13 
Avq
2020
13:41
10
115
1437
Virtual karabakh

Hotelçilik turizmini necə dirçəltməli?

Məlum olduğu kimi, mart ayından koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə xüsusi karantin rejimi tətbiq edilir, bununla əlaqədar olaraq ticarət, istehsal və xidmət sahələrinin fəaliyyətinə məhdudiyyətlər qoyulub.

Vətəndaşların təhlükəsizliyi önə çəkilərək könüllü surətdə iqtisadi fəallığın azalmasına gedilir. Bununla yanaşı, sahibkarlara və əhaliyə maddi dəstək məqsədilə müxtəlif mexanizmlərdən istifadə edilir.

Eyni zamanda, fəaliyyətinə icazə verilmiş iş və xidmət sahələrində Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, operativ qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi monitorinqlər keçirir, sahibkarlara yeni fəaliyyət qaydaları, Yeni Həyat Tərzinin mahiyyəti ətraflı izah edilir.

Bu sahədə görülən işlər sayəsində son günlərdə koronavirusa yoluxma halları kəskin azaldı, karantinlə bağlı müəyyən yumşalmalar mümkün oldu. 

Yoluxmaların hazırkı dinamikası isə əlavə yumşaldılmalara yol aça bilər. Bunun üçün isə xidmət, ticarət, və s. sahələrdə fəaliyyət göstərən sahibkarların, eləcə də, istehlakçıların müvafiq qaydalara əməl etməsi vacibdir.

Cəmiyyət də, sahibkarlar da virus təhlükəsindən daha az itkilərlə çıxmaq üçün birinci növbədə, müvafiq qayda və tələblərə əməl etməli, Yeni Həyat Tərzinə uyğunlaşmalıdır. Yeni Həyat Tərzinə uyğunlaşma nə qədər tez baş verərsə, yoluxma da bir o qədər də sürətlə azalar və karantinin tətbiqi ilə bağlı yumşalmalar da çoxalar.

Yumşalmalar gözləyən sahələr sırasında hotelçilik də var. Bununla belə, mehmanxanaların fəaliyyəti zamanı pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunması olduqca vacibdir. Məhz buna görə, beynəlxalq təcrübə və standartlar nəzərə alınmaqla, Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nı təsdiq edib.

Əsas məqsədlərdən biri koronavirus infeksiyasının ölkədə yayılması nəticəsində fəaliyyəti məhdudlaşdırılmış turizm sənayesi subyektlərinin, o cümlədən mehmanxanaların fəaliyyətinin bərpası zamanı sanitariya və gigiyena qaydalarına əməl olunmasının təmin edilməsidir. Bu baxımdan mehmanxanaların gələcək fəaliyyətində nəzərə alınmalı olan əsas məqamlara xüsusi diqqət yetirilməlidir.

Nə tökərsən aşına...

Beləliklə, digər sahələrdə olduğu kimi, mehmanxanaların fəaliyyəti zamanı da istər sahibkarlar, istərsə hotel qonaqları sanitar-epidemioloji normalara, fiziki məsafə gözlənilməsinə və s. tam əməl etməli, davranışlarında sosial məsuliyyət prinsipini əsas götürməlidirlər. Qaydalar bununla bağlı konkret göstərişləri diktə edir.

Məsələn, mehmanxanaların işçi heyətinin yeni şərtlərə uyğun qonaq qəbul etməyə tam hazırlıqlı olması, düzgün və dolğun təlimatlandırılması, qonaqların mehmanxanalarda tətbiq edilən zəruri qaydalar və tələblərlə bağlı əvvəlcədən tam məlumatlandırılması, işçi heyətlə qonaqların təmasını minimuma endirmək üçün ünsiyyət məqsədilə telefon, elektron poçt və s. vasitələrdən istifadə edilməsi, tələb olunan gigiyena və sanitariya tədbirləri və məsafə gözləmə barədə bukletlərin və plakatların bütün otaqlarda və mehmanxanaların gözə çarpan yerlərində olması, şəxsi gigiyena və dezinfeksiya vasitələrinin bina daxilində hər yerdə əlçatanlığı, hoteldə toplaşma ilə bağlı müəyyən olunmuş say məhdudiyyətinə əməl edilməsi, təmassız ödəniş üsullarına üstünlük verilməsi, fiziki məsafənin qorunmasını təmin edən növbə sisteminin qurulması və s. tam təmin edilməlidir.

... o da çıxar qaşığına

Bu tələb və qaydalara əməl edilməsi mehmanxana sahibləri, işçiləri, eləcə də qonaqlar üçün eyni dərəcədə vacibdir. Belə ki, mehmanxana sahibləri üçün yeni şəraitə, yeni həyat tərzinə uyğun şəkildə biznes fəaliyyətini davam etdirmək üçün yeni rəqabət şərti  - pandemiya şəraitinin tələblərinə və təhlükəsizliyə tam cavab vermək kriteriyası meydana çıxıb və mehmanxanaların gələcəkdə nə qədər uğurlu fəaliyyət göstərəcəyi də ilk növbədə, məhz bu kriteriyadan asılı olacaq.

Nəzərə alınmalıdır ki, qonaqlar, xüsusilə, xarici turistlər birinci olaraq məhz bu kriteriyaya diqqət yetirəcəklər. Bu isə bir daha mehmanxanalar üçün pandemiya dövrünün çağırışlarına tam cavab verməyin nə dərəcədə əhəmiyyətli olduğunu göstərir.

Eləcə də, mehmanxananın virus baxımından təhlükəsizliyi xeyli dərəcədə personaldan asılıdır və sahibkar qeyd edilən kriteriyaya cavab vermək üçün hazırlıqlı, dəqiq, səliqəli və təmizkar işçi saxlamaqda maraqlı olacaq.

İş yerini itirmək istəməyən işçi heyəti isə bu kriteriyalara cavab verməlidir. Nəhayət, sağlamlığının və təhlükəsizliyinin qədrini bilən istənilən qonaq pandemiya dövründə müvafiq kriteriyalara tam cavab verən mehmanxanada yerləşməyə və zəruri qayda və tələblərə əməl etməklə, virus təhlükəsindən uzaq olmağa üstünlük verəcək. 

Bir sözlə, cəmiyyətin bütün üzvləri kimi, hotelçilik turizmi və bu sahənin xidmətçiləri və müştəriləri də sosial məsuliyyət və həmrəylik nümayiş etdirərək pandemiya şəraitinin tələb etdiyi qayda və standartlara əməl etməli, bundan irəli gələn Yeni Həyat Şəraitinə uyğunlaşmalıdırlar.

Məhz belə olduğu halda, mehmanxanaların fəaliyyətinin dirçəlişi arzuolunan səviyyədə, turizm isə təhlükəsiz olacaq. 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri