May
2017
15:12
9
95
2667
Virtual karabakh

Yeni qanun layihəsi qəbul edildi: Turizm sektorunda nə dəyişəcək?

2 May, 2017
15:12
2667

Yeni qanun layihəsi qəbul edildi: Turizm sektorunda nə dəyişəcək?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Turizm infrastrukturu və onun subyekti turizm sahəsində fəaliyyətə yalnız onun barəsindəki məlumatlar Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edildikdən sonra başlayacaq”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Milli Məclisin bugünkü plenar iclasında “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

İki ilə yaxın müddətdə qanun layihəsi üzərində işin getdiyini deyən H.Rəcəbli bildirib ki, bununla bağlı 10-dək ölkənin təcrübəsi öyrənilib.

“Prezident İlham Əliyev ölkədə əməktutumlu iş yerlərinin sayının artırılmasına töhfə verəcək turizm sahəsinin inkişafını prioritet elan edib. Bu sektorun stimullaşdırılması məqsədi ilə qanun layihəsində bir sıra müddəalar nəzərdə tutulub.

Sənəddə turizmin müxtəlif növlərinin hüquqi tənzimlənməsi və inkişaf  strategiyası əksini tapıb. Turizm sektoruna sərmayə qoyan sərmayədarlara güzəştlərin tətbiqi planlaşdırılır. Qanun layihəsində nəzərdə tutulan tədbirlərin icrası ilə turizm mövsümü anlayışı aradan qaldırılacaq, ölkədə turizm günlərinin sayı artacaq”.

Layihə birinci oxunuşda səsə qoyulub və qəbul edilib. 

Qeyd edək ki, qanun layihəsinə əsasən, nəzarət orqanı üç ayda bir dəfədən az olmayaraq Dövlət Turizm Reyestrinin aktiv bölməsindəki məlumatları rəsmi nəşrlərdə dərc edir, həmin bölmə isə müvafiq rəsmi internet səhifəsini daim yeniləşdirir. 

Turizm infrastrukturu və onun subyekti barədə məlumatın Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edilməsi üçün uyğunluq-yoxlama komissiyası tərəfindən aparılan yoxlamanın nəticələrinə uyğun olaraq qərarın qəbul edilməsi, müraciət edən şəxsə bu qərarın bildirilməsi və həmin qərardan şikayət edilməsi qaydaları Dövlət Turizm Reyestrinin yaradılması (strukturlaşdırılması), aparılması və istifadəsi haqqında qaydalarda təsbit edilir. 

Turizm sahəsinin inkişaf etdirilməsi məqsədi ilə turizm fondları yaradıla bilər. Turizm fondları turizm sahəsində sahibkarlığın güzəştli şərtlərlə maliyyələşdirilməsini həyata keçirir. 

Hər bir turizm fondunun himayə şurası həmin fondun daxili qaydalarını, o cümlədən maliyyə vəsaitlərinin ayrılması qaydalarını qəbul edir.

Bu qanun Azərbaycanda turizm sahəsində dövlət tənzimləməsi, turizmin dövlət idarəetməsi və dövlət nəzarəti, turizm ehtiyatları, turizm fəaliyyətinin təşkili, turizm sahəsində təhlükəsizlik, maliyyə mənbələrinin təsnifatı, investisiya qoyuluşu və bu sahənin digər üsullarla stimullaşdırılması, sığorta və məlumatlandırma məsələləri ilə bağlı münasibətləri tənzimləyir.

Qanun layihəsində sağlamlıq turizmi, sosial turizm, ekoloji turizm, ekstremal turizm, kənd yaşıl və digər turizm növlərinin xüsusiyyətləri və tənzimlənməsi qaydaları əks olunub.

Qanun layihəsində qeyd olunub ki, turizm sahəsində dövlət tənzimləməsini və nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bildirişlə müraciət etmiş müvafiq ailə-kəndli təsərrüfatının kənd yaşıl turizmi ilə məşğul olmaq imkanlarını və idarəetmə tələblərinə riayət edilməsini yoxlayır və həmin təsərrüfat barədə məlumatları Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edir.

Qanun dərc edildiyi gündən qüvvəyə minəcək və bu qanun qüvvəyə mindiyi gündən “Turizm haqqında” 1999-cu il 4 iyun tarixli qanun qüvvədən düşəcək.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri