Yan
2019
12:04
56
161
9343
Virtual karabakh

Aydın Mirzəzadə: Çağırış yaşının 18 olması düzgündür

3 Yan, 2019
12:04
9343

Aydın Mirzəzadə: Çağırış yaşının 18 olması düzgündür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az-ın müxbirinin suallarını Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə cavablandırır:

- Qarşıdan MM-in növbəti - 2019-cu il yaz sessiyası gəlir. Bu baxımdan, yaz sessiyasında hərbi qanunvericiliyə hansısa əlavə və dəyişikliklər, yeni qanunlar gözlənilirmi?

- Əvvəla, qeyd edim ki, Azərbaycan parlamentində qanunların qəbulu cəmiyyətin həmin dövr üçün tələbatından irəli gələn məsələləri həll edir. Yəni biz həm siyasi, həm iqtisadi sahədə yeniliklərə qanunvericiliklə dəstək verməyə çalışırıq.

Bu baxımdan, qanunvericilik təşəbbüsü ilə cənab prezidentdən və digər qanunvericilik təşəbbüsü olan strukturlardan qanun layihələri gəlir.

Parlamentin özündə də qanun layihələri hazırlanır. Konkret ad çəkmək bir qədər çətindir. Amma hesab edirəm ki, ötən il olduğu kimi, bu il də həm yeni qanunların qəbulu istiqamətində, həm də qanunların təkmilləşdirilməsi ilə bağlı günün tələblərinə uyğun addımlar atılacaq. 

- Neçə illərdir ki, cəmiyyətdə, mediada, elə parlamentin özündə ailələrin tək oğlan övladlarının hərbi xidmətdən azad edilməsi, çağırış yaşının qaldırılması məsələsi gündəmdədir. Bu məsələlər bu il hərbi qanunvericilikdə öz müsbət və birdəfəlik həllini tapa bilərmi?

- Biz nəzərdən qaçırmayaq ki, uzun illərdir müharibə vəziyyətində olan ölkəyik və bu gün ailələrin əksəriyyətində tək oğlan övladı var. Bu baxımdan, onları xüsusi kateqoriyaya ayırmaq olmur. Mən buna təəssüf edirəm. Ancaq bununla belə, bütün çağırılan əsgərlər kimi, onların da qorunması, sağ-salamat hərbi xidmət çəkib geri dönməsi üçün dövlət tərəfindən maksimum tədbirlər görülür.

Eyni zamanda, cənab prezidentin bildirdiyi kimi, 2019-cu il Dağlıq Qarabağ münaqişəsinin həlli üçün həlledici il ola bilər. Bu, olacaqsa, artıq hərbi gərginlik azalacaq. Bu, olacaqsa, artıq ordu quruculuğunda da müəyyən yeniliklər ola bilər.

Digər tərəfdən, çağırış yaşının qaldırılması təkliflərini əsaslı hesab etmirəm. Əksinə, çağırış yaşının 18 olması düzgündür ki, gənc öz hərbi borcunu yerinə yetirir və ondan sonra sərbəst şəkildə həyatını qura bilir.

Yaşı yuxarıya çəkdikdə, dünya təcrübəsi göstərir ki, gənclər özlərinin həyat planlarını qurmaqda artıq bir neçə il gecikmiş olurlar. Biz istəməzdik ki, bu, belə olsun. 

- Ancaq o da var və faktdır, reallıqdır ki, bu gün 18 yaşında olan oğlanların, hərbi çağırışçıların böyük əksəriyyəti arıq, çəlimsiz, boyları balacadır…

- Deməzdim ki, məhz belədir. Bəli, müəyyən bir qismində var, amma kütləvi deyil. O başqa məsələdir ki, bu gün hər bir ailə hər bir övladının, o cümlədən, oğlanın sağlam böyüməsi üçün tədbirlər görməlidir və ildən-ilə insanların həyat şəraiti yaxşılaşdıqca, bu tədbirlər öz-özünə görülür, fiziki göstəricilərində problemlər olan gənclər isə birmənalı şəkildə orduya çağırılmırlar.

Bu da çox ciddi nəzərə alınır. Bu məsələyə diqqət edildiyinə görə son dövrlərdə ordu sıralarına çağırılanların içərisində fiziki qüsuru olanların sayı həddindən artıq azalıb. 

- Yeri gəlmişkən, ailələrin bir çox hallarda “oğul, oğlan sevdası” bəzən qız uşaqlarının elə ana bətnindəcə öldürülməsinə, qız uşaqlarının diskriminasiyasına gətirib çıxarır.

- Bu, cəmiyyətdə müzakirə olunan məsələdir. Çox təəssüf ki, hələ də cəmiyyətin müəyyən bir təbəqəsində, ailədə ancaq oğlan olması arzusu hökm sürür. Amma bununla belə, son hadisələr göstərir ki, bu, elə də böyük fəlakət vəziyyətə gəlib çatmayıb.

Eyni zamanda, ailələr başa düşür ki, bu oğlanlar 25 ildən sonra ailə qurmalıdır və bu baxımdan, o məsuliyyətin onların da üzərinə düşdüyünü dərk edirlər. Bu, ümummilli bir məsələdir.

Aparılan təbliğat, oğlan və qızın bərabərhüquqlu olması, onların hər birinin ailəyə ciddi bağlılığı bu məsələdə artıq düşüncələrdə müəyyən dəyişikliklərin yaranmasına gətirib çıxarır. 

- Son illərin bu istiqamətdəki problemlərindən biri də ailələrin, xüsusilə gənc ailələrin bir, ən yaxşı halda iki uşağa üstünlük verməsidir. Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğan səviyyəsində bu məsələyə müdaxilə edilərək, hər bir ailənin ən azı üç övlad dünyaya gətirməsi istənilir…

- Bilirsiniz, bunu hər kəs özü həll edir. Yəni, bu məsələdə mən deməzdim ki, xüsusi bir çağırış etmək lazımdır. Ancaq bununla belə, qoy, ailələrimiz çoxuşaqlı olsunlar (gülür). 

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri