Mar
2021
13:30
235
22
6285
Virtual karabakh

“Buta Airways” Bakı-İstanbul-Bakı marşrutu üzrə reyslərə bilet satışına başlayır

Azərbaycanın “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Bakıdan Türkiyənin daha bir şəhərinə - İstanbula yerinə yetiriləcək xüsusi reyslərə aviabilet satışına başlayır.

Martın 18-dən etibarən aviaşirkət Bakı-İstanbul-Bakı marşrutu üzrə aviaəlaqəni bərpa edir.
 
Uçuşlar Sabiha Gökçen (IATA: SAW) hava limanına həyata keçiriləcək. Aviaşirkət tərəfindən Türkiyənin ən böyük şəhərinə xüsusi reyslər həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı günləri yerinə yetiriləcək.

Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir - “Standart” və “Super”.

Belə ki, “Standart” tarifinə (55 avrodan başlayaraq) çəkisi 10 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın daşınması daxildir.

“Super” tarifinə (75 avrodan başlayaraq) çəkisi 23 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın, habelə çəkisi 10 kq-dan çox olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 118 sm-dən çox olmayan əlavə baqajın daşınması daxildir.

Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir.
Əl yükü qismində təyyarə salonuna yalnız qadın çantası, kişi portfeli, portativ kompüter çantası (təyinatı üzrə istifadə edilməsi şərti ilə) və uşaq qidası götürülə bilər. Digər növ əl yükünün, o cümlədən Duty Free mağazalarından alınan əşyaların salona götürülməsi qadağandır. 

Bakı-İstanbul-Bakı marşrutu üzrə reysə biletləri (“Super” və “Standart” tarifləri üzrə) aviaşirkətin rəsmi saytında, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız “Super” tarifi üzrə) əldə edə bilərsiniz.

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcəkdir.

Reyslərə mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Bakı-İstanbul istiqaməti üzrə reysin sərnişinləri:

 - Türkiyə ərazisinə giriş hüququna malik olmalıdırlar. Pandemiya dövründə Türkiyəyə giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.butaairways.az/az/covid/turkey 

 - Koronavirus infeksiyasının olmaması barədə tibbi arayış almalıdırlar. Azərbaycanda koronavirus infeksiyasına dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc edilib: https://www.butaairways.az/az/covid/clinics

İstanbul-Bakı istiqaməti üzrə reysin sərnişinləri:

- Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalıdırlar. Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin siyahısı ilə aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz: https://www.butaairways.az/az/covid/azerbaijan.

 - Koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar və ya COVID-19-a dair PCR-testinin mənfi nəticəsi barədə arayış təqdim etməlidirlər. Türkiyədən uçuş zamanı “Memorial Sağlık Grubu”nun klinikalarından birində və ya ölkənin səhiyyə nazirliyinin saytında dərc olunmuş siyahıdakı klinikalarda test vermək mümkündür: https://covid19.saglik.gov.tr/TR-68720/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi.html
 
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.

Hər iki istiqamət üzrə reyslərin sərnişinləri COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq sərnişinləri qarşılayan və yola salan vətəndaşlar terminal binasına buraxılmayacaq.

Qeyd etməliyik ki, Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı ötən ilin 6 dekabr tarixindən İzmir şəhərinə uçuşlar həyata keçirir, 19 mart tarixindən isə Tbilisiyə reyslər yerinə yetirməyə başlayacaq. 

Xəbər və yenilikləri “Buta Airways” aviaşirkətinin sosial şəbəkələrdəki rəsmi səhifələrində öyrənə bilərsiniz:

facebook.com/ButaAirways

instagram.com/ButaAirways

twitter.com/ButaAirways

vk.com/ButaAirwaysru

t.me/Buta_Airways

“Buta Airways” – Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir, “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin tərkibinə daxil olan struktur bölmədir. 2016-cı il dekabr ayında təsis edilib. İlk reys 1 sentyabr 2017-ci il tarixdə həyata keçirilmişdir. Aviaşirkətin donanması “Embraer” tipli müasir hava gəmilərindən ibarətdir. Aviaşirkət Bakı şəhərində, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri