31 
Mar
2023
12:40
64
8
1804
Virtual karabakh

Premyer Liqada həlledici mərhələ: “Qarabağ” çempionluq üçün mayı gözləməyəcək?

31 Mar, 2023
12:40
1804

Premyer Liqada həlledici mərhələ: “Qarabağ” çempionluq üçün mayı gözləməyəcək?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli komandaların oyunları ilə bağlı yaranan fasilə başa çatır.

Oxu.Az xəbər verir ki, bu gün sonuncu - 4-cü dövrə başlayacaq. Mövsümün sonunda bir komandanın elitanı tərk edəcəyi dəqiqləşdiyindən qarşıdakı 9 tur xüsusən aşağı sıralarda gərgin mübarizə vəd edir.

İlk 5-likdə “Zirə” ilə “Qəbələ”nin 4-cü pillə yarışı istisna olmaqla demək olar ki, hər şey aydındır. “Qarabağ” 9 xal fərqlə vahid liderdir və qarşıdakı bir neçə oyunda çempionluğunu elan edə bilər. Gedişat onu göstərir ki, Ağdam klubuna çempionluğu rəsmiləşdirmək üçün mayı gözləmək lazım gəlməyəcək.

“Sabah” da ikinci pillədə möhkəmdir, lakin “Neftçi”nin son zamanlar daha yaxşı çıxış etməsi gümüş medalçının kim olacağını iddia etməyi çətinləşdirir.

4-cü yer uğrunda mübarizə daha gərgin olacaq. Bu pillə avrokuboka vəsiqə verə biləcəyindən “Qəbələ” və “Zirə” sonadək iddiasından əl çəkməyəcək. Hazırda paytaxt təmsilçisi rəqibini bir xal üstələyir. “Qəbələ” isə kubokda da mübarizəni davam etdirdiyindən Konfrans Liqasına oradan da vəsiqə qazanmaq imkanı var.

“Turan Tovuz” 6-cı pillədə möhkəmdir. Ayxan Abbasovun çalışdırdığı qərb təmsilçisi həm avrokubok mübarizəsindən uzaqdır, həm də elitada yerini qorumaq.

Qalan dörd kollektiv Premyer Liqada qalmaq üçün sözün bütün mənalarında tər tökməli olacaq. 7-ci “Kəpəz”lə sonuncu “Səbail”i cəmi dörd xal ayırır. Bu mübarizədə “Kəpəz” üçüncü dövrədəki çıxışı ilə şansını artırıb. “Səbail” isə həm mövqeyinə, həm qrafikinə görə daha çətin durumdadır. Şahin Diniyevin komandası üçün problem ondadır ki, birbaşa rəqibləri ilə əsasən səfərdə oynayacaq, öz meydanında isə güclüləri qəbul edəcək. Yalnız “Şamaxı” ilə son tur oyununu istisna etmək olar. Təbii ki, həmin matça qədər Bayıl klubu şansını qoruya bilsə...

“Şamaxı”nın taleyi isə daha çox “Sumqayıt” və “Kəpəz”lə matçlardan asılı olacaq. Tamamilə yerlilərdən təşkil olunan kollektivin üstünlüyü birbaşa rəqibi olan iki komandanı öz meydanında qəbul etməsidir.

İstənilən halda, elitada qalmaq mübarizəsi son ana qədər davam edəcək. “Kəpəz”, “Sumqayıt” və “Səbail” heyətinin keyfiyyətinə arxalana bilərsə, “Şamaxı” qrafikin üstünlüyü və mübarizliyi ilə sürpriz etməyə çalışacaq. Dördüncü dövrədə mübarizə pik həddə çatacaq. Psixoloji daha hazır kollektivlər bu perioddan “salamat” çıxa bilərlər.

Faiq Tahirov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri