12 
Okt
2017
10:12
72
14
3788
Virtual karabakh

Almaniyanı kəşf edərkən: Bavariyanın inciləri – Bad-Ayblinq və Prin-am-Kimze

Bavariya təkcə Münhendən ibarət deyil, Almaniyanın ən böyük əyalətinin yeddi inzibati dairəsində onlarca tarixi şəhər yerləşir. Biz onlardan ikisinə - Yuxarı Bavariyadakı Bad-Ayblinqə və Prin-am-Kimzeyə getdik. Onların hər birinin öz unikallığı və görməli yerləri var. Alp regionuna aid bu kurort şəhərləri sağlamlıq və spa turizmi, təbiət qoynunda ailəvi və fəal istirahət imkanları ilə məşhurdur. Belə ki, Bad-Ayblinq ölkənin ən qədim palçıq kurortudur, Prin-am-Kimzedə isə Knayp su müalicəsi metodu geniş tətbiq edilir. Bundan başqa, Prin-am-Kimzedə eyniadlı gölün sahilində Bavariya kralı II Lüdviqin ən qiymətli və dəbdəbəli qəsri yerləşir. Gəlin, bütün bunlar barədə bir-bir danışaq.

Müalicə parkı və qara qızıl

Münhendən Bad-Ayblinqə getmək çətin deyil: qatar sizi buraya 40 dəqiqəyə çatdıracaq. Təxminən 20 min əhalisi olan bu gözəl Alp şəhəri sanki sakit istirahət və qüvvəni bərpa etmək üçün yaranıb. Yaşıllığa qərq olan Bad-Ayblinq qonaqları dəmir yolu stansiyasından başlanan qədim parkdakı kiçik çay sularının şırıltısı və quşların nəğməsi ilə qarşılayır. Kürpark və ya “Müalicə parkı”, həqiqətən də, öz adını doğruldur. Yüz ildən çox əvvəl salınmış bu abad guşədə velosiped sürmək, səs-küylü oyunlar oynamaq qadağandır, çünki istirahət edənlərin dincliyini pozmaq olmaz. Burada 1200-dək ağac bitir, fəvvarəli qəşəng nohur, geniş çəmənlik və rəngbərəng quşlarla dolu volyerlər var. Kiçik çayların üstündən salınmış şəbəkəli körpücüklər və taxta skamyalar parka əlavə gözəllik verir. Lakin parkdakı tematik kollar bizim yadımızda daha çox qaldı. Məsələn, “Sağlamlıq bağı” buraya gələnlərə müalicəvi bitkilərə baxmaq imkanı verir, onlar daha çox dərman bitkisi kimi tanınır. Həqiqətən də, boymadərəni, ballınanəni, sürvəni və ya ərikgülünü, necə deyərlər, təzə-tər görmək maraqlıdır. Bitkilərin müalicəvi xüsusiyyəti haqqında məlumat və illüstrasiyaların yer aldığı izahlı lövhəciklər burada nələrin olduğunu öyrənməyə kömək edər. Kiçik konteynerlərdə yerləşdirilən su və bataqlıq florasına xüsusi guşə ayrılıb. 

Bad-Ayblinq kurortunu məşhurlaşdıran palçıq müalicəsidir. “Qara qızıl” adlandırılan nadir bataqlıq palçığı 160 ildən çoxdur ki, müxtəlif xəstəliklərin müalicəsində uğurla tətbiq edilir. Suda həll olunmuş və qızdırılmış palçıqdan həm vanna qəbulunda, həm də bədənin müxtəlif yerlərinə sürtmək və applikasiya üçün istifadə edilir. Bad-Ayblinqdə palçıq qəbulunun effektivliyi onun kimyəvi tərkibi və fiziki təsiri sayəsində dəqiq elmi biliyə əsaslanır. Palçıq istiliyi yaxşı saxlayır və asta-asta soyuyur, nəticədə vannada pasiyentin bədəninin temperaturu sürətlə qalxır ki, bu da müdafiə reaksiyasını stimullaşdırır və orqanizmin özünübərpasını fəallaşdırır. Bundan başqa, palçıqda orqanizm üçün çox faydalı olan 250-dən çox hormon və mineral var. Müalicə palçığı geniş spektrdə, ilk növbədə, ortopedik və revmotoloji sahələrdə, artrozda, işiasda, podaqrada, revmatizmdə, qan dövranının periferik pozulmalarında, osteoporozda, prostat vəzi və sidik kisəsi xəstəliklərində, ginekoloji xəstəliklərdə və uşaqların müalicəsində istifadə oluna bilər. Onkoloji xəstələrə də məsləhət görülür. Bütövlükdə, palçıq iltihaba qarşı mübarizə aparır, ağrıların azaldılmasına kömək edir, əzələləri fəallaşdırır və maddələr mübadiləsini sürətləndirir. Palçıqdan bir dəfə istifadə edilir və prosedurdan sonra təbiətə qaytarılır. Bad-Ayblinqdə klinikaların, demək olar, çoxunda, o cümlədən Avropanın ən böyük nevroloji klinikasında, onkoloji, bərpa, bir neçə çoxprofilli və digər klinikalarda palçıq müalicəsi tətbiq olunur.

Deyirlər, palçıq vannasında olmaq çox xoşdur, özündə çəkisizlik mühiti effektini hiss edirsən. Mühakimə etməyəcəyik, çünki yoxlamadıq, lakin biz Bad-Ayblinqin digər mühüm görməli yerinə - eyniadlı kompleksinə baş çəkə bildik. Kompleks bu il fəaliyyətə başlamasının 10 illiyini qeyd edib. Burada istifadə edilən su təxminən 2500 metr dərinlikdən gəlir, flüorit və yodla zəngindir. Bad-Ayblinq termal kompleksi hovuz, hamam və saunalı bir neçə zonaya bölünüb ki, bu da gələnlərə müalicəvi suyun faydalı təsirini bütünlüklə yoxlamaq imkanı verir.

Münhenin yaxınlığında (təxminən 60 kilometr) yerləşdiyi üçün Bad-Ayblinq paytaxtdan uzaqlaşmadan təbiətin qoynunda dincəlmək istəyənlər üçün münasib məkandır. Bad-Ayblinqdə qiymətlər, o cümlədən hoteldə qalmaq haqqı Münhendəkindən ucuzdur. Müalicə prosedurları ilə yanaşı, burada ənənəvi Bavariya mətbəxindən zövq almaq, velosiped sürmək, at gəzintisinə çıxmaq, qolf oynamaq, muzeylərə və mədəni tədbirlərə, o cümlədən hər il noyabrda keçirilən beynəlxalq gitara ifaçılığı festivalına getmək olar.

Knayp metodu və ya suyun gücü

Bizim isə Bavariyanın digər kurort regionuna – Prin-am-Kimzeyə getmək vaxtımızdır. Buranın öz müalicə metodu var. Alp ətəyindəki bu mənzərəli kommuna Bavariyadakı ən böyük gölün sahilində yerləşir. Bad-Ayblinqdən 38, Münhendən 87 kilometr məsafədə yerləşən bu gölü böyüklüyünə görə Bavariya dənizi adlandırırlar. 

Prin-am-Kimze klinikalarında tətbiq edilən əsas profilaktika və müalicə sistemi Knayp metodudur. Bu, Yuxarı Bavariyada Knayp metodu üzrə müalicənin aparıldığı yeganə sertifikatlaşdırılmış kurortdur. Burada Knayp klubu fəaliyyət göstərir. Klubun üzvləri bizi səmimi qarşılayaraq, bu effektiv nəzəriyyədən danışdılar, onun praktik tətbiqi yollarını nümayiş etdirdilər. 1821-ci ildə Bavariyanın kiçik bir kəndində doğulmuş Sebastyan Knayp həkimliklə məşğul olmaq barədə heç fikirləşməmişdi də. O, ruhani təhsili almışdı, 26 yaşında ağciyərində vərəm tapılmışdı, o zaman belə bir diaqnoz ölümə bərabər idi. Təsadüfən Knaypın əlinə Almaniyada hidroterapiyanın banisi İohann Xanın (1696-1773) soyuq suyun müalicəvi xüsusiyyətləri haqqında kitabı keçir. Onsuz da heç nə itirmədiyini düşünən Knayp suyun təsirini öz üzərində sınamağa başlayır, müntəzəm olaraq bir neçə saniyə Dunayın buzlu sularına baş vurur, sonra isə sürətlə qaçır. Bu cür praktikanın ilk günlərindəcə Knayp inanılmaz güc və gümrahlıq hiss edir, çox keçmədən həkimlər xəstəliyin ötüb-keçdiyini bildirirlər. 1852-ci ildən başlayaraq, Sebastyan Knayp su müalicəsi metodunu təkmilləşdirməyə başlayır, onu terapiyanın digər vasitələri ilə tamamlayır. Çox tezliklə davamçıları və xeyirxah pasiyentləri meydana çıxır.

Hazırda Knayp metodu dünyanın hər yerində geniş tətbiq edilir. Biz hotellərdəki spa mərkəzlərində kontrast vannaları üçün isti və soyuqsulu kiçik hovuzları dəfələrlə görsək də, xəyalımıza belə gətirməzdik ki, bizim Knayp metodu ilə onun vətəni Bavariyada tanış olmaq şansımız yaranacaq.

Beləliklə, Knayp nəzəriyyəsi beş əsasa söykənir: suya, bitkilərə, təmrinlərə, qidalanmağa və balansa. “Su insan sağlamlığının ən vacib və əlçatan mənbəyidir”, - deyən Knayp su ilə profilaktika və müalicənin 120-dən çox metodunu işləyib-hazırlayıb. Ən universalı ayaq və əl kontrast vannalarıdır. Prin-am-Kimzenin hər yerində - evlərin həyətlərində, müəssisələrdə, parklarda və digər yerlərdə kontrast vannaları üçün içində su olan balaca hovuzlara rast gəlmək olar. Belə bir hovuzu biz hətta meşədə gəzərkən gördük! Əlbəttə ki, bu hovuzlar Knayp klubunun həyətində də var. Klubun üzvləri burada müntəzəm olaraq hidroterapiya keçirlər. Onlar, əsasən, 60-80 yaş arasında kişilər və qadınlardır: özü də hamısı enerjili və bədənləri tarım. Onlar ilin istənilən fəslində, gündə bir neçə dəfə evdə, yaxud küçədə əllərini dirsəyədək soyuq suya salıb, bir neçə dəqiqə saxlayırlar. Ya da eyni şeyi pəncədə edirlər. Bu, immun sisteminin güclü stimulyatorudur və orqanizmi uzun müddət enerjili saxlayır. Lakin effekt üçün Knayp nəzəriyyəsinin bütün əsaslarına əməl etmək lazımdır. Knayp hesab edirdi ki, xəstəliyin qarşısını almaq onu müalicə etməkdən asandır. O, hidroterapiya ilə yanaşı, bitkilərin müalicəvi xüsusiyyətlərindən bəhrələnməyi, daha çox hərəkət etməyi və idmanla məşğul olmağı, qida rasionuna bu və ya digər yerin mövsümlə bağlı meyvə və tərəvəzlərini əlavə etməyi və hər şeydə ölçü hissini saxlamağı tövsiyə edirdi.

Bu müddəalarla razılaşmamaq mümkün deyil, bu gün onlar yazılmış həqiqət kimi səslənir, Knaypın dövründə isə mütərəqqi baxışlar idi. Birdən bizim ağlımıza gəldi ki, Avropa yalnız son 200-300 ildə soyuq sudan müntəzəm istifadə etməyin faydalarını öyrənib, halbuki İslam dini 1700 ildən çoxdur ki, insanlara ilin fəslindən və harada olmasından asılı olmayaraq, gündə beş dəfə ibadətdən əvvəl dəstəmaz almağı - üzü, əlləri və ayaqları yumağı buyurur...

Kişi adası və yarımçıq qalmış saray

Kimze gölü Prin-am-Kimzenin ən görməli yerlərindən biridir. Alp yüksəklikləri ilə əhatə olunan bu göl mavi sularının parıltısı və adalarının gözəlliyi ilə hər kəsi məftun edir. Qarşı-qarşıya yerləşən Frauninsel və Xerreninsel (“qadın” və “kişi”) adaları turistlərin diqqətini xüsusilə çəkir. Təxminən 300 sakini olan “qadın” adasında yaradıcı insanların, o cümlədən rəssamların və sənətkarların kommunası yerləşib. Burada yaşı 1200 ildən çox olan monastır var. Daha böyük olan “kişi” adası Bavariyanın sonuncu kralı II Lüdviq tərəfindən tikdirilmiş Xerrenkimze sarayı ilə məşhurdur. Biz gəmi ilə oraya yol düşdük. 

Göldəki körpünün yanına qədim, 1887-1888-ci illərdə düzəldilmiş parovozla getmək olar. Bu, dünyada indiyədək işləyən yeganə parovozdur. O, Prin-am-Kimze mərkəzi dəmir yolu stansiyasından yola düşərək, sərnişinləri düz bərənin yanına gətirir. Kimze gölündəki gəzinti donanması 160 ildən artıqdır ki, sahil və adalar arasında fəaliyyət göstərir. Donanmaya tarixi taxta gəmilərdən tutmuş, son texnikanın tətbiq olunduğu dəbli və müasir 15-dən çox gəmi daxildir.

Gəmi ilə yarım saat getdikdən sonra siz adaya çatırsınız. Limandan Xerrenkimze kompleksinə gedən yolboyu atların otladığı mənzərəli çəmənlik, meşə-park zonası uzanır. Siz sarayadək piyada və ya II Lüdviqin vaxtında olduğu kimi, atla gedə bilərsiniz.

1864-cü ildə 18 yaşında taxta çıxmış Bavariya kralı II Lüdviq siyasətdən çox tez uzaqlaşıb, vaxtının çoxunu teatr və incəsənətə həsr edib. Onun nümunə götürdüyü şəxs isə özündən təxminən 200 il əvvəl yaşamız Fransa kralı XIV Lüdovik olub. II Lüdviq kumirinə hörmət əlaməti olaraq, fransız krallarının iqamətgahı kimi xidmət göstərmiş Versal sarayı formasında qəsr ucaltmağı qərara alıb. Kral Bavariyada tikinti yeri üçün Kimze gölündəki adanı seçib. Sonda bu kompleks bər-bəzəyi ilə orijinalı ötüb-keçib. Belə ki, saraydakı təmtəraqlı yataq otağı XIX əsrin ən qiymətli otağıdır. Onun interyerindəki nəfis farfor əşyalar Saksoniyanın Maysen şəhərində Avropanın ilk farfor manufakturası tərəfindən hazırlanıb. Bu, şirkətə indiyədək verilmiş ən böyük sifariş olub. Dekorativ tikmələrin isə tayı-bərabəri yoxdur. Sarayın böyük güzgü qalereyası adamı valeh edir. Burada 17 güzgüyə qızıl suyuna çəkilmiş 44 şamdanın və 33 çilçırağın əksi düşür. Möhtəşəm fəvvarələrin və heykəltəraşlıq kompozisiyalarının olduğu saray parkı da Versaldan geri qalmır.

Lakin Xerrenkimze qəsrinin əsas tarixi dəyəri o faktdır ki, qəsrin tikintisi başa çatmayıb. Kralın bədxərcliyi dövlətin xəzinəsini tamamilə boşaldıb. II Lüdviqin qəfil ölümü zamanı sarayın 70 otağından 50-si hələ tikilməmişdi. Bu isə o deməkdir ki, buraya gələnlərin həmin dövrün tikinti texnologiyasını görmək kimi nadir imkanı olur. Çertyojlar və suvanmış divarlardakı iş qeydləri, tavandakı epik şəkillərin rənglənməmiş eskizləri, beton pillələr və kərpic qoyuluşu – bütün bunlar başa çatmış və səliqəyə salınmış dəbdəbəli otaqlardan heç də az maraq doğurmur.

Saray kompleksi ilə yanaşı, Xerreninsel adasında əsası 1125-ci ildə qoyulan, o vaxtdan bəri bir dəfə olsun yenilənməyən Avqustin kişi monastırı da yerləşir. 1948-ci il avqustun 10-dan 24-dək keçmiş monastırın otaqlarında mühüm hadisə baş verib – burada Federal Konstitusiyanın və yeni Almaniya dövlətinin qanunvericiliyinin yaradılması məqsədilə siyasətçilərin iclası keçirilib. Hazırda burada Konstitusiya Muzeyi yerləşir.

Sözardı əvəzinə

Adadan Prin-am-Kimzeyə zəngin təəssüratla qayıtdıqdan sonra biz bu günü Kimze gölü sahilində yerləşən Prienavera termal kompleksinə gəzinti ilə başa vurmaq istədik. Almanlar su prosedurlarını çox sevirlər və bu kompleks də çoxsaylı hovuz və saunaları ilə bunu bir daha əyani şəkildə təsdiqləyir. Kompleksdə adi hovuzla yanaşı, həm də Knayp metodu ilə kontrast ayaq vannaları qəbul etmək üçün hovuzlar var. 

Bavariyalıların qonaqpərvərliyindən zövq alıb, bu nağıllar diyarını tərk edərək, Şimali Reyn-Vestfaliya torpağındakı Münster şəhərinə yola düşürük. Burada əsas nəqliyyat vasitəsi velosipeddir, şəhər kilsəsinin qülləsindən isə orta əsrlərdə olduğu kimi, hər gün carçı şeypur çalır. Bu və bir çox digərləri barədə növbəti reportajlarımızdan birində danışacağıq. Bizi izləyin!

Emil Eyyubov, AZƏRTAC
Fotolar E.İbrahimindir
www.oxu.az

Digər Turizm xəbərləri