18 
İyn
2020
14:00
242
28
4503
Virtual karabakh

Tailandda hotel biznesi olan Gündüz Qasımlı: “Həmyerlilərimə kömək etməyə çalışıram”

18 İyn, 2020
14:00
4503

Tailandda hotel biznesi olan Gündüz Qasımlı: “Həmyerlilərimə kömək etməyə çalışıram”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tailandda hotel biznesi ilə məşğul olan Azərbaycan əsilli iş adamı Gündüz Qasımlı haqqında ilk dəfə pandemiya dövründə eşitdik. Həmvətənimiz həmin ölkədə koronavirus səbəbindən “ilişib qalmış” həmyerlilərimizi pulsuz sığınacaqla təmin etməsi ilə fərqləndi.

Media.Az biznesmenlə Cənub-Şərqi Asiyaya köçməsi və Tailandda iş aparmağın incəlikləri barədə söhbət aparıb.

Turizm sahəsi

O, 1971-ci ildə Ermənistanın Amasiya bölgəsində anadan olduğunu bildirib. 1992-ci ildə Türkiyədəki Səlcuq Universitetinin İqtisadiyyat və Mühasibat uçotu fakültəsinə daxil olub. 1996-cı ildə məzun olduqdan sonra Rusiyaya məxsus “Natali Tur” turizm agentliyinin Antalyadakı nümayəndəliyində işləməyə başlayıb. Beləliklə, Gündüz Qasımlı həyatını turizm sənayesinə bağlayıb. Daha sonra həmin şirkəti Dubayda təmsil edib. 2008-ci ildə rəhbərlik onu Tailanda göndərib. Burada 2013-cü ilə qədər - devalvasiyadan sonra müflis olana qədər - “Natali Tur”da çalışıb. Şirkət dağıldıqdan sonra Gündüz Qasımlı həmin ölkədə şəxsi biznesini qurmaq qərarına gəlib.

Hotel açmaq fikri

“Həmin dövrə qədər 20 ildən çox turizmdə çalışdığım üçün öz işimə başlamaq çətin deyildi. Rusiyadan bir şərikimlə işləyirəm. Hotelçiliklə məşğul oluruq. Hazırda iki üçulduzlu hotelimiz var. Bu biznes növü üçün Tailandda çox əlverişli şərtlər var. İldə təxminən 12 ay turist olur. Ümumi turist axınının 60 faizi Çindən gələnlərin payına düşür və onlar çimərlik zonasında tətilə çox maraq göstərmirlər. Çinlilər görməli turistik məkanlara üstünlük verirlər, buna görə də, bütün mövsümlərdə gəlirlər. Rusiyalı turoperatorlarla əməkdaşlıq etdiyimiz üçün bizim hotellərdə daha çox Rusiyadan gələn turistlər qalırlar”, - deyə o bildirib.

Koronavirusa görə yaranan böhran

Pandemiyadan əvvəl işlərinin yaxşı getdiyini etiraf edən biznesmen karantin tədbirlərinin işin dayandırılmasına səbəb olduğunu deyib:

“Üç aydır ki, hotellərimiz işləmir. Qazancımız yoxdur, hələlik heç bir şəkildə qarşılanmayan böyük itkilərimiz var. Məsələ burasındadır ki, burada dövlət yalnız öz vətəndaşlarına kömək edir. Məsələn, bank kreditini yalnız yerlilər ala bilər. Ümid edirik ki, heç olmasa, sentyabr ayında işimizi bərpa edəcəyik”.

“Heç vaxt peşman olmamışam”

Tailanda gəldiyi ilk günlərdə qarşılaşdığı çətinliklər barədə soruşduqda, o, ekzotik, qeyri-adi yeməklərdən başqa, hər şeydən məmnun qaldığını bildirib:

“Tailandlılar çox xoş məramlı insanlardır, həmişə gülümsəyirlər. Burada insan özünü azad hiss edir. Əlbəttə ki, iş baxımından çətinliklər olur, ancaq bu, ölkədən asılı deyil”.

Ailə

G.Qasımlı ailəsi və tarixi vətəni ilə münasibətləri barədə də bizə məlumat verdi:

“Ailəliyəm, üç övladım var. Böyük oğlum ABŞ-ın Miçiqan Dövlət Universitetinin tələbəsidir. Yeri gəlmişkən, hazırda o, Bakıdadır. Orada öz mənzilimiz var. İldə bir dəfə - yayda, uşaqlar tətildə olanda  Azərbaycana getməyə çalışırıq”.

Diaspor

Müsahibimiz bildirib ki, Phuket adasında yaşayır. Onun müşahidələrinə görə, 25-30 azərbaycanlı daimi olaraq burada qalır. G.Qasımlı mütəmadi olaraq onlarla əlaqə saxladığını dedi:

“Onların əksəriyyəti buraya rusiyalı turistlərlə məşğul olan türk turoperatorlarının nümayəndələri kimi gəliblər. Şəxsi biznesləri olan həmvətənlərimiz də var. Məsələn, iki qardaş ailələri ilə birlikdə buraya köçüb. Hotelin bir hissəsini uzunmüddətli kirayələyərək, SPA mərkəzi açıblar”.

“İlişib qalan” həmyerlilərimiz

Biznesmen deyib ki, Azərbaycanın Malayziyada yerləşən və Bruney, Myanma, Tailand kimi ölkələri də əhatə edən səfirliyi ilə sıx əməkdaşlıq edir.

“Diplomatik nümayəndəlikdən karantin səbəbindən “ilişib qalmış” azərbaycanlı turistlər haqqında öyrəndim. Dərhal kömək etmək üçün könüllü oldum, bu, mənim üçün problem deyildi. Öz vətəndaşlarımıza kömək etməkdən məmnunam. İndiyə qədər hotelimizdə səkkiz nəfər yaşayır. Sərhədlər açılandan sonra onlar təyyarə ilə geri qayıdacaqlar, hamısının geri dönüş üçün bileti var. Çox güman ki, bu, iyulda baş verəcək”.

Şikəst edən motobayklar

G.Qasımlının sözlərinə görə, ilk dəfə deyil ki, həmyerlilərinə kömək əli uzadır, amma bu cür addımlarını reklam etməyi xoşlamır.

“Məsələn, təxminən beş ay əvvəl Çində təhsil alan və bura gələn azərbaycanlılar çətin vəziyyətə düşmüşdülər. Klassik ssenari baş verdi - motosiklet icarəyə götürüb, qəza keçirmişdilər. Biri polis bölməsinə düşdü. İkincisi xəsarətlər almışdı. Həm hüquqi, həm də maddi baxımdan onlara kömək etdim. Vəkilimizi işə qoşdum. Evə qayıdandan sonra uşaqlar mənə pulu qaytardılar. Ümumiyyətlə, bura gələn azərbaycanlılar tez-tez motosiklet qəzalarına düşürlər. Yaddaşımda yeddi belə hadisə var. Qəzalardan biri ölümlə nəticələnib. Laqeyd qalmamağa çalışıram, mümkün qədər kömək edirəm. Çox vaxt bu, heç pulla da əlaqəli deyil, çünki gələn turistlərin maliyyə imkanları yaxşı olur. Sadəcə, bəzən müvəqqəti çətinliklər olur, kömək edirik”, - deyə müsahibimiz sözlərini yekunlaşdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri