Noy
2017
14:31
49
102
7230
Virtual karabakh

Valehedici Gürcüstan - Üç günlük tur

2 Noy, 2017
14:31
7230

Valehedici Gürcüstan - Üç günlük tur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Üç günlük Gürcüstan səfəri gözlədiyimizdən daha maraqlı və dəyərli keçdi. Hər dəfə bu ölkəyə səyahət etdikcə gördüyümüz yeniliklər, gözəlliklər və möhtəşəm turizm ab-havası insanı valeh edir.

Oxu.Az xəbər verir ki, TravelNews.Az komandası Gürcüstanın Kaxetiya bölgəsinə, eyni zamanda, paytaxt Tbilisiyə səfər edib, yeni turları, hazırkı qiymətləri və yeni il üçün nəzərdə tutulan tur qiymətlərini araşdırıb. Təəssüratlarını oxucularla bölüşüblər.

"Oktyabrın 27-si axşam qatarla Balakənə yollandıq. Balakən qatarı saat 22:10-da yola düşür, 09:55-də isə ünvana çatır. Bəzən gecikmələr də ola bilər. Kupe növündə qiymətlər yerdən asılı olaraq (üst-alt) 9.90 AZN – 11.90 AZN arası dəyişir. Qatarların vəziyyəti normaldır. Hər kəs üçün təmiz yataq dəsti verilir. Sadəcə, kupedə pəncərələr açılmadığından isti olur. Balakənin dəmir yolu vağzalından sərhəd keçid məntəqəsinə qədər 15-20 dəqiqəlik yoldur. Asfalt dağıldığı üçün avtomobillər bu yolu 35-40 dəqiqəyə qət etməli olurlar. Taksilər sərhədə qədər olan məsafəni bir nəfər üçün 1.5 – 2 AZN arasında dəyişən qiymətlərlə aparırlar. Sərhəd-keçid məntəqəsində sıxlıq olmur. Turistlər üçün yaradılmış “yaşıl dəhliz”ə giriş üçün xarici vətəndaşlara icazə versələr də, yerli turistlərə icazə verilmir. Gömrükçülər bunun səbəbini yerli əhaliyə güvənməmələri ilə izah edirlər. 

Sərhəd-keçid məntəqəsini keçdikdən sonra bizi avtomobil qarşıladı. Sərhəddən Laqodexiyə qədər olan məsafə 6 km-dir. Qeyd edək ki, Laqodexi Kaxetiya tarixi ərazisində şəhərdir. Adının "leketi" sözündən yarandığı ehtimal olunur. "Leketi" tərcümədə "leklərin vətəni" deməkdir. Qafqaz Albaniyasının tayfalarından biri hesab edilən leklərin indiki ləzgilər olduğu qəbul edilir. Lek adının patriarx Foqarmanın nəslindən olan Lekosun adından aldığı hesab olunur. Gürcü əfsanələri də bunu qəbul edir. Leklərin Alazan çayının sağ sahilində yaşadığı dəqiqdir. Gürcülər ləzgilərdən başqa, avarları da lek adlandırırlar. Daha sonralar ərazidə gürcülərin güclü dövlət qurması ilə ləzgilərin çoxu buradan çıxarılır, bölgənin adı da Leketidən Lekoyetiyə, Leqodetiyə çevrilərək sonda, indiki adını Laqodexini alır. Şəhər olaraq əsası isə VIII əsrdə gürcü çarı Arçilin Lakuasti qalasının tikilməsi ilə qoyulub. Qaldığımız hotelə çox yaxın ərazidə Laqodexi Milli Parkı (qoruq) yerləşirdi və hər il minlərlə insan bu qoruğun ərazisindən keçib şəlalələrə və dağlara qalxır, kampinq edir salırlar. Onu da bildirim ki, Laqodexi küçələrinə su xətləri çəkildiyi üçün yollar dağıdılıb və hazırda bərpa işləri aparılır".

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri