Apr
2020
16:51
21
136
2787
Virtual karabakh

Təyyarə biletlərinə ödənilmiş pulun əvəzinə vauçerlər qaytarıla bilər

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) pul vəsaitlərinin geri qaytarılması əvəzinə depozit vauçerlərini bilet alıcısı ilə aviaşirkət arasındakı münasibətlərdə qanuni forma olaraq qəbul edib. Artıq IATA BSP sistemində həmin vauçerləri adi biletlər kimi idarə edəcək.

Assosiasiya bütün ölkələrin tənzimləyici orqanlarını aviasiya sənayesinin iflasa uğramasının qarşısını almaq məqsədilə aviaşirkətlərin depozit vauçerlərinin qanuni dövriyyəsinə icazə verməyə çağırır.

Bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) baş və icraçı direktoru Aleksandr de Junyakın təşkilatın bütün agentlərinə (turizm operatorları və agentləri, bilet distribüterləri və s.) ünvanladığı açıq məktubunda bildirilib.

IATA rəhbərinin müraciətində qeyd edilib: “Dünya aviasiya sənayesi ən ciddi böhranını yaşayır.

COVID-19 pandemiyası və bu səbəbdən dünya hökumətlərinin məhdudiyyətləri hava nəqliyyatının fəaliyyətinin faktiki dayanmasına gətirib çıxarıb. Dünya aviaparkının üçdə bir hissəsi artıq “beton”da boş dayanmaqdadır, aviabiletlərin satışından əldə olunan gəlir isə bizim hesablamalarımıza görə, 2019-cu illə müqayisədə bu il 44% azalacaq”.  

Adi vaxtda IATA sistemlərində 1,25 milyard dollardan çox vəsait emal olunur və hazırda təşkilat hesablara daxil olduğundan daha çox vəsaitlərin geri ödənilməsi faktı ilə qarşılaşır.

Müraciətdə həmçinin bildirilib ki, əksər aviaşirkətlər hazırda əldə edilən gəlirlərdən çox sərnişinlərə nağd pulların geri qaytarılması ilə bağlı xərclərlə üzləşir. Təşkilat aviaşirkətlərin geri qaytarmalarla bağlı cari borcunu 35 milyard dollar həcmində qiymətləndirir.

“Bu şəraitdə aviaşirkətlərin ən vacib tələbi əməkhaqlarını ödəmək və sabit xərcləri təmin etmək üçün qalan likvidliyini qorumaqdan ibarətdir. Bir çox sənaye iştirakçıları üçün əvvəlki iqtisadi modeli qorumaq və iflasa uğramamaq üçün qısa müddətdə kifayət qədər maliyyə vəsaiti tapmaq praktiki olaraq mümkün deyil.

Buna görə də hesab edirik ki, həm aviaşirkətlər, həm də şirkətlərin reyslərinə aviabiletlərin satışı ilə məşğul olan agentlər üçün yaranmış vəziyyətdən ən yaxşı çıxış yolu onların ölkələrinin tənzimləyiciləri tərəfindən pul vəsaitinin geri qaytarılması ilə bağlı tələbləri dəyişdirilərək, aviabiletin geri qaytarılmasına görə pul vəsaiti ödəmək əvəzinə, aviaşirkətlərə depozit vauçerlərini təqdim etməyə icazə verilsin (yəni sərnişin tərəfindən istifadə olunmamış biletə görə vəsaiti özündə saxlamaq və vəziyyət sabitləşdikdən sonra həmin vəsaitlərdən istifadə etmək imkanı təqdim edilsin). IATA BSP sistemi vasitəsilə adi aviabiletlər üçün artıq mövcud olan proses və prosedurlardan istifadə etməklə həmin vauçerləri idarə edə bilər", - deyə müraciətdə vurğulanıb.

Eyni zamanda bildirilib ki, belə bir qərar aviaşirkətlərin fəaliyyətlərini davam etdirmək üçün pul vəsaitlərini qoruyub saxlamaq məcburiyyətində qaldığı bir dövrdə həmin maliyyəni vauçerlərlə əvəz edərək, aviabiletlərin satışı ilə məşğul olan bütün təşkilatlara göstərilən təzyiqləri aradan qaldırmağa imkan verəcək:

“IATA bu yanaşmanın zəruriliyini artıq tanıyan Kanada, Kolumbiya və Niderlandın tənzimləyici orqanlarına minnətdarlığını bildirir və ümid edir ki, digər ölkələr də belə edəcəklər”.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri