18 
Apr
2018
12:24
336
25
8942
Virtual karabakh

Hərbi ekspert: Ermənistanın yeni qorxulu röyası başlayır

18 Apr, 2018
12:24
8942

Hərbi ekspert: Ermənistanın yeni qorxulu röyası başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir müddət öncə məlumat yayılmışdı ki, guya Belarus “Polonez” raket sistemini Azərbaycana satmaqdan imtina edib. Həmin məsələni ermənilərin əli ilə Belarusdan olan hərbi ekspert şərh etmişdi.

O bildirmişdi ki, Azərbaycan Ermənistanla müharibə vəziyyətində olduğuna görə, bu yaylım atəşli reaktiv raket sistemi Azərbaycana satılmayacaq. Amma məlum məsələdir ki, Azərbaycan və Belarus dövlətləri arasında həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə çox yaxın və sıx əlaqələr mövcuddur.

Bu sözləri Oxu.Az-a açıqlamasında  ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov Belarusun “Polonez” raket sistemlərinin artıq 2018-ci ildə Azərbaycana gətiriləcəyi haqqında yayılan məlumatları şərh edərkən deyib.

O qeyd edib ki, həmin yaylım atəşli reaktiv sistemi Belarus hökuməti ilk dəfə Azərbaycana satacaq və bu da regionda Azərbaycanın hərbi gücünün daha da artması deməkdir:

“Polonez” raket sistemini Belarusdan alacaq ilk ölkə Azərbaycan olacaq. Bu sistem mənfur düşmənlərimiz ermənilərin ərşə çəkilmiş yuxusunu daha da ərşə çəkəcək.

Həmin raket sistemləri haqqında qısa məlumat vermək istərdim. Deməli, “Polonez”in 50 km-dən 200 km-ə qədər yüksək dəqiqliklə hədəfləri sıradan çıxarmaq imkanı var. Bu silah ötən il ilk dəfə Belarusun paytaxtı Minskdə keçirilən hərbi paradda nümayiş olunub.

Həm açıqda və gizli mövqelərdə yerləşən hədəflərin, həm zirehli və zirehsiz texnikaların, həm də aviasiya texnikasının məhvi üçün nəzərdə tutulan bu raket sistemi çox rahat şəkildə düşmənin müdafiə sistemini məhvetmə qabiliyyətinə malikdir.

Bundan başqa, “Polonez”in raketlərin daşınması üçün səkkiz ədəd kvadrat formasında olan konteyneri var. Həmçinin bu sistem eyni anda iki raket atəşi açmaq gücündədir və hər bir atəş 72 reaktiv mərmidən ibarətdir.

“Polonez” raket kompleksi Belarus Ordusunda “Uraqan” (220 mm) və “Smerç” (300 mm) raketlərini əvəz etmək üçün hazırlanıb. Kompleksin Çinin köməyilə yaradıldığı bildirilir.

Raketin atış məsafəsi 280 km təşkil edir. 300 mm çaplı raket 480 kq çəkidə döyüş başlığına malikdir. Həmin raket sistemi bundan öncə ÇXR-də (Çin Xalq Respublikası) sınaqdan keçib.

“Polonez”in indiyə qədər Azərbaycanın aldığı digər raket sistemləri ilə müqayisəsindən danışan hərbi ekspert vurğulayıb ki, bəzi parametrlərinə görə, Belarus istehsalı çox üstündür:

“Polonez” Ermənistan üçün çox böyük təklükə deməkdir. Həmin sistemin Qarabağ və Naxçıvanda yerləşdirilməsi düşmənlərimiz bütün ümidlərini puç edəcək.

Bildiyimiz kimi, biz həmçinin Rusiyadan “Smerç” yaylım atəşli raket sistemləri də almışıq. Bir sıra parametrlərinə görə, “Polonez” “Smerç”ə yaxındır.

Sadəcə, atəş açılmasında bir az zəifliyi mövcuddur. Lakin silahın hazır vəziyyətə gətirilməsinə görə, “Polonez” “Smerç”dən üstündür. Məsələn, “Smerç” 20 dəqiqəyə hazır vəziyyətə gətirilirsə, “Polonez” cəmi 10 dəqiqəyə hazır vəziyyətdə olur”.

Qeyd edək ki, Rusiyanın Kommersant nəşrinin verdiyi məlumata görə, Belarus hökuməti 2018-ci ildə 10 ədəd “Polonez” yaylım atəşli reaktiv sisteminin müqavilə üzrə Azərbaycana tədarükünə başlayacaq.

İddia edilir ki, “Polonez” sistemi Azərbaycanda tədarük ediləcək, belə ki, ölkənin müdafiə naziri Zakir Həsənov Belarusa səfəri zamanı bu sistemin istehsal texnologiyası ilə tanış olub.

Nəşrin yazdığına görə, bu müqavilə Ermənistan tərəfinin narazılığına səbəb olacaq.

Elvin Paşazadə 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri