi rezonans doğuracaq.

Qrupda aşkar favorit Belçikadır. Lakin ilk səbətdən onsuz da zəif rəqib gəlməyəcək və ciddi şansımız olmayacaqdı. Müsbət hesab ediləcək məqam odur ki, Belçika əvvəlki qədər qorxulu deyil. “Qızıl nəsil” “qızıl dövrünü” geridə qoyub. İndi “qırmızı iblislər”in axsayan mövqeləri var, yeni nəsildə əvvəlki qədər parlaq simalar yoxdur. Belçikanı büdrətmək çətin görünür, amma mümkünsüz deyil. Nəzərə almaq lazımdır ki, vaxtilə bu Benilüks ölkəsi yığmasından xal qoparmağı bacarmışıq.

İlk rəqiblər - ikinci səbətdən gələn Avstriya və 3-cü səbətdən bəxtimizə düşən İsveç təxminən bərabər səviyyəlidirlər. Bəlkə, skandinaviyalılar bir qədər üstündürlər də.

Bu iki komanda 2-ci yer uğrunda mübarizə aparacaqlar. Belçika ilə müqayisədə nisbətən münasib rəqiblərin hər ikisini büdrətmək mümkündür. Əlbəttə, ikinci və üçüncü səbətlərdən daha uyğun rəqiblər gələ bilərdi. Lakin bu komandalara da başağrı ola bilərik.

Kağız üzərində ən zəif Estoniya hesab edilir. Səbətlər tərtib edilərkən Millətlər Liqasının nəticələri nəzərə alındığından belə vəziyyət yaranıb. Lakin problem ondadır ki, estonlar FIFA-nın reytinq cədvəlində bizi üstələyirlər. Rəqib 109-cudursa, Azərbaycan millisi 121-ci pillədə qərarlaşıb. 5-ci səbətin ortababı sayılan Estoniyaya qarşı favorit hesab edilsə də, yığmanın 6 xal qazanacağını düşünmək həddən artıq pozitivlik olardı. Yəqin ki, onlar da Azərbaycan millisinə xal ümidi kimi yanaşırlar.

Tsikl öncəsi müsbət məqam milli komandanın uğurlu seriyasıdır. Yığma son 5 oyunda qələbə qazanıb və bu, mütləq rekorddur. Düzdür, bunların son ikisi yoldaşlıq görüşünə təsadüf edib, öncəki üç qarşılaşma isə Millətlər Liqasında elə də əhəmiyyət kəsb etməyən qarşılaşmalar olub. Ancaq hər halda, qələbə müsbət ab-hava yaratmamış deyil.

Digər tərəfdən, baş məşqçi Canni De Byazi artıq uzun müddətdir, milli komandadadır. Bu qədər zaman ona futbolçulara öz fəlsəfəsini aşılamaq üçün kifayət etməli idi. Nəticələrdə yüksələn qrafik də gedişatın bu yöndə olduğunu deməyə əsas verir.

Milli bu qrupda seçmə mərhələlərdəki 7 xallıq rekordu təkrarlamaq və ya daha yaxşısına nail olmaq potensialındadır. Bunun üçün yaxşı start şərtdir. Avstriya, ardınca İsveç səfərləri o qədər də münasib başlanğıc hesab edilə bilməz. Bu iki qarşılaşmada heç olmasa 1 xal əldə etmək mümkün olsa, yığma tsikli yaxşı səviyyədə keçirə bilər.

Faiq Tahirov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri