Avq
2021
13:10
92
26
4989
Virtual karabakh

“Silk Way West Airlines” şəbəkəsi Afrikaya doğru genişlənir

9 Avq, 2021
13:10
4989

“Silk Way West Airlines” şəbəkəsi Afrikaya doğru genişlənir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Silk Way West Airlines” qlobal şəbəkəsini genişləndirməyə davam edir. Belə ki, aviadaşıyıcı Keniyanın “Astral Aviation” şirkəti ilə xətlərarası uçuş müqaviləsi imzalayıb. Razılaşma Afrikaya gediş-gəliş istiqamətləri üzrə uçuşların geniş şəbəkəsindən istifadə etməklə hər iki aviaşirkətə səmərəli satış imkanları təmin edəcək. Müqaviləyə əsasən, BƏƏ-nin “Dubai World Central” (DWC) kimi tanınan Əl-Məktum Beynəlxalq Hava Limanı əsas tranzit məntəqəsi olaraq fəaliyyət göstərəcək.

“Silk Way West Airlines” şəbəkəsi vasitəsilə Dubaya daşınacaq yüklər “Astral Aviation” reysi ilə Nayrobiyə çatdırılacaq, oradan isə müvafiq qaydada Keniya aviadaşıyıcısının şəbəkəsi üzrə nəql ediləcək. “Astral Aviation” şirkəti Nayrobidə yerləşən əməliyyat bazası vasitəsilə yüklərin eyni qaydada əks istiqamət üzrə çatdırılmasını təmin edəcək. Keniya aviadaşıyıcısının Afrika qitəsi daxilindəki uçuşları “Silk Way West Airlines” şəbəkəsinə uğurla inteqrasiya ediləcək.

Razılaşma Afrikada heç bir planlı uçuş həyata keçirməyən “Silk Way West Airlines” üçün öz şəbəkəsini bu qitə istiqamətində genişləndirmək imkanı verəcək. Hər iki hava yolu şirkətinin xidmətlərinin üst-üstə düşə biləcəyi bazarların mövcud olduğunu nəzərə alsaq, razılaşma sayəsində aviadaşıyıcıların şəbəkələri bir çox hallarda bir-birini tamamlayacaq.

“Afrika qitəsində belə böyük bir şəbəkəyə sahib olmaq bizim üçün daha bir uğurdur. Xətlərarası uçuşların üstünlükləri böyük maraq doğurur. “Astral Aviation” ilə əməkdaşlıq etməklə şəbəkəmizi Afrikaya doğru genişləndiririk”, - deyə “Silk Way West Airlines” şirkətinin Hindistan yarımadası, Yaxın Şərq və Afrika ölkələri üzrə baş kommersiya direktoru Conni Rubio qeyd edib.

“Astral Aviation” şirkətinin baş icraçı direktoru Sanciv Qadhianın sözlərinə görə, Keniya aviadaşıyıcısı Afrikadakı şəbəkəsi vasitəsilə “Silk Way West Airlines” şirkətinin uçuş yerinə yetirdiyi istiqamətlərlə bağlantı qurmaqla yüklərin qarşılıqlı daşınmasını təmin edəcək bu xətlərarası uçuş müqaviləsinin imzalanmasından məmnundur.

“Hava yolu şirkətləri və təchizat zəncirinin bütün üzvləri ilə əməkdaşlığın təşviqini nəzərdə tutan fəlsəfəmizə uyğun olaraq, pandemiya dövründə yeni alyanslar və tərəfdaşlıqlar qurmağa davam edəcəyik. Bu, müştərilərimiz üçün müvafiq şəbəkələrimizdən daha yaxşı seçim və bağlantı əldə etmək imkanını təmin edəcəkdir”.

“Astral Aviation” Keniyanın Nayrobi şəhərində yerləşən hava yükdaşımaları şirkətidir. 2000-ci ilin noyabr ayında təsis edilmiş aviadaşıyıcı Afrika üzrə regional istiqamətlərə və Belçikanın Lyej şəhərinə müntəzəm və çarter yükdaşımaları həyata keçirir. Aviaşirkətin əsas bazası Nayrobidəki Como Keniata Beynəlxalq Hava Limanında yerləşir. Hazırda, “Astral Aviation” Nayrobidən Dubaya (DWC) həftədə iki gediş-gəliş uçuşları həyata keçirir.

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş “Silk Way West Airlines” Xəzər dənizi bölgəsinin ən böyük hava yolu yükdaşıma şirkətidir. Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli “Silk Way West Airlines” 12 müasir Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə ayda 350-dən çox uçuş həyata keçirir. Donanmasını genişləndirən “Silk Way West Airlines” 28 aprel 2021-ci il tarixində Boeing aviakonserni ilə beş ən müasir 777F yük təyyarəsinin alışı barədə strateji razılaşma imzalayıb. Aviadaşıyıcının illik yükdaşıma dövriyyəsi 420 min tondan artıqdır. Genişlənməkdə olan şəbəkəsi ilə aviaşirkət Avropa, MDB ölkələri, Orta Şərq, Mərkəzi və Şərqi Asiya da daxil olmaqla 40-dan artıq istiqaməti əhatə edir.

“Silk Way West Airlines” şirkəti Cənubi Koreyanın İnçxon hava limanı tərəfindən nüfuzlu “2020-ci ilin yükdaşıma aviaşirkəti” adına layiq görülüb.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri