12 
Noy
2020
16:54
19
422
13034
Virtual karabakh

“Kabinet”də söyüş, qeyri-qanuni arvadı qısqanma: Bakıda dəhşətli qətlin TƏFƏRRÜATI - VİDEO

12 Noy, 2020
16:54
13034

“Kabinet”də söyüş, qeyri-qanuni arvadı qısqanma: Bakıda dəhşətli qətlin TƏFƏRRÜATI - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu il fevralın 3-də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindən olan Sahil Əlizadə bıçaq xəsarəti ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

32-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparmaqla müəyyən ediblər ki, bıçaqlanma hadisəsi qəsəbədə fəaliyyət göstərən kafedə baş verib. Hadisə yerinə baxış keçirilib, qan ləkələrindən nümunələr götürülərək, qablaşdırılıb, şahidlər dindirilib. Araşdırma zamanı kafedə quraşdırılan kameraların yararsız olduğu da aşkarlanıb. 

Baku TV xəbər verir ki, fevralın 4-ü, səhər saatlarında tibbi yardımlara baxmayaraq, zərərçəkmiş xəstəxanada ölüb.

Həmin gün Nizami rayonu ərazisində keçirilmiş əməliyyat tədbiri nəticəsində şübhəli şəxs qismində 38 yaşlı Asim Muxtarov və 37 yaşlı Sənan Həsənov saxlanılıblar. 

Suraxanı Rayon Prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Sahil Əlizadənin ölümünə deşilmiş-kəsilmiş yara nəticəsində qaraciyərin zədələnməsi fonunda inkişaf edən massiv qanitirmə səbəb olub.

İstintaqla müəyyən edilib ki, Asim Muxtarov fevralın 3-də ad günü ilə əlaqədar dostu Sənan Həsənovla Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi 22 ünvanda yerləşən “Kabinet” kafesində spirtli içki qəbul ediblər.

Saat 20 radələrində hesabı ödəyib kafedən çıxmağa hazırlaşarkən Sənan Həsənov yüksək səslə nalayiq ifadələr işlətdiyinə görə, obyekti işlədən Sahil Əlizadə ona iradını bildirib. Qrup halında ictimai qaydanı pozan Sənan Sahilə yumruqla zərbələr vuraraq, ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirib. Asim üzərində gəzdirdiyi bıçaqla kafenin icarədarına iki zərbə endirməklə, onu qəsdən həyatdan məhrum edib.

Təqsirləndirilən şəxs qismində dindirilmiş Asim Muxtarov bildirib ki, Sahil Əlizadəni yalnız hadisə baş verən gün görüb, onunla əvvəldən heç bir ədavəti olmayıb. Sahil Əlizadəni dostu Sənan Həsənova görə tanıyıb.

Fevralın 3-də ad günü olduğundan Sənanla birlikdə saat 17 radələrində hadisənin baş verdiyi kafeyə gediblər. Məclisdən sonra o, ofisianta hesabı ödəyib, gödəkçəsini geyinən zaman Sahilin Sənanı obyektin mətbəxinə doğru apardığını və aralarında mübahisə yarandığını görüb. 

Sahil Sənanı sol qaş nahiyəsindən vurub, dostunun üz nahiyəsi qana bulaşıb. Sahil onların ünvanına nalayiq ifadələr işlədib. Bundan sonra tanımadığı şəxslər onun qolundan tutaraq, çölə çıxarıb.

Sahil obyektdən çıxıb, ona tərəf gəlməyə başlayıb, kimsə onu kənara çəkəndə yerə yıxılıb. Həmin axşam çox içkili olub, yerdən qalxanda Əlizadə əlindəki bıçağı onun sinəsinə vurmaq istəyib. Sonra Sənanla ağ rəngli markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə oturub Bakıxanov qəsəbəsinə gediblər.

Sənan orada düşəndən sonra həmin taksi ilə yaşadığı evə gəlib. Ertəsi gün saat 15:00 radələrində dostu ilə Q.Qarayev prospektində yerləşən kafedə çay içəndə, telefonla atası ilə əlaqə saxlayıb.

Danışanda ona ötən gün dava etdiyini deyib, ancaq kiməsə bıçaqla xəsarət yetirdiyini bildirməyib. Telefonla danışdıqdan təxminən 20 dəqiqə sonra polis əməkdaşları onları saxlayaraq, bölməyə aparıblar.

Asim Muxtarov əlavə edib ki, atasına zəng etməkdə məqsədi onunla məsləhətləşmək olub, heç kimdən gizlənmək fikri olmayıb. Rusiyaya qaçmaq istədiyi haqda heç nə deməyib, elə bir fikri olmayıb. Sənan Həsənov ifadəsində göstərib ki, dostu Asimlə kafedə olanda, onunla qeyri-rəsmi yaşayan Xatirə Həsənova oraya gələrək onlarla oturub.

Xatirə ona həmin obyektdə işləyən ofisianta baxdığını bildirdiyi üçün aralarında qısqanclıq zəminində mübahisə yaranıb. Buna görə də Asim hesabı ödədikdən sonra, ayağa qalxıblar. Bu vaxt onunla Sahil Əlizadə zarafatlaşıblar, amma söylədiyi söz tanışının xoşuna gəlmədiyi üçün üstünə qışqırıb.

Bu vaxt Ramil gəlib və sakitləşməsi üçün Sahili obyektin mətbəxinə aparıb. O da söhbəti aydınlaşdırmaq üçün arxalarınca gedib. Sahil əlində olan dəmir parçası ilə onun sol qaşına zərbə vuranda, tanımadığı şəxslər onları ayırıblar. Asim sifətinin qana bulaşdığını görüb, nə baş verdiyini soruşduqda, Sahilin onu vurduğunu deyərək, kafenin qarşısına çıxıb. 

Şahid Ramil Əliyev bildirib ki, mübahisə böyüməsin deyə Sahili tutub, saxlayıb və onu sakitləşdirməyə çalışıb. Həmin vaxt Asim bıçağı dostuna tərəf yelləyərək, ondan çölə çıxmasını tələb edib və söyüş söyüb.

Kafenin qarşısında Sənanla Sahil arasında münaqişə baş verməyib, Asimin nalayiq ifadələrindən əsəbiləşən dostu obyektə qayıdıb və taxtanı götürərək, yenidən küçəyə çıxıb.

Arxasınca qaçarkən, ayağı sürüşdüyü üçün yerə yıxılıb. Sahil qarın nahiyəsini tutaraq, ona tərəf gəlib, köynəyinin qanlı olduğunu görüb, bıçaqlandığını başa düşüb. Dərhal kafenin qarşısındakı taksi ilə yaralını xəstəxanaya yola salıb. Daha sonra özü də kafeni bağlayıb, 32-ci PB-nə, oradan isə xəstəxanaya gedib.

Məhkəmə iclasında Asim Muxtarov və Sənan Həsənov ittihamlar üzrə özlərini təqsirli bilməyiblər. Məhkəmə qənaətə gəlib ki, Asim Muxtarovun CM-nin 120.1-ci (qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə), Sənan Həsənovun isə 221.2.1-ci (xuliqanlıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli olmaları tam sübuta yetirilib.

Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə Asim Muxtarov 14 il 6 ay, Sənan Həsənov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri