20 
Sen
2017
13:00
91
18
5143
Virtual karabakh

Alman şəhərinə sürprizlərlə dolu turne - FOTO

20 Sen, 2017
13:00
5143

Alman şəhərinə sürprizlərlə dolu turne - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya doqquz dövlətlə həmsərhəd olan 16 əyalətdən ibarət federativ respublikadır. Ölkənin müxtəlif bölgələrinin mədəniyyəti və təbii landşaftları bir-birindən xeyli fərqlənir.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu səbəbdən Almaniyada səyahət etmək çox maraqlıdır. Bu dəfə sizi Aşağı Saksoniya əyalətinin paytaxtı Hannoverə sürprizlərlə dolu turneyə dəvət edirik.

Hannoverdə keçirdiyimiz iki gün ərzində Avropada yeganə olan əyri liftlə Yeni Ratuşa binasının müşahidə meydançasına qalxaraq, oradan şəhərə açılan gözəl mənzərədən zövq aldıq, çəlləkdə dünyanın ən qocaman nar ağacının bitdiyi Kral bağlarında gəzişdik və Hannover zooparkı ərazisindəki süni çayda qayıq gəzintisinə çıxdıq. İndi isə Hannoverin bu və bir çox digər qeyri-adi görməli məkanları haqqında söhbətimizi sizə təqdim edirik.

Qırmızı xətt üzrə tarixə səyahət

Biz Almaniyaya uçmaq üçün Şərqi Avropanın ən iri loukost (münasib qiymətlərlə işləyən) aviaşirkətinin – “Wizz Air”in reyslərini seçdik. Bu şirkət 43 ölkədə, o cümlədən Azərbaycanda 142 istiqamət üzrə uçuşlar həyata keçirir və Budapeştdə rahat tranziti təmin edir. Bakı-Budapeşt-Hannover marşrutu ilə uçuşun ümumi müddəti təqribən 4,5 saat təşkil edir. Bakı-Budapeşt reysinə biletlərin qiyməti 44,99 avrodan, Budapeştdən Hannoverə isə 29,99 avrodan başlayır. Əlavə haqq müqabilində baqaj daşımaq, o cümlədən 32 kiloqrama qədər əlavə yük, 15 kiloqrama qədər əl yükü daşımaq, habelə təyyarənin içində yeməklə təmin olunmaq imkanı əldə etmək mümkündür. Yeri gəlmişkən, hər bir sərnişinin təyyarənin içinə pulsuz keçirə biləcəyi əl yükünün qabariti oktyabrın 29-dan artaraq təqribən 55x40x23 santimetrə çatacaq.

Hannover hava limanından şəhərin mərkəzinə qatarla 15-20 dəqiqəyə çatmaq olar. Qatara biletin qiyməti 3,4 avrodur. Biletlər perrondakı avtomatlarda satılır. Çətinlik hiss etsəniz, ətrafınızdakı adamlara müraciət edə bilərsiniz. Onlar məmnuniyyətlə sizə kömək edərlər. Almanlar çox qayğıkeş xalqdır. Yeri gəlmişkən, bu və ya digər qatara bileti elə Bakının özündə - bütün Avropa boyu dəmir yolu daşımalarını idarə edən “Rail Europe” şirkətinin satış üzrə baş agenti “SI Travel” şirkətinin ofisində ala bilərsiniz.

Hələ XIX əsrdə inşa edilmiş Hannover Mərkəzi Vağzalında özünü tarixin bir parçası hiss edirsən. Bu vağzal öz dövrü üçün ilk belə innovativ tikili olub. Hazırda iri dəmir yolu qovşağı olan Hannover vağzalından hər gün müxtəlif istiqamətlərdə 680-dən çox qatar yola düşür. Vağzalın binası qarşısında 1837-1851-ci illərdə hökmranlıq etmiş Hannover Kralı I Ernst Avqustun at belində məğrur heykəli ucalır. Bu abidə şəhər sakinlərinin sevimli görüş yeridir: onlar görüş təyin edərkən kralın atının quyruğunu nəzərdə tutaraq elə belə də deyirlər: “Quyruğun altında görüşərik”. Vağzalyanı meydan da elə bu kralın adını daşıyır.

Hotel axtarışına vaxt itirmədik: “Grand Hotel Mussmann” mehmanxanası mərkəzi vağzal binasının düz qarşısında yerləşir. Əşyalarımızı tələm-tələsik nömrədə qoyub, şəhərin görməli məkanlarını görməyə tələsdik. Müstəqil ekskursiyaları sevənlər üçün Hannoverdə “qırmızı xətt marşrutu” deyilən unikal fişka var. Asfalta çəkilən və 4 min kilometrdən çox uzanan qırmızı xətt şəhərin təqribən 40 memarlıq və tarixi obyektini əhatə edən əsas görməli məkanlara istiqamətləri göstərir. Marşrut Ernst-Avqust-Plats meydanında yerləşən Turizm İnformasiya Mərkəzinin binasının qarşısından start götürür. Mərkəzdə 3 avroya soraq kitabçası (o cümlədən rus və türk dillərində) ala bilərsiniz. Sistem çox sadə işləyir: qırmızı xətt üzrə hərəkət edərək, hər biri soraq kitabçasında ətraflı təsvir olunan bu və ya digər görməli məkanın yanından keçirsiniz. Yeri gəlmişkən, bizim şəxsi bələdçimiz olduğuna görə sərbəst marşrutla getmək qərarına gəldik.

Əyri lift və Maşzeye elegiyası

Hannoverin əsas piyada küçələrindən biri – Banxofştrasse (Bahnhofstraße), yaxud Dəmir yolu küçəsi düz vağzalyanı meydandan başlayır. Onu qeyri-adiliyi “ikimərtəbəli”, yəni sanki biri digərinin üstündə yerləşən 2 küçədən ibarət olmasındadır. Bu küçələrin hər birinin öz mağazaları və kafeləri var. Küçənin alt mərtəbəsi “Promenad Niki de Sen-Fall” adlanır. Qeyd edim ki, Hannover yeniliklərə açıq olan müasir şəhərdir. Yaradıcı insanlar buradan həmişə ruhlanıblar. Hannover küçələrində tez-tez avanqard heykəllərə və installyasiyalara təsadüf olunur. Şəhərdə fransız əsilli Amerika heykəltəraşı, pop-artın və yeni realizmin nümayəndəsi Niki de Sen-Fallın bir neçə əsəri qoyulub. Qeyd edək ki, mərkəzi pasaj da bu sənətkarın adını daşıyır. Nikinin heykəltəraşlıq əsərlərini tanımaq asandır. O, əsasən əlvan rənglərə boyanmış gözəl qadın fiqurları yaradıb. Hətta ötən əsrin 60-cı və 70-ci illərində qoyulmuş heykəllər də hazırda son dərəcə təravətli və ultramüasir görünür. 2000-ci ildə Niki de Sen-Falla Hannoverin fəxri vətəndaşı adı verilib. O isə 300 əsərini şəhərdəki Şprengel Muzeyinə vəsiyyət edib.

Banxofştrasse küçəsi sizi Kröpke meydanına gətirib çıxarır. Şəhərin magistral yollarının kəsişdiyi bu meydanda çox vaxt bayram yürüşləri, yaxud mitinqlər keçirilir. Küçənin alt mərtəbəsində, meydanın altında dünyanın ən iri şəhərlərinə qədər məsafəni göstərən “Küləklər toplusu”nu görmək olar. Meydanın özündə iki maraqlı görməli məkan yerləşir: tarixi Kröpke kafesi (meydan bu kafenin şərəfinə belə adlanır) və onun qarşısında qoyulmuş saat. Kröpkenin özü 1876-cı ildən bu kafenin sahibi olub və zaman keçdikcə onun adı şəhərin bu hissəsinin adına çevrilib. Kafenin qarşısındakı saat isə 1885-ci ildə qoyulub və o vaxtdan etibarən dəfələrlə yenilənib. Hazırda “kral atının quyruğu” kimi, bu məkan da hannoverlilər üçün populyar görüş yerlərindən biridir.

Alış-verişlə maraqlananlar üçün Kröpke meydanında iki iri ticarət mərkəzi yerləşir. Biz isə klassik üslubda inşa edilmiş Opera Teatrının binası qarşısından keçib “Kubus” Müasir İncəsənət Qalereyasına doğru gedirik. Qalereyanın 40 zalında dünya avanqard yaradıcılığının, demək olar, bütün aktual istiqamətləri təqdim edilib. Nəhayət, Hannoverin ən məşhur rəmzlərindən birinə - şəhər idarəsinin yerləşdiyi Yeni Ratuşa binasına yaxınlaşırıq. 1901-1913-cü illərdə inşa edilmiş bu bina daha çox neorenessans elementləri olan barokko üslubunda qəsri xatırladır. Maraqlıdır ki, tikilinin təməlini möhkəm etmək üçün bataqlıq əraziyə fıstıq ağacından 6026 dirək vurulub. Yeni Ratuşanın təntənəli açılışında imperator II Vilhelmin özü iştirak edib. Binanın fasadında o qədər maraqlı element, məsələn, knyazların, şəhərin əsasını qoyanların, dahilərin və nağıl personajlarının heykəlləri yerləşdirilib ki, onu kitab kimi nəzərdən keçirmək olar. İkinci mərtəbədəki pəncərələrin üstündəki daş frizdə doqquz kompozisiya şəklində şəhər tarixinin mühüm hadisələri təsvir edilib. Amma bu binaya şöhrət qazandıran başlıca xüsusiyyət onun günbəzinin altında yerləşən müşahidə meydançasıdır. Buradan şəhərə gözəl mənzərə açılır. Əgər Hannoverin bütün görməli yerlərinə baş çəkmək imkanınız yoxdursa, mütləq bura qalxmalısınız. Müşahidə meydançasından onların çoxu ovuc içi kimi görünür. Yeri gəlmişkən, müşahidə meydançasına Avropada yeganə “əyri”, yaxud maili olan unikal liftlə qalxırsınız. Bu lift 43 metr yüksəkliyə 17 dərəcə bucaq altında qalxır. Müəyyən məqamda ağırlıq qüvvəsi adamı liftin kabinəsinin arxa divarına sıxır: qeyri-adi hissdir.

Şəhərin mühüm obyektlərinin çoxu, məsələn, “Nord LB” Bankının qərargahı buradan aydın görünür. Bu, sanki ayrı-ayrı polad və şüşə bloklardan quraşdırılmış və bir-birinə borularla birləşdirilmiş nəhəng futuristik binadır. Yaxud XIV əsrə aid “Müqəddəs Egidiya kilsəsi” memorialı. Hannover tikililərinin çoxu kimi bu bina da İkinci Dünya müharibəsi zamanı bombardmanlar nəticəsində dağıdılıb və o vaxtdan bərpa edilməyib. Kilsənin xarabalıqları həmin faciəli hadisələrin xatirəsi kimi qorunub saxlanır. Onun boş divarları arasında “İtaət” abidəsi, habelə Yaponiyanın Xirosima şəhərinin hədiyyəsi olan və gündə 4 dəfə zəng çalan “Sülh zəngi” qoyulub.

Haradasa uzaqlarda “Hannover 96” futbol komandasının “Arena HDI” stadionunun ellipsi və “Şyuttsenplatts” Nişançılar Meydanı görünür. Yayda bu meydanda 10 gün ərzində nişançıların bayramı keçirilir. Amma süni Maşzeye gölünə açılan mənzərə adamı əməlli-başlı valeh edir. Uzunluğu 2,4 kilometr, eni təqribən 530 metr olan bu göl 1934-35-ci illərdə 78 hektar ərazidə yaradılıb. Sahil bağı bakılılar üçün nə deməkdirsə, Marşzeye gölü də Hannoverin sakinləri və qonaqları üçün bir o qədər əvəzolunmaz məkandır. Burada çimmək, katerlərdə və kirayə edilən qayıqlarda gəzintiyə çıxmaq olar. Gölün ətrafındakı yaşıllıqlar boyunca 6,2 kilometr qaçış yolu uzanır. Vaxtınız qalsa, mütləq Maşzeye gölünə gedin ki, insanın ruhunu dincəldən bu gözəlliyə tamaşa edə biləsiniz.

Qrimm qardaşları, Kral bağları və gələcəyin zooparkı

Köhnə şəhərə gedib tarixin nəfəsini duymasanız, Hannoverdə gəzintiniz natamam olacaq. Fasadları taxta tirlərlə möhkəmləndirilən faxverk evlər məhz burada yerləşir. Ən maraqlısı budur ki, həmin evlər bura müharibədən sonra müxtəlif küçələrdən gətirilib: yəni, səliqə ilə sökülüb və yenidən quraşdırılıb. Elə buradaca yerləşən kilsə və köhnə ratuşa binası isə Şimali Almaniya qotikasının ən cənub nümunələridir. Balxofplats adlanan xudmani meydanın bir neçə metrliyində Lyayneufer sahil küçəsi yerləşir. Burada hər şənbə günü Almaniyada işlənmiş əşyaların satıldığı ən qədim bazar açılır. İnanın ki, bu bazara getməyə dəyər. Xüsusən də əgər əntiq malları sevirsinizsə.

Köhnə şəhərdə gəzişərkən italyan heykəltəraş Florian Bodininin “Höttingenli yeddi nəfər” adlı maraqlı heykəltəraşlıq kompozisiyasını görəcəksiniz. Onun süjeti Aşağı Saksoniyanın Höttingen şəhərindən olan 7 professorun əhvalatından qaynaqlanır. Bu professorlar 1837-ci ildə Hannover Krallığının konstitusiyasının ləğv edilməsinə qarşı etiraz etdiklərinə görə istefaya göndəriliblər və hətta at belində heykəli vağzal binası qarşısında ucalan həmin kralın əmri ilə ölkədən sürgün olunublar. Yeri gəlmişkən, bu yeddi professorun ikisi məşhur germanist – nağılları dünyanın bütün uşaqlarına yaxşı tanış olan Vilhelm və Yakob Qrimm qardaşları olub.

Hannoverin mərkəzi ilə tanış olandan sonra şəhərin əsas incisi sayılan və 300 ildən çoxdur hamını öz gözəlliyi ilə valeh edən Kral bağlarına yola düşürük. Barokko üslubunda yaradılan və Avropanın ən mükəmməl bağ-park ansamblarından biri olan Herrenhauzen kompleksi indiki görkəmini 1696-1714-cü illərdə alıb. Kurfürstina (knyaginya) Hannoverli Sofiya onun inkişafına böyük töhfə verib, kompleksin Versal bağlarına uyğun formalaşmasında şəxsən iştirak edib. Kompleksin mərkəzində heykəllər və çiçək ləkləri ilə bəzənmiş, məharətlə budanmış şümşad ağacları ilə dövrələnmiş Böyük bağ yerləşir. Hündürlüyü 82 metr olan Avropada ən iri fəvvarə və qızıl suyuna çəkilmiş heykəllərlə bəzədilmiş, Almaniyada açıq səma altında ilk teatr səhnəsi Harten Teatrı da Herrenhauzendədir. Elə indinin özündə kompleksdə müntəzəm olaraq açıq səma altında müxtəlif tamaşalar oynanılır, incəsənət festivalları keçirilir. Kompleksin şimal-qərb hissəsində 1676-cı ildə yaradılmış qədim kaha qonaqlarda xüsusi maraq doğurur. Bayaq adını çəkdiyimiz rəssam və heykəltəraş Niki de Sen-Fall 2001-2003-cü illərdə kahaya orijinal tərtibat verib. Nəhayət, Herrenhauzen kompleksinə aidiyyəti olan Nəbatat bağına gedib səhləb çiçəklərindən, kaktuslardan və nadir tropik bitkilərdən ibarət möhtəşəm kolleksiya ilə tanış ola bilərsiniz. Çəlləkdə bitən ən qədim bitki də məhz buradadır. Çəlləyin üstündəki yazıda deyilir ki, burada bitən nar ağacı Herrenhauzenə 1653-cü ildə Venesiyadan gətirilib.

Bağ sənətinin gözəlliyindən doyunca zövq alandan sonra marşrutumuzun növbəti məntəqəsinə - Avropanın ən qeyri-adi heyvanxanalarından biri olan, yeri gələndə gələcəyin zooparkı adlandırılan Hannover zooparkına üz tuturuq. Zooparkda 3 min heyvan xüsusi dizaynlı 7 tematik zonada saxlanılır. Burada təbiətə maksimum yaxın olan şəraitdə saxlanılan zürafələri, şirləri, qorillaları, şimpanzeləri, begemotları, kenquruları və digər heyvanları görmək olar. Yeri gəlmişkən, hər bir zonanın kiçik arenası var. Bu arenalarda gündə bir neçə dəfə müxtəlif heyvanların, o cümlədən dəniz heyvanlarının iştirakı ilə şoular keçirilir. Zooparkdakı heyvanların yemək mərasimi əsl tamaşadır. “Zambezi” adlanan süni çay parkın daha bir maraqlı xüsusiyyətidir. Burada qayıq gəzintisinə çıxmaq olar. Bu göl bizdə çox güclü təəssürat oyatdı. Təsəvvür edin ki, heyvanlara tamaşa edə-edə volyerlərin yanından üzüb keçirsən. İndiyədək belə bir şey görməmişdik.

Son söz yerinə

Hannoverdə keçirdiyimiz 2 gün ərzində onun bütün maraqlı məkanlarını görmək mümkün deyildi. Biz isə irimiqyaslı sərgilərin keçirildiyi dünyanın ən iri sərgi mərkəzinə, 5 min pəncərəli ev adlandırılan, bəşəriyyətin mədəniyyət tarixini əks etdirən eksponatların nümayiş etdirildiyi Kestner Muzeyinə getmək, Hannover akvariumunda bütün gözəlliyi ilə təqdim edilən sualtı dünyanın al-əlvan həyatını müşahidə etmək istəyirdik. Əfsuslar olsun ki, həmişə olduğu kimi, vaxtımız çatmadı. Əvəzində Hannoverə qayıtmaq üçün gözəl səbəbimiz var. İndi isə növbəti şəhərə - Bavariyanın paytaxtı Münxenə yola düşməliyik. İnanırıq ki, Münxendə də bizi maraqlı macəralar gözləyir! Bizi izləyin!

Emil Eyyubov.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri