11 
Sen
2017
15:51
11
77
3448
Virtual karabakh

Ölkəyə gələn turistlərin bank əməliyyatları - Rəsmi rəqəmlər

11 Sen, 2017
15:51
3448

Ölkəyə gələn turistlərin bank əməliyyatları - Rəsmi rəqəmlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"2017-ci ilin ilk altı ayı ərzində “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilən tədbirlərin 14 faizinin icrası tamamlanıb, 56 faizinin icrası üzrə işlərə başlanılıb".

Oxu.Az xəbər verir ki, bu barədə Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilir.

Bildirilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin ilk altı ayında ölkəyə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 24 faiz artım, həmin şəxslərin ölkədə bank kartları üzrə əməliyyatlarında isə 93 faiz artım qeydə alınıb.

Turizm sektorunda qurumlar arasında koordinasiyanın təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Turizm Şurası, turizm sahəsindətəbliğat-təşviqat tədbirlərinin daha mərkəzləşdirilmiş qaydada təşkili məqsədi ilə isə Milli Turizm Təbliğat Bürosu yaradılıb.

Ölkəyə gələn turistlərin dövlət sərhədinin buraxılış məntəqələrindən sürətli keçidinin təmin olunması və viza sisteminin asanlaşdırılması üçün müvafiq normativ hüquqi aktlar qəbul edilməklə, sürətləndirilmiş elektron vizanın verilməsi müddəti 3 (üç) gündən 3 (üç) saatadək endirilib. Regionlarda turizm sektorunun inkişafı məqsədilə turizm və rekreasiya zonalarında bütün turizm xidməti obyektlərinin tikintisinə, eləcə də, digər regionlarda 2–3 ulduzlu və “hostel” tipli yerləşdirmə vasitələrinin tikintisinə investisiya təşviqi sənədinin verilməsi yolu ilə həmin ərazilərə investorların cəlb edilməsi nəzərdə tutulub.

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən turizm məqsədləri üçün daha səmərəli istifadəsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı” qəbul edilib.

Bundan əlavə, ölkəmizə turist səfərlərinin sayının artmasına təkan verəcək birinci Bakı Ticarət Festivalı (Baku Shopping Festival) keçirilib.  

Problemlərə gəlincə, hesabatda qeyd edilib ki, Milli Turizm Təbliğat Bürosunun fəaliyyətinin təşkili nəzərdə tutulduğu qaydada tam təmin edilməyib. “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, Milli Turizm Təbliğat Bürosunun bir çox tədbirlər üzrə əsas icraçı kimi müəyyən edilməsinə baxmayaraq, 2017-ci ilin ilk altı ayı ərzində bu tədbirlərin əksəriyyətinin icrasına başlanılmayıb. Tədbirlərin icrası istiqamətində hər hansı təşəbbüs layihəsi və ya təklif hazırlanmayıb, infrastruktur və maliyyə imkanlarının məhdud olması əsas gətirilib. 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri