Avq
2018
21:42
211
64
12494
Virtual karabakh

Kobuleti - mavi gözlü, yaşıl donlu gözəl - FOTO

9 Avq, 2018
21:42
12494

Kobuleti - mavi gözlü, yaşıl donlu gözəl - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həm sərfəli, həm də maraqlı səyahət axtarırsınızsa, Gürcüstanın yaşıl donlu, mavi gözlü Kobuletisi sizi gözləyir.

Yay gəlməmiş hamımız tətilimizi necə, harada keçirəcəyimizlə bağlı bir əndişəyə düşürük. Xüsusilə ailəniz böyükdürsə, səyahətin maraqlı və gözəl keçməsi ilə bərabər,  həm də sərfəli olması önəm daşıyır. Buna görə Gürcüstanı da bu il istirahət edə biləcəyimiz ölkələr siyahısına daxil etdik.

Və bu arada, təsadüfən Acariya Muxtar Vilayətinin Turizm İdarəsi tərəfindən Kobuletiyə dəvət aldım. Tam yerinə düşmüşdü. Həm bir neçə günlük də olsa dincəlmək, həm də ailəvi istirahətimiz üçün kəşfiyyat aparmaq şansı əldə etmişdim.

Təyyarə ilə Tbilisiyə, oradan isə avtomobillə Kobuletiyə yollandıq.   Kobuletiyə səhər saat 06:00 radələrində çatdıq. Yolun yorğunluğunu Qara dənizin çılğın dalğalarının səsi xəfiflətdi.  Amma çox aludə olmadan dincəlib günü daha maraqlı keçirmək üçün enerji toplamağa yollandıq.

Otaqlarımız artıq hazır idi. Onu da deyim ki, Gürcüstana əvvəlki səfərlərimlə müqayisədə, bu dəfə xidmətdən daha çox razı qaldım. Artıq gürcü qardaşlarımız bu işi öyrənməyə başlayıblar. 

Çox gözləmədik,  çatışmayan hər nə olurdusa, vaxtında təmin edirdilər. Nə isə… Uzun sözün qısası, qarşıda çox sıx proqramı olan mediatur bizi gözləyirdi.

İstərdim ki, Gürcüstanın yaşıllığın içində, dağların əhatəsində, dənizin qoynunda yerləşən bu möcüzəvi Kobuletisini birlikdə gəzək. Keşməkeşli tarixə malik Kobuleti Acariya Muxtar Vilayətinin bir parçasıdır.

Məşhur Batumiyə çox yaxındır. Amma Batumidən fərqli olaraq, bura daha sakitdir, hotellər və evlər dənizin düz sahilində yerləşir. Dənizin laylası ilə yatmağı sevirsinizsə, bura sizin istirahətiniz üçün ideal yerdir. 

Səhər tezdən əyninə yüngül bir şey geyinib sahilə enmək, çınqılların üstü ilə yerimək, gözlərini yumub Qara dənizin ətrini içinə çəkmək min SPA prosedurunu əvəz edir.

Kobuletinin 10 kilometrdən çox çimərlik zolağı var. İstədiyiniz yerdə dənizə girə bilərsiniz. Hətta hündür şam ağacları ilə dolu olan dənizkənarı parkın restoran və kafelərində ləzzətli yemək yeyib, dənizə baş vurmaq imkanı var.

Bakı Bulvarındakı “Mirvari” restoranını xatırladan “Sunset” restoranında olduq. Qiymətləri münasib, yeməkləri isə çox ləzzətli idi. Oraya getsəniz, ev üsulu hazırlanmış, qrafində süfrəyə verilən  limonadın dadına mütləq baxın. Kobuletidə qalmağa yerlər çoxdur, hər büdcəyə uyğun şəxsi evlər, mənzillər, kiçik mehmanxanalar, dörd ulduzlu, hətta  beş ulduzlu hotellər də var.

Biz şəhərin ən gözəl yerlərindən birində yerləşən, beş ulduzlu lüks “Georgian Palace” hotelində olduq. Bu, çox dəbdəbəli və bahalı hotel düz Qara dənizin sahilində yerləşir, həyətindəki bambuk ağacları hotelə xüsusi gözəllik verir.  Bu hotelin terrasında romantik şam yeməyi, inanın ki, unudulmaz olacaq.

Gürcüstanın hər yerində olduğu kimi, Kobuleti də bir-birindən fərqli şərabları ilə fəxr edir. Burada hələ çox keçmiş zamanlara aid Şərab evləri var. Bizim olduğumuz şərab evində əsrlər öncəsinə aid olan şərab zirzəmiləri, yerin altına basdırılmış böyük şərab küpləri indiyə kimi qalır.

Burada bu gün də dünyanın dörd bir yanından gətirilmiş şərablıq üzümlər yetişdirilir. Ləzzətli şərabdan dadmaq və maraqlı fotosessiya etmək üçün şərab evinə gələ bilərsiniz.

Kobuletinin gözəlliyi və özəlliyi ondan ibarətdir ki, bura həm çimərlik, həm də meşə, dağ gəzintisini sevənlər üçün  maraqlıdır. 160 metr yüksəklikdə sizi tamam başqa bir aləm qarşılayır. Yaşıllıq o qədərdir ki, özünü Afrikanın cəngəlliklərində hiss edirsən.

Mərkəzdən bir neçə km aralıda yerləşən Kebuli kəndi bizi öz füsunkar gözəlliyi ilə təəccübləndirdi. Yaşıllıq, çay, şəlalələrdən ibarət olan bu kənddə evlər də dağların qoynunda meşələrin arasında tikilib. Onlara baxdıqca düşünürsən ki, görəsən, bu evlərə insanlar necə gedib gəlirlər?!

Cəngəlliklərin arasında gəzərkən şəlalələrlə qarşılaşırsan. Ayaqlarını soyuq suya salıb sərinləyir və saatlarla bu gözəlliklərə tamaşa etməkdən doymursan.

Kobuletidə olduğunuz müddətdə darıxmağa vaxt tapmayacaqsınız. Burada keçirəcəyiniz bir neçə gün sizi gündəlik qayğılardan o qədər uzaqlaşdıracaq ki, özünüzü sanki bir aydır evdən çıxmış kimi hiss edəcəksiniz.

Mərkəzdən 15 km məsafədə, yaşıllıqların arasındakı Koxi kəndini Kobuletidə gedəcəyiniz yerlər siyahısına mütləq daxil edin. İstənilən taksi sizi oraya aparacaq. Bu kənddə dağların başından axıb gələn bolsulu Kintrişi çayının səsini hər yerdən eşidə bilərsiniz.

Gürcüstanda ən ləzzətli balığı isə Koxidəki “Kobroni” restoranında daddıq. Restoranın ərazisində Kintrişi çayının axıb töküldüyü hovuzda yetişdirilən farel, nərə, siyənək balıqlarını özünüz tutub bişirtdirə bilərsiniz. Bu xüsusilə uşaqların çox xoşuna gələcək.

Sobada, xüsusi ədviyyatlarla bişirilən bu balıqların dadı damağınızda qalacaq. Bir sözlə, “Kobroni” restoranında süfrəyə verilən bütün yeməklər ləzzətli, qiymətlər də çox münasib idi. Ucqar kəndlərdə ötən əsrlərdə tikilmiş monastrları gəzmək maraqlıdır.

Acarıstan əhalisninin 70 faizi xristian, 30 faizini isə müsəlmanlar təşkil edir. Kvirike kəndində 1865-ci ildə tikilən taxta, minarəsiz məscid Acarıstanda az sayda qalanlar məscidlərdən biridir.

Kvirike kəndində vaxtilə Kobuletinin çox zəngin insanları yaşayırmış. Naringi əkini və ixracı ilə məşğul olan yerli sakinlərin indi yalnız böyük evləri qalıb.

Ümumiyyətlə, Kobuletidə böyük memarlıq abidələrinə çox rast gəlməzsiniz. Binalarda yeni-yeni təmir işləri aparılır.

Keçmiş zamanlardan qalan bir neçə qövsvari körpüyə getdik. Burada insana ən çox xoş gələn vəhşi təbiəti, təmiz havası, ləzzətli yeməkləri və ən əsası, gülərüz, qonaqpərvər insanlarıdır.

Qeyd edim ki, Kobuleti Osmanlı İmperiyası zamanında Türkiyənin tərkibində olub. Əsrlər ötsə də, Kobuletidə türk ənənələri yaşamaqdadır. Türklər buraya Çürüksu deyirmiş, çünki hər tərəf bataqlıqlarla dolu imiş.

Sonradan bu bataqlıqları qurudub, yerində kurort şəhəri salıblar. Bir vaxtlar bura zəngin qrafların, knyazların istirahət məskəni olub. Aparılan tikinti işləri, islahatlara əsasən deyə bilərəm ki, Kobuleti şəhərinin bu statusu yenidən qaytaracağı gün çox uzaqda deyil.

Nə qədər ki, buraya səyahət əlçatandır, fürsəti dəyərləndirməyinizi məsləhət görərdim. Çünki Kobuleti, doğrudan da, onu heç olmasa bir dəfə görməyə layiqdir.  

Günay Novruzqızı
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri