15 
May
2018
16:57
265
26
8634
Virtual karabakh

Türkiyənin turizm paytaxtı Antalya - REPORTAJ

15 May, 2018
16:57
8634

Türkiyənin turizm paytaxtı Antalya - REPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hörmətli sərnişinlər, Bakı-Antalya istiqamətində uçuşu yerinə yetirən “Embraer 190” təyyarəsində sizi salamlayırıq. Xahiş edirik fərdi masaları bağlayın, oturacaqların arxasını şaquli vəziyyətə gətirin. Qoruyucu kəmərləri bağlayın və ölçünüzə uyğun tənzimləyin. Xatırladırıq ki, uçuş zamanı bütün elektron avadanlıqlar söndürülməlidir. Sizə xoş və rahat uçuş arzu edirik. Diqqətinizə görə təşəkkürlər”.

Yolumuz qardaş ölkə Türkiyənin həm havasına, həm mənzərəsinə, həm də turizm potensialına görə dünya şəhərləri sırasında fərqlənən şəhəri Antalyayadır.

Uçuşumuzu 2016-cı ildə “AZAL”ın yaratdığı aşağı büdcəli aviaşirkət olan “Buta Airways” həyata keçirir. Milli ornamentimiz olan buta üslubunda qırmızı simurğ quşu və təyyarənin bütün gövdəsi boyu əks olunan parlaq naxışlarla bəzədilən təyyarənin görüntüsü möhtəşəmdir.

Bu aviaşirkətə məxsus reyslər də ucuz olduğuna görə çox əlverişlidir. Bu səbəbdən Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfər etməsi üçün “Buta Airways”i seçməsi məsləhətdir.

Uçuş zamanı insana zövq verən amillərdən biri də təyyarədə göstərilən xidmətdir. Reys daxilində spirtli, sərinləşdirici, isti içkilər və soyuq qəlyanaltı almaq mümkündür. Qiymətləri baha deyil.

Xidmətə hər bir sərnişin üçün pulsuz təklif edilən sendviç və su da daxildir.

Pilotun sözlərinə görə, Bakıdan Antalyaya qədər müddət 2 saat 40 dəqiqə təşkil edir.

Buludların arasında rəqs edən təyyarəmiz bir neçə dəfə burulğana düşür. Lakin buna baxmayaraq, pilotumuz heç bir narahatlığa əsas olmadığını bildirir.

Göyün yeddinci qatından (adətən, belə deyirlər) yerə baxanda hər şey fərqli görünür. Sanki rəsm dəftərinin üzərində cızma-qaralar etmisən.

Uzun bir uçuşdan sonra Antalya Hava Limanına çatdıq.

Bizi “Summer Tour” şirkətinin əməkdaşları qarşıladı. Şirkətin əməkdaşı səfər proqramı haqqında məlumat verərkən bildirdi ki, Türkiyədə turizm mövsümü rəsmi olaraq 23 aprel - Uşaq bayramı günündə açıq elan edilir. Lakin buna baxmayaraq, artıq qonaqlar çoxdan gəlməyə başlayıb.

Hotelə çatanda xeyli turistin artıq istirahət üçün gəldiyinin şahidi oluruq.

Səfər proqramına əsasən, üç gün (27, 28, 29 aprel) Antalyanın Kemer bölgəsində yerləşən “Rixos Sungate” hotelində qonaq olduq.

Beş ulduzlu və cəmi 1094 otaqdan ibarət olan hoteldə, demək olar ki, boş yer yox idi. Görünür, göstərilən yüksək xidmət turistləri bura gəlməyə vadar edir. Axı necə etməsin? Bir tərəfdən mənzərəsi dağlara, bir tərəfdən Aralıq dənizinə, digər tərəfdən də meşəliyə açılan hotel cənnəti xatırladır.

Ümumilikdə 250.000 kv. metr əraziyə malik olan hoteldə hər gecə müxtəlif şou-proqramlar təşkil edilir ki, bu da istirahətin keyfinə daha da rəng qatır.

Hotelin əsas özəlliklərindən biri də fəaliyyət göstərən restoranların yemək saatının uyğun şəkildə qurulmasıdır. Sxem elə qurulub ki, günün sonuna qədər istənilən saatda yemək yeyə bilmək mümkündür.

Bütün bunlarla yanaşı, hotel mini disko, sinema, bar, fitnes mərkəzi, masaj kimi xidmətlərlə qonaqların üzünə açıqdır.

Onu da qeyd edək ki, hoteldəki turistlərin böyük əksəriyyəti ruslardan ibarətdir.

Səfər proqramına görə, bu gün heç bir turumuz yoxdur. Hoteldə doyunca istirahət edib, dincəlmək lazımdır. Çünki sabah bizi möhtəşəm Antalya səfəri gözləyir.

Çöldə yay havası, içəridə qış…

Sabahın proqramına uyğun olaraq ilk getdiyimiz yer “Antalya akvarium” oldu. Demək olar ki, bu məkan Antalyanın vizit kartına çevrilib. Şəhərə gəlib, bura baş çəkməmək və tarixə öz imzasını atmış yeri görməmək qəbahət olar.

Bələdçimiz “Antalya akvarium”dan öncə bizi “Buz muzeyi”nə salır. İçəri o qədər soyuqdur ki, bura gödəkçəsiz girmək mümkün deyil. Çöldə 23-24 dərəcə isti olduğu halda, burada -2-4 dərəcə soyuq var. Hətta bir yerdə gəldiyimiz bir neçə jurnalist həmkarımız soyuğa dözə bilməyib, buranı tərk edir.

Bura Türkiyənin ilk buz heykəli muzeyidir. Ümumilikdə 1500 kv.m-lik ərazisi olan muzeydə buzdan düzəldilmiş fiqurlar, rəngi işıq effektləri, eskimoslara məxsus evlər, oturacaqlar, ayaq altında xışıldayan qar insanın ruhunu oxşayır.

Məkan haqqında məlumat verən bələdçi deyir ki, bu ilin əvvəlindən buranı 5000-ə yaxın turist ziyarət edib.

Xatirə üçün şəkillər çəkdirdikdən sonra girişdə aldığımız gödəkçələri təhvil verib, akvarium səyahətinə başladıq.

Dünyanın ən böyük akvariumlarından biri, film kimi bir yer – “Antalya akvarium”.

Böyüklüyünə görə Avropada ikinci, dünyada beşinci olan və beş milyon litr həcmə malik akvarium Konyaaltı rayonunun cənub-qərbində yerləşir. 12 min kvadrat metrlik sahəni tutan kompleksdə mövcud olan sualtı tunel Avropada rekord vurub. Həmçinin akvariumda 40 tematik akvarium var. Burada dünyanın bir çox hövzələrində yaşayan balıq növlərinə rast gəlmək mümkündür.

Hətta akvariumların birində yalnız Xəzər dənizində mövcud olan nərə balığı da saxlanılır.

Kompleksin bələdçisi deyir ki, bu balıqların gətirilməsi üçün qardaş ölkə Azərbaycanla 30-a yaxın icazə müqaviləsi imzalanıb.

Balıqların suyun içərisində hərəkətinə baxdıqca sanki insan real aləmdən uzaqlaşır və özünü film seyr edirmiş kimi hiss edir.

Üç hissədən ibarət olan tematik akvariumdan sonra tunel akvariumu başlayır.

Mavi işıqlarla bəzədilən bu yerdə başının üzərindən, sağdan-soldan hərəkət edən balıqları görürsən. Həmçinin bura əlini vursan, toxunacaqmış kimi təəssüratlar yaradır. Kompleksin uzunluğu 131 metr, eni isə 3 metrdir.

Məkanda elə gözəllik yaradılıb ki, buranı heç tərk etmək istəmirsən. Lakin digər yerə, yəni Düdən şəlaləsinə getmək üçün tərk etmək məcburiyyətindəyik.

Əsrarəngiz Düdən şəlaləsi

Türkiyənin Antalya vilayətində yerləşən şəlalələr qrupudur. Başlanğıcını Düdən çayından (cənubi Anadoluda böyük çaylarından biri) götürən şəlalə, Antalyadan 12 km şimal-şərqdə yerləşir.

Giriş üçün biletimizi aldıqdan sonra səyahətimizə başlayırıq. Təbiət qoynunda yerləşən məkanda xeyli sayda ziyarətçilər görürük. Onlar deyir ki, bura Antalyanın ən möhtəşəm yerlərindən biridir.

Şəlalənin aşağısında ilin hər günü göyqurşağı yaranır. Bələdçi belə deyir. Şəlalə çox hündür olmasa da, gözəlliyi və şırhaşırla axması ekzotik mənzərə yaradır.

Şəlalənin kənarından kiçik və dar mağaraya bənzər yer də vardır ki, bura ilə ən hündür nöqtəyə getmək olur. Lakin oraları su basdığından getmək üçün gərək ayaqqabının islanmasını gözə alasan. Yəni görməyə dəyər.

Düdən şəlaləsindən sonra Antalyanın məşhur ərazisi sayılan və Kaleiçi deyilən əraziyə yola düşürük.

Dövrlərin yadigarı Kaleiçi

Kaleiçi antik dövr qalıntılarını özündə əks etdirən turizm nöqtəsidir. Bu qalıqlar şəhər divarları və daxili liman marinasını əhatə edən şəhər divarlarının bir qismidir. Ərazini çöldən və içəridən əhatə edən qalalar Roma, Bizans, Səlcuq və Osmanlı dövrlərinə aid ortaq əsərlərdir.

Şəhər divarlarında təxminən 3000 ev mövcuddur. Bu divarlar tarixiliyi özündə əks etdirməklə yanaşı, həmçinin bölgədəki insanların həyat tərzini, adət-ənənəsinə güzgü tutur. Hazırda bu ərazidə bir çox əyləncə mərkəzləri, restoran və barlar, alış-veriş mərkəzləri, mağazalar fəaliyyət göstərir.

Turistlər istənilən xidmətdən rahat şəkildə yararlana bilirlər. Ona görə də burada turistlərin sayı daha çox nəzərə çarpır. Xüsusən də Çindən gələn turistlər.

Bugünkü proqram yemək və dəniz sahilində gəzinti ilə yekunlaşır.

Yenidən hotelə qayıdırıq. Sabah bizi daha möhtəşəm yerlərə səyahət gözləyir.

Sabahın ilk səfər proqramı “Olympos Teleferik” adlanan kanatdır. Bu gün həm də səfərimizin üçüncü günüdür.  

Antalyada günəş, dəniz və qar bir arada…

Buranı “Sea to Sky” yəni, “Dənizdən səmaya” da adlandırırlar. Dünyanın ən uzun ikinci, Avropanın ən uzun kanatı ilə 10 dəqiqə ərzində 4350 m yol qət etməklə, 2365 m yüksəkliyə qalxmaq mümkündür.  

“Olympos Teleferik” dünyanın ən gözəl milli parklarının birində, Tahtalı Dağının zirvəsində yerləşir. Zirvəyə qalxdıqda ilk olaraq şanlı türk bayrağının dalğalandığı görünür. İsveçrənin yüksək kanat texnologiyası və mühafizə standartları ilə sizə günlük yaşamınızdan uzaq, xoş bir macəra yaşamaq üçün fürsət yaradır.

Kanatla səyahətə başladıqda insan özünü uca dağların qoynuna gedirmiş kimi hiss edir. Yavaş templə hərəkət edən kanatdan yerə baxdıqda isə adamın “ürəyi ağzına gəlir”. Arada silkələnmələr olduqca yıxılmaq qorxusu yaranır.

Dayanacağın sonunda böyük bir tikili ilə qarşılaşırıq. Burada ziyarətçilər üçün müxtəlif məkanlar – mağaza, kafelər fəaliyyət göstərir.

Bir sözlə, buradakı hər şey insanın yaddaşına film lenti kimi yazılır. Unudulması mümkün deyil.

Bu günün proqramında “Botanik” restoranında yemək də qeyd olunub. “Olympos Teleferik”dən ayrılıb, yolumuzu “Botanik” restoranına tərəf salırıq.

Həmyerlilərimizin çayın içində qurduğu füsunkar restoran

Bura meşəliyin içərisində yerləşir. Bizi qapının ağzında həmyerlimiz “Salam, qardaşlar, xoş gəlmisiniz!” sözlərilə bizi qarşılayır. Onunla söhbət əsnasında öyrənirik ki, məkanın sahibi azərbaycanlıdır.

Çayın üzərində qurulmuş oturacaqlarda bardaş quraraq ləzzətli yeməklərdən daddıq. Göstərilən xidmət, mehriban və gülərüz kollektiv onu deməyə əsas verir ki, Antalyada da həmyerlilərimiz öz qonaqpərvərliyini göstərirlər. Bir məsələni də nəzərə çatdırmaq lazımdır ki, Antalyada fəaliyyət göstərən məkanların çoxunda azərbaycanlı iş adamlarının adları hallanır. Çox istərdik ki, qardaş ölkədə qurulan bu gözəlliyi ölkəmizdə də qursunlar.

Bu günün proqramı elə bununla bitir. Bu gün həm də Antalya səfərimizin son günüdür. Sabah Türkiyənin digər tarixi və möhtəşəm şəhəri Alanyaya yola düşəcəyik.  

Salamat qal, Antalya! Xoş gördük, Alanya!

Alanyada bizi “Summer Tour” şirkətinin türk vətəndaşı qəbul etdi. Azərbaycanlıları çox sevdiyini deyən əməkdaş ona verilən müddət ərzində bizi möhtəşəm yerlərə aparacağını söz verdi. İlk olaraq Alanya şəhərində yerləşən beş ulduzlu “Mukarnas” hotelində qonaq olduq. Bura Alanyanın ən lüks hotellərindən biridir. Turistlərin əksəriyyətinin ruslar olduğunu görürük.

Yarımadanın zirvəsində açıq sahə muzeyi – Alanya qalası

Proqrama uyğun gedəcəyimiz ilk yer Alanya qalası oldu. Hər daşında gizli tarix yatan bu qala Alanyanın simvollarından biridir. Dəniz səviyyəsindən 250 metrə qədər yüksələn yarımada üzərində yerləşir. Qala divarlarının uzunluğu 6.5 km-ə qədərdir.

Kandeleri adı ilə tanınan Alanya yarımadasındakı yaşayış məskəni, ellinizm dövründən günümüzə gələn tarixi abidə XIII əsr Səlcuqlu əsəridir. Qala 1221-ci ildə şəhəri alıb yenidən inşa etdirən Səlcuqlu Sultanı I Əlaəddin Keyqubad tərəfindən inşa etdirilib.

Qalanın 83 qülləsi və 140 bürcü var. Orta əsrlərdə qala divarların içində yerləşmiş şəhərin su ehtiyacı təmin etmək üçün 1200-ə yaxın su anbarı tikilib və onların bir hissəsi günümüzdə də istifadə edilir.

Qala divarları planlı bir şəkildə Ehmedek, İçqal, Adam atacağı, Cilvarda burnu üstü, Ərəb övliyası bürcü və Əsəd bürcünü enərək Topxana və Tərsanəni keçib, Qızılqüllədə tamamlanacaq şəkildə inşa edilib.

Alanya qalası Anadolunu bəzəyən yüzlərlə qaladan bu günə qədər qalan, ən yaxşı qorunmuş orta əsr qalalarından biridir.

Deyilənə görə, qala romalı pirat Tryhosun döyüşçüləri tərəfindən e.ə. II əsrdə Korakesion adı ilə yaradılıb. Şərqi Aralıq dənizdəki dəniz quldurlarının fəaliyyətlərindən narahat olan romalılar qalanı e.ə. 64-65 illərdə ələ keçiriblər.

Qala və ətrafındakı yaşayış, 1217-1218-ci illərdə I Əlaəddin Keyqubad tərəfindən Səlcuqlu Sultanlığı ərazisinə daxil edilib. Sonralar Karamanoğulları, Məmlüklər idarəçiliyinə keçib, son olaraq da Qanuni Sultan Süleyman tərəfindən fəth edilib.

Yarımadanın zirvəsində açıq sahə muzeyi kimi dəyərləndirilən İçqala yerləşir. Sultan I Əlaəddin Keyqubad sarayını burada tikdirib.

Qalanı gəzdikdən sonra kanatla şəhərə endik. Növbəti səfərimiz şəhərdən çox da aralı olmayan “Damlataş” mağarasınadır.

Cilalanmış qiymətli daş mənasını verən Damlataş mağarası

Mağara Alanya yarımadasının qərbində, Aralıq dənizi sahilində yerləşir. Mağara ilk dəfə 1948-ci ildə aşkar edilib. Sahildə liman tikintisi zamanı daş əldə etmək üçün yaxınlıqdakı qayalıq ərazi partladılıb və nəticədə mağara girişi açılıb.

İçəri daxil olduqda insanın içinə dərin səssizlik çökür. Mərkəzə çatmaq üçün sıx və dar mağara hissələrindən keçməli olduq. Mərkəzdə isə tamamilə başqa ab-hava var. Mağaranın tavanından və divarlarından salxıma bənzər daşlar sallanır.

Burada çox da qalmırıq. Bələdçimiz bildirir ki, vaxtımız məhduddur və növbəti yerə getmək lazımdır. Dim çayına yollanırıq.

Burada çayın üzərində qurulmuş oturacaqlarda ləzzətli təamlardan daddıq. Həmçinin “çayda çimmək qadağandır” adlı yazılı lövhə qoyulsa da, yeniyetmələrin çimdiyinin şahidi olduq.

Qeyd edim ki, çayın uzunluğu altı kilometrdir. Yeməyimizi yedikdən sonra həm Alanya turunun, həm də ümumi səyahətimizin son yeri olan gəmi turuna yollandıq.

Hara gedirsən, ay gəmi? – Uzaqlara, uzaqlara.

Burada gəmilər, yaxtalar o qədər çoxdur ki, adam özünü nağıllar aləminə düşmüş kimi hiss edir. Hər gəmi də öz gözəlliyinə görə digərindən seçilir.

“Arif Kaptan-4” adlı gəmi ilə səyahətə başlayırıq.

Özünü Aralıq dənizinin ağuşuna buraxan gəmi yavaş-yavaş Alanya qalasının yerləşdiyi qayalıqlar boyu hərəkətə gəldikcə, insanda xoş təəssüratlar yaranır. Dənizin suyu o qədər təmizdir ki, suyun dibindəki balıqları görmək mümkündür.

Təxminən bir saatlıq gəzinti zamanı “Kleopatra çimərliyi” adlanan ərazidən də keçirik.

Rəvayətə görə,Misir hökmdarı Kleopatra hər səhər bu ərazidə çimirmiş. Elə ona görə də ərazi “Kleopatra çimərliyi” adlandırılıb. Hər halda Kleopatra elə-belə yerdə çimməz.

Və bununla da səyahətimiz yekunlaşır. Sabah yenidən “Buta Airways”in təyyarəsi ilə vətənə dönürük.

Təşkil edilən tura görə Oxu.Az informasiya portal olaraq “Buta Airways”ə və “Summer Tour”a təşəkkür edirik.

“Hoşça kal, Türkiye!”

Bakı-Antalya-Alanya-Bakı

Elvin Paşazadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri