İyl
2019
02:25
188
22
5101
Virtual karabakh

Milli Parkda bəbirlərə görə yeni fototələlər quraşdırılıb - FOTO/VİDEO

Lənkəranda Hirkan Milli Parkında yeni fototələlər quraşdırılıb.

Oxu.Az xəbər verir ki, yeni quraşdırılanlarla birlikdə sayı iki dəfə artan qurğular Milli Parkda həm mühafizə, həm də müşahidə baxımından yeni imkanlar yaradacaq.

Bəbirlərin mühafizəsi Qafqaz regionunda yalnız Hirkan və Zəngəzur Milli Parklarında həyata keçirilir.

Hirkan Milli Parkında 2015-ci ilədək bəbirlərin sayında azalma olsa da, onların populyasiyasının artması məqsədilə son 4 il ərzində görülən işlər sayəsində uğurlu nəticələr müşahidə olunur. Bəbirlərin nəzarəti və mühafizəsi işində fototələlərin rolu böyükdür. Bu vaxta qədər milli parkda 20-ə yaxın fototələ quraşdırılıb.

Fototələlər nəinki bəbirlərin, həmçinin cüyür və canavar sürülərinin, oxlu kirpi, çöl donuzu və qonur ayıların çəkilişlərini edir.

Qafqaz üzrə bəbirlərin mühafizəsi proqramına uyğun olaraq daha 20 fototələ bəbirlərin sıx məskunlaşdığı yerlərdə quraşdırılacaq.

Yeni fototələlər əvvəlkilərdən üstün olan özəlliklərinə görə fərqlənir. Daha yaxşı iş rejiminə malik yeni qurğular müşahidə ilə yanaşı, brakonyerlərlə mübarizədə də Milli Parkın mühafizə sektoruna kömək olacaq.

Qeyd edək ki, Hirkan Milli Parkına yerli turistlərlə yanaşı, əcnəbilərin də marağı gündən-günə artmaqdadır.

Bu ilin 6 ayı ərzində 3200 yerli, 1200 xarici turist Hirkan Milli Parkını ziyarət edib.

Rövşən Mövlan

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri