Sen
2017
14:15
54
134
1279
Virtual karabakh

Nəcməddin Sadıkov NATO Hərbi Komitəsinin rəhbəri ilə görüşdü

Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov sentyabrın 7-də Azərbaycanda səfərdə olan NATO-nun Hərbi Komitəsinin sədri, general Petr Pavelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

MN-dən Oxu.Az-a verilən məlumata görə, N. Sadıkov Şimali Atlantika Alyansı ilə hərbi əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək, Azərbaycanla NATO arasında hərbi əməkdaşlıq, o cümlədən Silahlı Qüvvələrimizin müxtəlif proqramlar çərçivəsində fəaliyyəti, Əfqanıstanda həyata keçirilən “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verilən töhfə haqqında ətraflı danışıb.

N.Sadıkov Azərbaycanla NATO arasında səmərəli və etibarlı münasibətlərin qurulmasında ümummilli lider Heydər Əliyevin və dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xidmətlərini xüsusi qeyd edib.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik N.Sadıkov Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb. NATO-nun ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dair mövqeyini yüksək qiymətləndirən Baş Qərargah rəisi Alyansın bundan sonra da bu istiqamətdə səylərinin davam edəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində, NATO-nun Hərbi Komitəsinin sədri general P.Pavel Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd edərək, ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlarda göstərdikləri peşəkarlığı yüksək qiymətləndirib.

Azərbaycana səfər etməsindən məmnun olduğunu bildirən qonaq Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə ikitərəfli görüşün məhz Bakıda keçirilməsi üçün göstərilən səylərə və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

E.Ə.
www.oxu.az

Digər Müharibə xəbərləri