30 
Yan
2020
00:50
26
181
8386
Virtual karabakh

Bakının yaddan çıxmış ərazisi - VİDEO

30 Yan, 2020
00:50
8386

Bakının yaddan çıxmış ərazisi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gölməçə, bataqlıq, yaddan çıxarılımış yerlər... Sakinlər bu ərazini belə adlandırır. Söhbət Sabunçu rayonu Ramanı qəsəbəsi Mərkəzi küçə adlanan ərazidən gedir. 

Bakının mərkəzindən 10-15 kilometr məsafədə yerləşən bu yerdə sakinlər artıq 30 ilən çoxdur ki, bərbad vəziyyətdə olan yollarda əziyyət çəkirlər. Yağışlı günlərdə isə yolda hərəkət demək olar ki, tamamilə dayanır. Əlacsız qalan məktəblilər ayaqlarına selofan paket keçirərək necə deyərlər, daşı daş üstünə qoyub birtəhər məktəbə gedə bilirlər. Sakinlər buradakı vəziyyəti belə təsvir edirlər:

“Burada vəziyyət dözülməzdir. Rayondan gələn qohumlar deyirlər ki, siz şəhərdə yaşayırsınız? Taksi çağırırıq, 5 manata gedilən yolu bizə 10 manata deyir”.

Sakinlər mövcud vəziyyətlə bağlı birbaşa rayon icra hakimiyyətini günahkar hesab edirlər. Belə ki, uzun illərdir vəziyyətlə bağlı sakinlər dəfələrlə müraciətlər etsələr də, onlara verilən cavab eyni olub: “Gedin düzələcək”.

İllər gedib, amma düzələn heç nə olmayıb. Sakinlər ümumiyyətlə rayon icra nümayəndələrini tanımadıqlarını da bildirdilər.

Problemlə bağlı Sabunçu rayon icra hakimiyyətində isə bizə verilən cavab sakinlərə deyilənlərdən fərqli olmadı. İlk olaraq mühafizə xidməti vasitəsilə bizi yola salmaq istəyən icra nümayəndələri daha sonra israr etdikdən sonra telefon vasitəsilə bizə cavab verdilər:

“Bu barədə Azərbaycan Avtomobil Agentliyinə məlumat vermişik”.

Ən maraqlısı isə odur ki, özünü icra başçısının köməkçisi adlandıran şəxs ad-soyadını təqdim etməkdən itina etdi.

Ümumilikdə geridə qoyduğumuz 2019-cu ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Sabunçu rayonunda uzunluğu 87 km olan 135 küçə və yol asfaltlanaraq istifadəyə verilib. Hazırda isə Sabunçu rayonunun Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələri ərazisində ümumi uzunluğu 15 km olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilir. Amma görünən odur ki, ya bu ərazi sakinlərin dediyi kimi yaddan çıxıb, ya da müəyyən qurumlar problemin həllində maraqlı deyillər.

Sail Ağasəlim

Elgün Hümbətov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri