27 
Dek
2019
15:12
155
55
4279
Virtual karabakh

AZAL-ın qərarı Azərbaycana turist axınını gücləndirəcək - ŞƏRH

27 Dek, 2019
15:12
4279

AZAL-ın qərarı Azərbaycana turist axınını gücləndirəcək - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadçı-ekspert Rəşad Həsənov Azərbaycan mülki aviasiyasının tarixində ilk dəfə beşinci və yeddinci qrup “hava azadlığı”nın ölkənin bütün beynəlxalq hava limanlarında heç bir maneə olmadan tətbiq olunacağını şərh edib.

R.Həsənov Oxu.Az-a deyib ki, Azərbaycana uçuşlar yerinə yetirməyə başlamaq istəyən istənilən yeni aviaşirkətlərin hava limanlarının xidmətlərindən istifadə xərclərinə birinci il 100%, ikinci il 70%, üçüncü il 50%, dördüncü il isə 30% azadetmə verilməsi hava nəqliyyatı sahəsində liberallaşmaya doğru atılan addım kimi müsbət qiymətləndirilə bilər.

Beşinci qrup  “hava azadlığı” xarici aviaşirkətlərə öz hava limanlarından digər şəhərlərə uçuş həyata keçirərkən sərnişinlərin təyyarəyə minməsi və yaxud düşməsi məqsədilə Azərbaycanın bütün hava limanlarında eniş etmək icazəsi verir.

Yeddinci qrup “hava azadlığı” isə aviaşirkətə öz baza aeroportunda eniş etmədən Azərbaycan və xarici ölkələr arasında uçuş həyata keçirməyə icazə verir.

R.Həsənov bildirib ki, hava nəqliyyatı ilə sərnişindaşıma Azərbaycanın turizm sektorunun inkişafı aspektindən mühüm məsələlərdən biridir.

“Belə ki, Azərbaycana səfər edən hər 100 turistdən 41 nəfəri hava nəqliyyatından istifadə edir”, - deyə R.Həsənov əlavə edib

İqtisadçı Pərviz Heydərov isə qeyd edib ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) Azərbaycanın nəqliyyat sektorunun ən mühüm sahələrindən birinə cavabdeh qurumdur.

“AZAL həm də Azərbaycan iqtisadiyyatı, dövlət büdcəsi üçün mühüm rol oynayan təşkilatdır”, - deyən P.Heydərov əlavə edib ki, beşinci və yeddinci qrup “hava azadlığı”nın ölkənin bütün beynəlxalq hava limanlarında heç bir maneə olmadan tətbiqi AZAL-ın əlaqələrinin daha da genişlənməsinə gətirib çıxaracaq.

İqtisadçı bildirib ki, bu təşəbbüs həm də ölkə iqtisadiyyatının daha da inkişafına şərait yaradacaq.

Qeyd edək ki, 2020-ci ilin yanvarın 1-dən etibarən sözügedən “hava azadlığı” qrupları Azərbaycanın hava limanlarından Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşlar həyata keçirməyə imkan verəcək.

“Hava azadlığı” qrupu hər hansı bir ölkəyə məxsus aviaşirkətin təyyarələrinin digər dövlətin hava məkanında fəaliyyətini tənzimləyən qaydalar toplusudur. Azadlıq dərəcəsi nə qədər yüksək olarsa, xarici aviaşirkətə məxsus təyyarənin də Azərbaycanın hava məkanında daha çox hərəkət etməsinə icazə verilir.

AZAL prezidenti Cahangir Əsgərov deyib ki, bu, bütövlükdə ölkə üçün qlobal bir qərardır:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin mülki aviasiyası göstərdiyi daimi qayğı və dəstəyi sayəsində ölkənin beynəlxalq hava limanlarında çoxsaylı xarici aviaşirkətlərə xidmət göstərilməsi üçün hər cür əlverişli şərait yaradılıb.

Ölkənin bütün beynəlxalq hava limanlarında beşinci və yeddinci qrup “hava azadlığı”nın tətbiqi Azərbaycandan yerinə yetirilən uçuşların coğrafiyasını genişləndirməyə, ölkənin xarici bazara çıxmaq üçün nəqliyyat imkanlarını artırmağa, həmçinin, ölkənin turizm potensialını reallaşdırmağa icazə verəcək və sərnişinlər üçün rəqabətqabiliyyətli təklifləri təmin edəcək.

Vətəndaşlarımızın səyahətlərinin coğrafiyasını genişləndirmək və Avropa, Asiya, Avstraliya və Şimali Amerikaya yol xərclərini azaltmaq üçün imkanları yaranacaq”.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri