Yan
2017
20:14
221
107
20912
Virtual karabakh

Azərbaycanın bu rayonuna 20 minə yaxın ərəb turist gəlib

5 Yan, 2017
20:14
20912

Azərbaycanın bu rayonuna 20 minə yaxın ərəb turist gəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəbələ rayonu coğrafi quruluşuna, paytaxta yaxın olmasına və müasir turizm infrastrukturuna görə nəinki isti yay fəslində, hətta soyuq qış aylarında da turistləri özünə cəlb edir.

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ölkəmizdə 5 gün davam edən bayram tətilində Qəbələnin turizm məkanlarına üz tutan yerli və xarici turistlərin sayı ötən ildəkindən 2 dəfə çox olub.

Qarlı dağlarda motorlu xizəklərlə, at və faytonlarla gəzintiyə çıxmaq, kanatla dağlarda gəzmək və buz üstündə xizəklə sürüşmək, meşələrdə heyvan və quş ovlamaq, göllərdə qayıqla gəzmək, balıq tutmaq barədə düşünənlərin arzusu bu günlərdə Qəbələdə gerçəkləşib. 

Son günlər rayonda əsl bayram ab-havası yaşanıb, bütün hotellər, istirahət və əyləncə mərkəzləri turistlərlə dolu olub.

Bayram günlərində 4 minə yaxın turist

Burada yerləşən 20 müasir hotel və istirahət mərkəzi bayram günlərində, ümumilikdə, 4 minə yaxın yerli və xarici turistə xidmət göstərib. Qəbələyə üz tutan turistlər təkcə rayon mərkəzini gəzməklə kifayətlənməyib, həm də dağlardakı ucqar kəndlərə gedərək mənzərəli yerlərlə tanış olublar.

Qəbələ rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarova müsahibəsində bayram günlərində rayona gələnlər arasında yerli turistlərin çoxluq təşkil etdiyini bildirib. 

Yeni ili Qəbələdə qarşılayan xarici turistlər arasında Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Səudiyyə Ərəbistanı, İraq, Qətər, Hindistan, Rusiya və Pakistandan gələnlər daha çox olub. Rayona gələn əcnəbi turistlər arasında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli artım müşahidə edilib.

Qəbələ Turizm İnformasiya Mərkəzindən bildiriblər ki, hər il Qəbələyə gələn əcnəbi turistlər arasında Rusiya və Avropa ölkələrinin vətəndaşları üstünlük təşkil edirdi. Amma 2016-cı ildə ilk dəfə olaraq Qəbələyə müsəlman ölkələrindən gələn turistlərin sayının həddən artıq çox olması rayonun turizm bazarını daha da genişləndirib.

Ötən ilin yay və payız aylarında Qəbələyə ərəb turistlərin axını daha çox olub. 2016-cı ildə ilk dəfə olaraq ərəb ölkələrindən Qəbələyə 20 minə yaxın turist gəlib. Təbii ki, xarici turistlərin istirahəti üçün Qəbələdə bütün imkanlar mövcuddur.

100 min nəfərə yaxın turist

 Hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyətdədir. Həmin obyektlərdən 20-si beş, dörd və üçulduzlu hotellər və müasir istirahət mərkəzləridir.

Bu turizm obyektlərində gün ərzində 2500 qonaq qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. 2016-cı ildə Qəbələ rayonuna gələn turistlərin sayı 99 min 700 nəfər olub ki, bunun da 32 min 600 nəfəri xarici turistlərdir. 2015-ci ildə isə Qəbələyə 80 min 200 nəfər yerli və xarici turist gəlmişdi”.

Mənbə: AZƏRTAC

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri