May
2015
09:12
54
42
3968
Virtual karabakh

Cəlilabadda alov festivalı keçirildi - FOTO

4 May, 2015
09:12
3968

Cəlilabadda alov festivalı keçirildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Onlardan biri də mən olduğum üçün xoşbəxtəm”.

“Bakı 2015” alovu Azərbaycanın bölgələrinə səyahətinin 7-ci günündə, mayın 3-də Muğan düzünün iki rayonunda - Biləsuvarda və Cəlilabadda əhalinin görüşünə yollandı.

Oxu.Az xəbər verir ki, rayon mərkəzində kitabxanaçı Səbinə Hüseynzadənin başladığı estafetdə məşəli boks üzrə Azərbaycan çempionu, məşqçi Emil Məmmədov, enşin karate üzrə üçqat dünya və ikiqat Avropa çempionu, məşqçi Azər Əhmədov, xoreoqrafiya ustası Aygün Novruzova, ictimai fəallar Sərraf Hüseynov, Ləman Yüzbaşova, Nuranə Əliyeva və Daşqın Qəmbərov, boks üzrə dünya çempionatının yeniyetmə və gənclər arasında çempionu, ustalar arasında bürünc medalçısı Emil Məhərrəmov növbə ilə daşıdılar.

Heydər Əliyev meydanında qurulmuş səhnədə çırağı estafetin son iştirakçısı, peşəkar kikboksinq üzrə Avropa kəmərinin sahibi, beşqat dünya çempionu Ehram Məcidov alovlandırdı.

Sonuncu məşəldən alovlandırılan Avropa Oyunlarının çırağını daşımaq yeniyetmə sərbəst güləşçi İqbal Aslanova həvalə olundu. Çıraq Oyunların sonuna qədər Heydər Əliyev Mərkəzində saxlanılacaq.

“Bakı 2015”-in canlı rəmzlərinin diqqət mərkəzində olduğu qarşılanma mərasimi maraqlı ünsiyyət formasında keçdi. Yerli sakinlərə Birinci Avropa Oyunları ilə bağlı məlumatlar verildi. Yerli istedadlar həm idman, həm də xalq sənətinin müxtəlif sahələrində bacarıqlarını nümayiş etdirdilər.

Məşəl yürüşünün iştirakçısı, Azərbaycan boksunun əsrin əvvəlindəki yeni sıçrayışlı inkişaf dövrünün məşhur təmsilçilərindən olan Emil Məhərrəmov hisslərini bölüşdü:

“Avropanın ilk Oyunlarının bu gözəl anlarının iştirakçısı olmaq həqiqətən də həyəcanverici imiş. Xüsusən doğma el-obamda bu prosesə qatılmağım qürurvericidir. Cəmi 10 məşəlçi vardı və onlardan biri də mən olduğum üçün xoşbəxtəm.

Əvvəlki rayonlarda olduğu kimi, burada da qarşılanma mərasimi möhtəşəm, qələbəlik şəraitində keçdi. Bu, son illər Biləsuvarda idmana marağın necə yüksəldiyini əyani nümayiş etdirir. Təkcə bu yürüşdə iştirak etmiş məşhur, titullu idman simaları da bunun əyani göstəricisidir. Bir boksçu kimi, əlbəttə, “Bakı 2015”-də həmkarlarımın hər bir çıxışını həyəcanla izləyib, bütün varlığımla onlara azarkeşlik edəcəyəm. Əminəm ki, qızıl medalımız olacaq. Özü də bir yox, bir neçə”.

Bu rayonda yerləşən “Şəhriyar qalası” memarlıq abidəsi Azərbaycanın qədim tarixinin nişanələrindən biridir. Biləsuvarın yeni siması da göz oxşayır. 2013-cü ildə Azərbaycanın “Gənclər paytaxtı” olmuş rayonun Bayraq meydanının görüşünə gələn məşəlçilərlə xatirə şəkilləri çəkdirildi, səmimi söhbətlər aparıldı və sonra karvan Cəlilabada yola salındı.

Bakıdan 210 km məsafədə, düzənlik və alçaq dağlıq ərazidə yerləşən və meşələri, quş qışlaqları ilə tanınan Cəlilabada məşəl günortadan sonra çatdı.
 
İndiki ərazisinin eramızdan əvvəl II minillikdə 3 metr hündürlüyündə qala divarları ilə hörülməsi barədə məlumatlar olan Cəlilabad, XIX əsrin 30-cu illərində Azərbaycana köçürülən rusları ürək açıqlığı ilə qəbul edib. Azərbaycanda ən böyük üzümçülük, taxılçılıq və kartofçuluq bölgəsi kimi məşhur olan Cəlilabadın yeniləşən siması da göz oxşayır.

1967-ci ildə Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılmış rayonda son illər idmanın inkişafı xüsusi yer tutur. Mövcud 170 idman qurğusu ilə yanaşı, yeni olimpiya idman kompleksi, 2750 nəfərlik stadion, Şahmat mərkəzi də xüsusi rol oynamağa başlayıb.

İdmanın xüsusi diqqət mərkəzinə düşdüyü rayonda məşəl estafetini boksçu, yeniyetmələrin dünya çempionatının gümüş mükafatçısı İsmayıl Hüseynov başladı. Daha sonra sərbəst güləş üzrə məşqçi Ceyhun Ağamalıyev, bədən tərbiyəsi və idman müəllimi Feyruz Quliyev, kunq-fu məşqçisi Aqil Mustafayev, kənd təsərrüfatı mühəndisi Zaur Tağıyev, ictimai fəallar Ziya Quliyev, Kamran Əsgərzadə, yunan-Roma güləşi üzrə məşqçilər - SSRİ idman ustası Natiq Rzayev, Anar İstamov və eləcə də, “Bakı 2015”-in rəsmi partnyorlarından olan P&G-in nümayəndəsi Elyar Hüseynov Alov Festivalının məkanına doğru yürüdülər.

Son yürüşçü, ictimai fəal Elçin Hüseynovun səhnəyə qalxaraq, çırağı alovlandırması ilə böyük təntənə başlandı. Sonuncu məşəlçinin alovlandırdığı və tələbə Gülşən Nəcəfovanın ictimaiyyətə təqdim etdiyi çıraq Oyunların sonuna qədər “Bakı 2015”-in rəmzi kimi saxlanılacaq.

Məşəl səyahətinin 7-ci günü Cəlilabad şəhərinin Heydər Əliyev meydanında rayon ictimaiyyətinin maraqla izlədiyi möhtəşəm Alov Festivalı ilə başa çatdı. Tədbirə toplaşanlar “Bakı 2015”-lə bağlı təəssüratlarını paylaşdılar, yerli sakinlər idmançılarımıza uğurlar arzuladılar. Onlara Birinci Avropa Oyunları ilə bağlı ətraflı məlumatlar verildi, sualları cavablandırıldı. Tədbir zamanı “Bakı 2015”-in rəmzləri yeniyetmə və gənclərin diqqət mərkəzində oldu.

Məşəl estafetinin iştirakçısı, məşqçi Ceyhun Ağamalıyev təəssüratlarını belə bölüşdü:

“Birinci Avropa Oyunlarının məşəl estafetinin bütün bölgələrimizə səyahət edəcəyini eşidəndə çox sevindim. Çünki bu, Azərbaycanın tərənnümüdür. Bu, böyük başlanğıcda ölkəmizin bütün bölgələrinin iştirakı, onların da töhfəsinin olması deməkdir.

Oyunlar ölkəmizdə idmanın tam yeni yeni müstəvidə inkişafına təsir edəcək və məşəl yürüşün də bunda rolu olacaq. Çünki onu böyük şövqlə qarşılayırlar. Nə gizlədim, məşəl estafetinə dəvət olunacağımı gözləyirdim. Çünki bu günə qədər gördüyüm işə, çəkdiyim zəhmətə daim yüksək qiymət veriblər. Amma bu yürüşün, estafetin iştirakçısı olmaq, həqiqətən, tam fərqli hissləri keçirmək deməkdir. Buna görə çox xoşbəxtəm. “Bakı 2015” zamanı güləşçilərimizə tam dəstək verəcəyik.

Yetirmələrimlə yarışları tribunalarda izləyəcəyəm ki, bu ab-havanı, böyük yarış hissini indidən mənimsəsinlər. Ən əsası, idmançılarımızı azarkeş tribunalarından irəli səsləyəcək və ruhlandırmağa çalışacağıq”.

Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.

Beləcə, sayca üçüncü alov festivalı da “Bakı 2015”-in daha bir xatirəsinə çevrildi. Sabah, mayın 4-də məşəl karvanı Kür çayının mənsəbinə – Salyan və Neftçalaya yollanacaq.

Alovun səyahəti barədə az.baku2015.com/Flame veb səhifəsindən ətraflı məlumat almaq olar.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri