12 
Fev
2020
11:36
22
52
949
Virtual karabakh

2020-ci ilin yanvar ayı ərzində Azərbaycanın hava limanları 14 faiz çox sərnişinə xidmət göstərib

2020-ci ilin yanvar ayı ərzində Azərbaycanın beynəlxalq hava limanlarında sərnişin axını 395 min nəfər təşkil edib, bu da ötən ilin analoji göstəricisindən 14 faiz çoxdur.

Onların 336 mininə Heydər Əliyev Beynəlxalq Aeroportunda xidmət göstərilib ki, bu da 2019-cu ilin yanvar ayı ilə müqayisədə, 40 min nəfər artıqdır.

Naxçıvanın hava limanı 45 min sərnişinə xidmət göstərib, 12 min sərnişinlə Gəncə şəhərinin hava limanı isə üçüncü yerdə qərarlaşıb.

Qeyd olunan dövr ərzində Azərbaycanın milli aviadaşıyıcısı AZAL 135 min, “Buta Airways” aşağıbüdcəli aviaşirkəti isə 51 min sərnişin daşıyıb.

Paytaxtın hava limanında beynəlxalq uçuşlarda sərnişinlərin sayı 293 min nəfər təşkil edib.

Sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna milli aviaşirkətlərlə yanaşı, “Türk Hava Yolları” (Türkiyə, 35 min sərnişin), “FlyDubai” (BƏƏ, 16 min), “AirArabia” (BƏƏ, 13 min), “Aeroflot” (Rusiya, 12 min), “Qatar Airways” (Qətər, 7,7 min), “UIA” (Ukrayna, 7,3 min), “SCAT” (Qazaxıstan, 5 min), “Lufthansa” (Almaniya, 3,9 min) və “Belavia” (Belarus, 3,7 min) daxil olub.

2020-ci ilin yanvar ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 32 sərnişin aviaşirkəti 50-dən çox müxtəlif istiqamətə uçuşlar həyata keçirib. 

Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin, milli aviadaşıyıcı AZAL qış cədvəli çərçivəsində Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri