28 
Mar
2023
11:32
57
229
7488
Virtual karabakh

Oyuna başlamadan uduzan milli: Biabırçılığın təməli startda qoyulmuşdu

28 Mar, 2023
11:32
7488

Oyuna başlamadan uduzan milli: Biabırçılığın təməli startda qoyulmuşdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün-sabah Canni De Byazinin Azərbaycan millisində üç ili tamam olacaq. Ancaq italyan hələ də bilmir ki, hansı futbolçu hansı mövqedə oynayır.

Vaxtilə Berti Foqts millini çalışdıra-çalışdıra ölkədə tapılmamasına görə qınanırdı. Ancaq De Byazi vaxtının çoxunu Azərbaycanda keçirir. O, özü bölgələrə səfər edir, köməkçiləri az qala bütün çempionat oyunlarını izləyirlər. Lakin meydana futbolçu buraxmaq məsələsinə gələndə əndərəbadi qərarlar qəbul olunur.

Milli İsveçlə oyuna Avstriya qarşılaşması ilə müqayisədə dörd dəyişikliklə başlamışdı. Qapıda Yusif İmanovu Emil Balayev əvəzləmişdi. Müdafiənin mərkəzində Bəxtiyar Həsənalızadənin əvəzinə Anton Krivotsyuk, orta xətdə zədəli Eddi İsrafilovun yerinə Aleksey İsayev başlamışdı. Sağ vinger kimi isə Ozan Can Kökçünü Toral Bayramov əvəzləmişdi.

Yusifin olmaması anlaşılandır. Gənc qolkiper Avstriya ilə oyunda inamsız görünmüşdü. Əslində, heç bir milli təcrübəsi olmayan qapıçını belə ağır yükün altına salmaq özü yanlış idi.

Bəxtiyar Həsənalızadənin Anton Krivotsyukla əvəzlənməsi də başadüşüləndir. Yusiflə birgə ən çox tənqid edilən futbolçu o idi. Bir məqamı da qeyd edək ki, əslində, elə Avstriyaya qarşı məhz Anton oynamalı imiş. Matçın startına yarımca saat qalmış De Byazi nəsə fikirləşib, Bəxtiyarı meydana buraxıb.

Eddini Elvin Camalovun əvəzləyəcəyi gözlənilirdi. Çünki güclü rəqiblə səfər oyununda milliyə müdafiə olunmaq daha çox lazım idi. Amma Aleksey İsayevə şans verdiyinə görə baş məşqçini qınamaq olmaz. Seçimdir, taktikadır, “okey”dir.

“Hoqqa vermək” prosesi Toral Bayramovla bağlıdır. Həqiqətən, 22 yaşlı futbolçu sağ vinger kimi çıxış edib. De Byazi rəqəmlərlə danışmağı sevir, ona görə biz də belə ifadə edək: “Qarabağ”ın oyunçusu karyerası ərzində cəmi üç (!) oyunda hücumun sağında oynayıb. Bəli, o, hətta bu mövqedə çıxış edərkən qol da vurub, ancaq bu, millinin belə vacib oyununda eksperiment etmək üçün yetərli səbəb hesab edilə bilməz.

Heyət, taktiki seçimlərlə bağlı uzun-uzadı yazmaq olar. Əsas məqam - Toral nümunəsindəki kimi - oyunçulardan amplualarına uyğun istifadə edilməməsidir. Millinin dünənki heyətində üç sol cinah müdafiəçisi var idi. Bu, ağlasığmazdır. Kimə desən, gülər. Sanki başqa mövqe oyunçusu yoxmuş kimi...

Elvin Cəfərquliyev dünənki matçda “ştat”la sol cinah müdafiəçisi idi. “Qarabağ”da onun əvəzləyicisi olan Toral Bayramovla bağlı absurd vəziyyəti artıq təsvir etdik. Anton Krivotsyukun keçmişi də, indisi də sol cinah müdafiəçiliyidir. Düzdür, o, daha çox stopper kimi çıxış edib, amma “Neftçi”dəki ilk vaxtlarında məhz solda oynayırdı. Hazırda çıxış etdiyi Koreya klubunda da dörd oyunun hamısını məhz bu mövqedə keçirib.

Absurdluq təkcə bununla bitmir. Heyətində üç sol cinah müdafiəçisi olan komandanın sağında bircə nəfər də yox idi. Höccət Haqverdi mərkəz müdafiəçisidir və məhz De Byazinin mənasız inadına görə sağda çıxış edir. Ancaq axı 90 dəqiqə ərzində bir asma belə edə bilməyən futbolçu necə cinah müdafiəçisi ola bilər?!

Bu məqamın üzərində çox dayanmağımız səbəbsiz deyil. Müasir futbolda ən həlledici oyunçular laterallardır. Uğurlu komandaların hamısının cinah müdafiəçiləri də uğurludur. Tomas Tuxelin “Çelsi”də Markos Alonsodan xüsusən hücum planında nələr tələb etdiyi elə də uzaq keçmiş deyil.

De Byazi seçimləri ilə İsveçlə oyunu başlamadan uduzmuşdu. Yekunu isə biabırçılıq oldu. Elə bunu da italyanın seçimləri ilə əlaqələndirmək lazımdır. Hər əvəzləmədən sonra hesab daha da böyüyürsə, başqa izahı yoxdur.

Nə edirsiniz, sinyor? Bu, milli komandadır, sizin üçün “laboratoriya dovşanı” deyil, hər dəfə eksperiment aparasınız.

Üstəlik, baş məşqçi matçdan sonra utanmadan əla oynadıqlarını deyib. 0:5 uduzan komandanın çalışdırıcısı deyib ki, əla oynadıq. İlk dəfədən inanmayanlar üçün təkrarlamağı lazım bildik...

Baş məşqçi onu da deyib ki, İsveç FIFA reytinq sıralamasında bizdən yüz pillə yuxarıdadır. Ancaq dərk etmir ki, sıralama nəticələrlə düz mütənasibdir. Hər dəfə uduzursansa, fərq böyüyür. Bu gedişlə italyan İsveçə qarşı Bakıdakı oyundan sonra rəqibin yüz yox, 110 pillə daha yuxarıda olduğunu bəhanə gətirəcək.

Avstriyanın da, İsveçin də Azərbaycan yığmasından güclü olduğu aşkardır. FIFA-nın sıralamasından da hər kəs xəbərdardır. Elə buna görə də İtaliyadan milyonluq məşqçi dəvət edilib ki, vəziyyəti düzəltsin. O da gəlib eyni bəhanələri təkrarlayacaqsa, burada olmasının mənası nədir? 11 futbolçunu “mövqeyinə baxmadan” meydanda düzə biləcək, hər məğlubiyyətdən sonra rəqiblərin gücünü qabartmaq bacarığında adam yoxdur ölkədə?

Avstriya məğlubiyyətindən sonra Yusif İmanovla Bəxtiyar Həsənalızadə hədəfdə idilər. Dünənki görüşdə isə səhv etməyən qalmadı. Deməli, sistem yanlışdır, yanaşma səhvdir.

Bu milli, bəlkə də, tarixin ən potensiallısıdır. Belə bərbad nəticə göstərirsə, problem baş məşqçidir. Üç ildir həmin məşqçi postundadırsa, o zaman da problem federasiyadadır. Zəhmət olmasa, DÇ-2022 və son Millətlər Liqasındakı uğursuz çıxışlardan sonra De Byazi ilə müqavilənin yenilənməsi izah edilsin. Əhəmiyyətsiz oyunlarda əldə edilən beş qələbə? - Son iki matç ortaya qoydu ki, həmin görüşlər heç nə ifadə etmirmiş. Reallıq San-Marinodan da pis top fərqi, qrupun autsayderi sayılan Estoniyadan daha ruhsuz oyun və sonuncu pillədir. Yerim(n)iz məlum...

Faiq Tahirov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri