24 
Avq
2018
14:08
143
35
10347
Virtual karabakh

Ekspert: Qarabağda münaqişə Paşinyana lazım deyil - MÜSAHİBƏ

24 Avq, 2018
14:08
10347

Ekspert: Qarabağda münaqişə Paşinyana lazım deyil - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı politoloq Dmitri Verxoturov Oxu.Az-a müsahibə verib. 

- Ermənistan baş naziri Nikol Paşinyan ölkədə konstitusiyaya dəyişiklikləri həyata keçirmək niyyətində olduğunu açıqlayıb. Dəyişikliklər ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlıdır. O, seçkilərin keçirilməsinə razıdır, ancaq istefaya getməyəcəyini açıqlayıb. Bu, nə ilə bağlıdır? Paşinyan özünü baş nazir postunda etibarlı saymır?

- Bəli, hakimiyyəti əldə saxlamaq üçün Paşinyana partiyasının parlament seçkilərində qələbəsi lazımdır. Bu vəziyyətdə o, yenidən baş nazir postuna əyləşəcək. Bu siyasi üsul kifayət qədər bayağıdır. Baş nazir postunda qalaraq o, seçkilərə fəal təsir göstərə bilər. 

- Yerevandakı mitinqdə çıxışı zamanı Paşinyan bildirib ki, hökumət rəhbəri kimi iki dəfə Rusiya prezidenti Vladimir Putinlə görüşüb və üç dəfə telefon əlaqəsi saxlayıb. Baş nazir Moskva ilə dostluğun dərinləşdirilməsini və ikitərəfli əlaqələrin səviyyəsinin yüksəldilməsini strateji tapşırıq adlandırıb. Onun bu fikirləri Yerevanın Qərb istiqamətində xarici siyasətinə nə dərəcədə uyğundur? 

- Düşünürəm ki, Putinlə görüş və danışıqlar barədə fikirlər həqiqətə uyğundur. Paşinyan baxışlarına görə “avrointeqrator”dur, ancaq eyni zamanda, o, reallıqla barışıb. Başa düşüb ki, Ermənistan hələ də Rusiyanın müttəfiqidir və iqtisadi cəhətdən Moskvadan asılıdır.

Həm də erməni diasporunun böyük bir hissəsi Rusiyada yaşayır. Güman edirəm ki, Ermənistanda qohumu və ya ailə üzvünün Rusiyada yaşamadığı ailə yoxdur.

Əlbəttə ki, “avrointeqrasiya” kursu onları narahat etməyə bilməz. Onlar Rusiyada “şübhəli əcnəbi” olmağın nə olduğunu yaxşı bilirlər. Ukraynalılardan fərqli olaraq, ermənilər özlərini yerli ruslar kimi təqdim edə bilmirlər.

Ona görə də Rusiya ilə əlaqələrin kəsilməsi, Moskva ilə düşmənçilik münasibətləri onlar üçün ailələri ilə əlaqələrin kəsilməsi deməkdir. Paşinyan bu çıxışları ilə erməni cəmiyyətinin bu hissəsini sakitləşdirir. 

- 2008-ci ildə ölkədə baş verən hadisələrdə ittiham olunan Ermənistanın sabiq prezidenti Robert Koçaryan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturova qarşı qaldırılan cinayət işi sona çatdırılacaqmı? Axı Koçaryan azadlığa çıxıb, Xaçaturov isə Rusiyaya gedib. 

- Düşünürəm ki, bu, sona çatdırılmayacaq. Əsas məqsəd Xaçaturovu və Koçaryanı bir müddət siyasətdən uzaqlaşdırmaq idi. Ancaq onlar siyasi fəaliyyətini aktivləşdirməsin deyə iş bağlanmayacaq. 

- Robert Koçaryanın böyük siyasətə qayıtmasının əsas məqsədi nədir?

- Bu, kifayət qədər aydındır. Robert Koçaryan Qarabağ separatçısıdır, o, hər zaman Qarabağa siyasi dəstək göstərirdi, ancaq Qarabağın Ermənistana birləşdirilməsi üçün son addım müxtəlif səbəblər üzündən atıla bilməyib. 

Paşinyana siyasi səbəblərə görə Qarabağ lazım deyil. Əgər Qarabağ münaqişəsi davam etsə, Avropa Birliyi onunla isti münasibətlər saxlamayacaq. Avropa Birliyi üçün neft və qaza görə Azərbaycanla əməkdaşlıq daha əlverişlidir. Buna görə Paşinyan Qarabağı “atmaq” istəyir. Bu zəmində siyasi münaqişə yaranır. Düzdür, bu məsələdə Paşinyan üstündür. 

- Serj Sarqsyanın “komandası” xarici qüvvələrin köməyilə gələcəkdə hazırkı erməni hökumətinə qarşı ciddi rəqib ola bilər? 

- Fikrimcə, Sarqsyanın şansları və perspektivləri yoxdur, bu, aşkar görünür.

Q.D.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri