21 
Fev
2018
11:14
230
29
3247
Virtual karabakh

Xocalı faciəsinə laqeydlik yolverilməzdir

21 Fev, 2018
11:14
3247

Xocalı faciəsinə laqeydlik yolverilməzdir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan bu gün təkcə öz regionunda deyil, beynəlxalq arenada böyük nüfuza malik güclü və müstəqil dövlətdir. Azərbaycan Respublikası BMT, Avropa Şurası, ATƏT, İƏT və kimi beynəlxalq təşkilatlara üzvdür. Ölkənin siyasi imici yüksək templə inkişaf edir.

Eyni sözləri ölkənin iqtisadiyyatı barədə də demək olar. Belə şəraitdə digər dövlətlər Bakı ilə qarşılıqlı, faydalı tərəfdaşlıq əlaqələri qurmağa çalışır.

Ancaq həllini tapmayan bir problem var. Bu problem Azərbaycan xalqının ən ağrılı yeridir. Bu, Dağlıq-Qarabağ münaqişəsi və azərbaycanlıların üzləşdiyi təcavüzdür.

Bir tərəfdən, Ermənistanın beynəlxalq ictimaiyyəti aldadaraq, özünü qurban kimi təqdim etməyə çalışması, digər tərəfdən, dünya güc mərkəzlərinin tez-tez ikili standartlar siyasətinə əl atması problemin həllinə əngəl olur.

Son hadisələr bir faktı açıq-aşkar qabardır: Krımın Rusiyaya ilhaq edilməsindən sonra Moskvaya qarşı böyük sanskiya təzyiqi göstərildiyi halda, Azərbaycanın 20 faizini işğal etmiş Ermənistana qarşı bu günə qədər heç bir sanksiya tətbiq olunmayıb. 

Azərbaycan hökuməti və diasporu dünyaya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri çatdırmaq, dinc Azərbaycan əhalisinə qarşı müxtəlif illərdə bir deyil bir neçə dəfə etnik təmizləmə aktları həyata keçirmiş Ermənistanın həqiqi simasını ifşa etmək səylərini dayandırmır. 

XX əsrin soyqırımı

Belə aktlardan biri 26 il əvvəl törədilmiş Xocalı soyqırımıdır. 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları öz havadarlarının köməyi ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə qarşı qanlı qətliam törətdi.

613 günahsız insan, o cümlədən qocalar, uşaqlar, hamilə qadınlar erməni silahlı quldurları tərəfindən təcavüzə məruz qaldı, xüsusi amansızlıqla qətlə yetirildi. Daha 150 Xocalı sakini itkin, 1275 nəfər əsir düşdü və işgəncələrə məruz qaldı.

“Mahiyyəti etibarilə, Xocalı faciəsi – Holokost, Hernika, Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə eynidir”, – deyə Xocalı soyqırımının ildönümü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin dini liderlərə, beynəlxalq təşkilatlara və Avropa İnsan Haqları Məhkəməsinə etdiyi müraciət deyilir.

“Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycan xalqı öz doğma torpaqlarında etnik təmizləmə, maddi və mənəvi terrora məruz qalıb, erməni ekstremistləri ərazimizin 20 faizini işğal edib, bir milyondan artıq azərbaycanlını doğma yurdlarından didərgin salıb, zəbt etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrimizi məhv ediblər.

Xocalıda məqsədyönlü soyqırımı aktı isə erməni vəhşiliklərinin kulminasiya nöqtəsidir. İyirmi altı il keçməsinə baxmayaraq, erməni terrorçuları törətdikləri cinayətlərə görə hələ də cəza almayıb, Birləşmiş Millətlər Təşkilatınin Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinin tələbləri bugünədək yerinə yetirilməyib”.

Onun sözlərinə görə, Azərbaycanın üzləşdiyi təcavüzə və bu təcavüzün nəticəsində meydana gələn qaçqın və məcburi köçkün probleminə beynəlxalq ictimaiyyətin laqeyd münasibəti yolverilməzdir.

“Dünyanın dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan hüquqları üzrə Avropa Məhkəməsinə bir daha müraciət edərək, onları Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial siyasi, hüquqi qiymət verməyə, Xocalıda törədilən cinayəti soyqırımı aktı kimi tanımağa çağırırıq”, – deyə Paşazadə vurğulayıb.

Xocalı şəhərində ermənilər tərəfindən insanlığa qarşı törədilən cinayətlər beynəlxalq hüquqi sənədlərə müvafiq olaraq soyqırımı olaraq tövsif olunur. Bu cinayətin Azərbaycan etnosuna qarşı törədildiyi göz önündədir, bu isə belə bir niyyət olduqda, soyqırımın əsas əlaməti sayılır.

Xocalı soyqırımını tanımaq niyə vacibdir?

Meksika, Türkiyə, Kolumbiya, Qvatemala, Peru, İordaniya, Honduras, Cibuti parlamentləri transmilli erməni terrorçuları tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımını tanıyıb.

Pakistan, Sudan, İsrail, Çexiya, İslam Konfransı Parlament Assambleyası, ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanlarında Xocalı hadisələrinin insanlığa qarşı cinayət kimi tanınması haqqında müvafiq qətnamələr qəbul olunub.

İndi bəşəriyyətin gələcəyi üçün vacib olan məsələ Xocalı soyqırımının dünya səviyyəsində tanınmasıdır.

Xocalı soyqırımı ermənilər tərəfindən XX əsrdə azərbaycanlılara qarşı törədilən ən ağır cinayətdir. Dünya ictimaiyyətinin Xocalı soyqırımını tanıması faciədə “əli qana bulaşmış” günahkarların məsuliyyətə cəlb olunmasına təkan verəcək.

Çoxlarına məlumdur ki, Xocalı sakinlərinə qarşı qanlı qətliamın sifarişçisi hazırda Ermənistan dövlətinin başında olan, 1992-ci ildə Dağlıq Qarabağda erməni silahlı birləşmələrinin qərargah rəisi olmuş Serj Sarkisyandır.

Susqunluq, laqeydlik və cəzasızlıq, oxşar hadisələrin dünyanın başqa nöqtələrində baş verməsinə gətirib çıxara bilər. Bu, böyük təhdiddir, ona qarşı mübarizə birgə səylər əsasında, qətiyyətli, lakin çoxşaxəli şəkildə aparılmalıdır. 

Nərminə Məmmədova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri