Noy
2018
15:11
60
85
6709
Virtual karabakh

Politoloq: Yerevanın Qarabağla bağlı güzəştə getmək vaxtı çoxdan çatıb

6 Noy, 2018
15:11
6709

Politoloq: Yerevanın Qarabağla bağlı güzəştə getmək vaxtı çoxdan çatıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dağlıq Qarabağ ətrafında münaqişənin həllinin yeganə yolu xüsusi Yol xəritəsinin hazırlanmasıdır. Bu xəritə iki hissədən ibarət olmalıdır. 

Bu fikirləri Oxu.Az-a açıqlamasında Q.V.Plexanov adına Rusiya İqtisadi Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, hərbi ekspert Aleksandr Perenciyev deyib.

Onun sözlərinə görə, birinci hissədə Dağlıq Qarabağ muxtar dairəsinə heç vaxt daxil olmayan keçmiş Azərbaycan SSR-in yeddi rayonunun azad edilməsi məsələsi həll edilməlidir. 

“Hesab edirəm ki, bu rayonlar demilitarizasiya zonası elan edilməli və bu ərazilərdə qayda-qanun beynəlxalq və ya regional qüvvələr vasitəsilə təmin edilməlidir. Bunun hansı qüvvələr olması məsələsi ayrıca müzakirə edilməlidir. Ola bilsin ki, onlar MDB, ATƏT və ya BMT qüvvələri olsun. Ancaq bu rayonların Azərbaycanın tərkibinə daxil olması isə müzakirə edilməməlidir”, - politoloq qeyd edib. 

Ekspert əlavə edib ki, bu rayonlara Azərbaycan Respublikasının parlamentinin qərarı ilə xüsusi statusun verilməsi də mümkündür. 

Müsahibimiz bildirib ki, ikinci hissə isə keçmiş Azərbaycan SSR-in tərkibində olan sabiq Dağlıq Qarabağ muxtar dairəsi ətrafındakı mübahisələrin həllinə həsr edilməlidir. 

“Burada ATƏT-in Minsk qrupunun tərkibində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan-Azərbaycan birgə komissiyasının yaradılması müzakirə edilməlidir. Bu komissiyanın işi çərçivəsində münaqişənin həlli ilə bağlı diplomatik və siyasi layihələrlə yanaşı, bu layihərin gücünü və əhəmiyyətini möhkəmləndirən iqtisadi layihələr də təklif olunmalıdır”, - o deyib. 

Perenciyev buna misal olaraq, Dağlıq Qarabağın inkişafı ilə bağlı beynəlxalq bankın və MDB proqramının yaradılmasını təklif edib. 

“Bu Yol xəritəsinin reallaşdırılması Yerevanın onun hər bir hissəsində güzəştə getmək istəyi olmadan mümkün deyil. Bax, buna görə deyirəm ki, Yol xəritəsində siyasi layihələrlə yanaşı, məhz iqtisadi amillər də üstünlük təşkil etməlidir. 

Hər şeydən əvvəl, iqtisadi əsaslarla – yəni, əsas məsələ siyasi deyil, maliyyə-iqtisadi amillər olsa – ermənilər tərəfindən saxlanılan Dağlıq Qarabağ və yeddi rayon problemi həll ediləcək.

İstənilən halda, əminəm ki, hər hansı formatda bu məsələlərlə bağlı danışıqların aparılması – Cenevrə, Minsk, Soçi və s. Azərbaycan-Ermənistan münasibətləri sistemində konkret layihələr olmadan heç bir nəticələrə gətirib çıxarmayacaq.

Perenciyev əlavə edib ki, Dağlıq Qarabağ ətrafında münaqişənin həlli təkcə siyasi-diplomatik deyil, həm də intellektual prosesdir. 

“Burada prosesin bütün iştirakçıları beyinlərini işlətməlidirlər. Ancaq, Henri Ford dediyi kimi, “Düşünmək ən çətin işdir, bax, yəqin ki, buna görə bu işlə az adam məşğul olur”, - ekspert bildirib.

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri