12 
Sen
2017
15:52
113
21
6712
Virtual karabakh

“Buta Airways”in Bakıdan Kiyevə ilk reysi reallaşdırıldı - FOTO+VİDEO

12 Sen, 2017
15:52
6712

“Buta Airways”in Bakıdan Kiyevə ilk reysi reallaşdırıldı - FOTO+VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti “Buta Airways” Bakıdan Kiyevə ilk reysini reallaşdırıb.  

Oxu.Az  xəbər verir ki,  Bakı-Kiyev marşrutu üzrə uçuş həyata keçirən müasir “Embraer 190” təyyarəsi  artıq "Juliana" hava limanına eniş edib.

Aviareys haqqında jurnalistlərə açıqlama verən “Buta Airways” şirkətinin direktoru Cəmil Manizadə bildirib ki, bu marşrut üzrə uçuşlar  həftənin iki günü – çərşənbə axşamı və çərşənbə günləri baş tutacaq. Oktyabr ayının 29-dan isə uçuşlar həftədə 3 dəfə həyata keçiriləcək.  Belə ki, cümə günü də bu reys üzrə səfər etmək mümkün olacaq: “İlk mərhələdə aviaşirkət Bakıdan Moskva (“Vnukovo” Hava Limanı), Antalya, Kazan, Mineralnıye Vodı, Kiyev, Tbilisi və Tehrana uçuşlar yerinə yetirəcək. Oktyabr ayının 29-dan “Buta Airways”in marşrut şəbəkəsinə İstanbul və Sankt-Peterburq kimi şəhərlər də əlavə olunacaq”.

O ki qaldı aviareysin müştərilərə təklif etdiyi  digər xidmətlərin keyfiyyətinə,  bəlli olub ki,  şirkət baqajın, əl yükünün daşınması, təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edəcək.

“Üç ölçünün cəmi üzrə 110 santimetrdən artıq olmayan ölçüdə və çəki məhdudiyyəti tətbiq olunmayan əl yükünün daşınması 25 avro təşkil edəcək.  Analoji qiymətə çəkisi 23 kiloqrama qədər  və üç ölçünün cəmi üzrə 158 santimetrdən artıq olmayan ölçüdə qeydiyyatdan keçirilən baqaj daşımaq mümkün olacaq.  Saytda və ya kassada öncədən baqaj yeri üçün ödəniş edildikdə, qiymət 20 avro təşkil edəcək”, - deyə  Cəmil Manizadə bildirib.

Şirkət direktoru onu da qeyd edib ki, aviaşirkətin bütün reyslərində sendviçlər və su pulsuzdur: “İsti yeməyi aviabiletin alınması prosesi zamanı 7,90 avro ödəniş etməklə, öncədən sifariş etmək olar. Həmçinin təyyarənin göyərtəsində müxtəlif içkilər və soyuq qəlyanaltılar əldə etmək mümkündür. "Buta Airways"in reyslərində əlavə opsiyalar kimi təyyarə salonunda komfortlu yerlər də təqdim olunacaq. Birinci sırada və qəza çıxışının yanında ayaqlarınız üçün daha geniş sahəsi olan yerlər 25 avro, ön sıralarda prioritet yerlər 15 avro təşkil edəcək. Uçuşa qeydiyyat aviaşirkətin saytında və müstəqil qeydiyyat köşklərində pulsuz olaraq mümkün olacaq. Bu, hava limanındakı qeydiyyat masalarında isə 3 avro təşkil edəcək”.

Qeyd edək ki,  “Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-cı ilin dekabrında əsası qoyulub. Aviaşirkətin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşir.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri