26 
Sen
2017
15:01
45
79
3125
Virtual karabakh

Bakıda turizm festivalı keçiriləcək

26 Sen, 2017
15:01
3125

Bakıda turizm festivalı keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumdünya Turizm günü münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Qız qalası meydanında “Beynəlxalq Turizm günü” adlı festival keçiriləcək. 

Oxu.Az xəbər verir ki, bu barədə idarədən Report-a məlumat verilib. Qeyd edilir ki, festivalda 10-dan artıq ölkənin (İndoneziya, Türkiyə, Hindistan, Özbəkistan, Meksika, İran, Macarıstan, Koreya, Yunanıstan, Polşa və s.) səfirliyi iştirak edəcək.

Festivalın keçirilməsində əsas məqsəd mədəniyyətlərarası dialoqun inkişafına töhfə verməkdən ibarətdir. Belə ki, tədbir iştirakçı ölkələrin milli adət-ənənələri, zəngin mədəniyyəti, tarixi, həmin ölkələr və onların Azərbaycandakı fəaliyyətləri ilə şəhərimizin sakinlərini yaxından tanış etməklə yanaşı, İçərişəhərin turizm potensialını, o cümlədən Azərbaycan mədəniyyəti və tarixinin dünyada tanıdılmasını təmin etmək məqsədi daşıyır.

Festivalda iştirak edən ölkələr öz stendlərində ölkələri və Azərbaycandakı fəaliyyətləri barədə təqdimat edəcəklər. Şəhər sakinləri və xarici qonaqlar həmin çadırlara yaxınlaşaraq, müxtəlif ölkələrin mədəniyyətləri, tarixləri, mətbəxləri və milli xüsusiyyətləri barədə əyləncəli və maraqlı məlumatlar ala biləcəklər. Həmçinin həmin ölkədə təhsil imkanlarının əks olunduğu kitablar, bukletlər, broşürlər və ölkəyə məxsus suvenirlər təqdim ediləcək.

Ümumdünya Turizm Təşkilatının Baş Qərargahı tərəfindən 1979-cu ildə təsis edilən Ümumdünya Turizm günü artıq dünyanın 150-dən çox ölkəsində qeyd olunur. Azərbaycanda ilk dəfə 2001-ci ildən keçirilməyə başlayan bu gün ölkəmizdə turizm sektorunun sürətlə inkişaf etməsilə daha intensiv xarakter almağa başladı. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu idarəsi də ənənəsinə sadiq qalaraq, bu günü yüksək səviyyədə təşkil olunmuş çoxsaylı tədbir və maraqlı layihələrlə qeyd edir.

Turizm sahəsində aparılan islahatlar, ölkəmizdə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, dünyanın müxtəlif yerlərində təşkil olunan sərgi və tədbirlər Azərbaycanın yüksək səviyyədə təbliği olmaqla yanaşı, zəngin mədəni-tarixi irsə, əlverişli təbii şəraitə malik olan ölkəmizdə turizm sektorunun sürətlə inkişaf etməsini təmin edir. “Azərbaycan 2020: gələcəyə baxış” adlı inkişaf konsepsiyasında ölkədə turizmin inkişafı üzrə müvafiq hədəf və məqsədlərin göstərilməsi dövlətimizin bu sahənin inkişafına qayğısının təzahürüdür.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Ümumdünya Turizm günü münasibətilə turizm sahəsində çalışan hər kəsin bayramını təbrik edir, Bakı sakinlərini və şəhərimizin qonaqlarını “Beynəlxalq Turizm günü” festivalında iştirak etməyə dəvət edir. 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri