26 
İyl
2019
16:13
37
164
5439
Virtual karabakh

Vizanın ləğvi Türkiyədən turist axınını artıracaq, lakin risklər də var - ŞƏRH

26 İyl, 2019
16:13
5439

Vizanın ləğvi Türkiyədən turist axınını artıracaq, lakin risklər də var - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi, şübhəsiz ki, Azərbaycanda turizmin inkişafına təsir göstərəcək.

Bunu Oxu.Az-a müsahibəsində Almaniyada yaşayan miqrasiya məsələləri üzrə tanınmış ekspert Əliövsət Əliyev deyib.

Ə.Əliyevin sözlərinə görə, bu, ilk növbədə, iki ölkə arasındakı qardaşlıq münasibətlərini sübut edən siyasi qərardır ki, bu da çox vacibdir:

“Vizasız rejim, o cümlədən, Naxçıvanda turizmin inkişafına təsir edəcək. Əlbəttə, bu, hamısı deyil. Bu gündən etibarən Türkiyədə Azərbaycanı, onun turizm zonalarını, gəzməli-görməli yerlərini, hotellərini reklam etməyə başlamaq – göstərdiyimiz xidmətlərin Gürcüstan və Ermənistanla müqayisədə, daha keyfiyyətli və əlçatan olduğunu təqdim etmək lazımdır.

Əgər bu istiqamətdə səylər göstərilərsə, o zaman Azərbaycan artıq gələn il turistlərin sayına görə Gürcüstanı ötüb keçəcək və bu göstərici üzrə regionda lider ölkəyə çevriləcək. Hələlik biz Gürcüstandan geri qalırıq”.

Ekspert hesab edir ki, gələcəkdə İran vətəndaşları üçün vizasız rejimi tətbiq etmək olar. Bu qərar da Azərbaycanda turizmin inkişafına təsir göstərəcək.

Onun sözlərinə görə, Azərbaycana gələn türklər görməlidir ki, bura investisiya yatırılmasına layiq ölkədir:

“Yəni hökumət korrupsiyanın qarşısının alınması və tender şəffaflığının təmin edilməsi üzrə ciddi işlər görməlidir. Belə olan halda respublika qısa müddət ərzində Cənubi Qafqazda turizm üzrə lider ölkəyə çevriləcək”.

Ə.Əliyev diqqətə çatdırıb ki, əlbəttə, risklər də mövcuddur:

“Risklər Türkiyə ərazisində terror təşkilatlarının (PKK, İŞİD) mövcudluğundan ibarətdir – bu elementlər Azərbaycana keçməməlidir. Azərbaycan sərhədçiləri başdan-ayağadək müasir texnologiya ilə təchiz edilib və həmin riskləri dəf etmək olar”.

Hüquqşünas turizm sahəsində göstərilən xidmətlərin qiymətinə də toxunaraq bildirib ki, Azərbaycanda qiymətlər çox yüksəkdir:

“Bununla əlaqədar sözügedən məsələyə yenidən baxmaq lazımdır. Təbii ki, yalnız turistlərin cəlb edilməsi ölkə iqtisadiyyatının inkişafı üçün kifayət deyil. Əcnəbilərin Azərbaycanı sabit və təhlükəsiz dövlət kimi görməsi önəmlidir”.

Qeyd edək ki, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyənin ümumvətəndaş pasportuna malik vətəndaşları üçün 1 sentyabr 2019-cu il tarixindən etibarən viza tələbi ləğv edilir.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri