10 
Yan
2019
15:40
25
109
7811
Virtual karabakh

Qarabağda turizm təbliğatı ilə necə mübarizə aparaq? - ARAŞDIRMA

10 Yan, 2019
15:40
7811

Qarabağda turizm təbliğatı ilə necə mübarizə aparaq? - ARAŞDIRMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uzun illərdir ki, Azərbaycan öz sərhədlərinin suverenliyi uğrunda güzəştsiz mübarizə aparır. Görülən səylərin nəticəsidir ki, dünya ictimaiyyəti Ermənistanın tutduğu Azərbaycan torpaqlarını işğal olunmuş ərazilər kimi tanıyır. Buna görə də hansısa səbəblərdən Azərbaycan hakimiyyətinin icazəsi olmadan Qarabağa və ətraf rayonlara səfər edən insanlar Azərbaycanın suveren sərhədlərini pozur, ölkəmizin qanunlarını pozaraq, bizim üçün arzuolunmaz qonaqlara çevrilirlər.

Ötən illərdə yüzlərlə insan, o cümlədən, kifayət qədər tanınan biznesmen, aktyor və siyasətçilər Azərbaycan Respublikası XİN-nin “qara siyahısına” düşüb. Sonuncu dəfə belə bir qadağa (Azərbaycana səfərlə bağlı) Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Svetlana Jurovaya qarşı tətbiq olunub.

Qeyd edək ki, hazırda Azərbaycan XİN-nin hazırladığı arzuolunmaz şəxslərin siyahısına müxtəlif dövlətlərin 700-ə yaxın vətəndaşı daxildir. Onlardan təxminən 160-ı Rusiya, 70-i Almaniya, 50-si ABŞ, 50-si İtaliya, 40-ı Fransa vətəndaşıdır.

Digər tərəfdən, dünyada Qarabağ münaqişəsinin cari vəziyyətindən xəbərsiz olan, Azərbaycan qanunları barədə məlumatsız olan və onu iradi və ya qeyri-ixtiyari şəkildə pozan çox sayda insan var.

Hava nəqliyyatının inkişafı, aviadaşımaların sayının əhəmiyyətli dərəcədə artması faktiki olaraq Yer kürəsinin istənilən nöqtəsini səyahətə açıq edib. Əksər turistlər səyahət edəcəkləri məkan barədə təsəvvürləri belə olmur, onlar, sadəcə, turoperatorların və turizm bələdçilərinin tövsiyələri əsasında bu və ya digər təyinat nöqtəsini seçirlər.

Beləcə, sonuncuların üzərinə vətəndaşların təhlükəsizliyi baxımından böyük cavabdehlik düşüb. Onların adekvat tövsiyələr verdiyinə və insanpərvər olduğuna ümid etməkdən başqa əlacımız qalmır.

Ümumdünya Turizm Təşkilatı (ÜTT), sadəcə olaraq, münaqişə zonalarında və ya mərkəzi hökumətin nəzarətində olmayan bölgələrdə turizmin təbliğ edilməsini tövsiyə etmir. Reallıqda isə ÜTT-nin qanunazidd kontenti olan yüzlərlə turizm saytına təzyiq rıçaqları var.

Oxu.Az xəbər verir ki, ötən gün turistlər arasında kifayət qədər məşhur olan “Globspot” bələdçi saytı 2019-cu ildə ən çox tövsiyə olunan turizm istiqamətlərinin onluğunu dərc edib.

Nə qədər təəccüblü olsa da, reytinqdə altıncı yerdə “Dağlıq Qarabağ” göstərilib. Sayt bölgə barədə arayış yerləşdirərək, qondarma “Dağlıq Qarabağ Respublikasının” Azərbaycan və Ermənistan arasında mübahisəli ərazi olduğunu, orada əhali baxımından “hər zaman ermənilərin üstünlük təşkil etdiyini” yazır.

Arayışda o da qeyd olunur ki, turistin Qarabağa səfərindən sonra Azərbaycan hakimiyyəti qanunsuz səyahətlə bağlı hər hansı sübut aşkarlasa, qapılarını onun üzünə bağlayacaq.

Yəqin ki, “Globospot”dan olan bəzi dağ-səyahətçilərinin Azərbaycana girişi yuxarıda göstərilən səbəblərə görə qadağan edilib. Belə ki, “Globspot”un daimi bloqqeri - Kanada vətəndaşı Co Skaranqella 2009-cu ildə belə bir dilemma ilə üz-üzə qalıb. Qarabağ səfərini və sonradan Azərbaycanın “qara siyahısına” düşməsini Skaranqella şəxsi bloqunda təfsilatlı şəkildə yazıb.

Öz bloqunda o, Qarabağda turizm üçün iyrənc şərtlərin olmasından açıq şəkildə yazır: hotellərdə xidmət və şəraitin bərbad, yeməklərin çox baha olduğunu, ifrat bürokratiya ilə üzləşdiyini, yerli sakinlərin qonaqpərvərlikdən uzaq olan yaramaz insanlardan ibarət olduğunu və ümumilikdə, həmin səfərdən ancaq pis təəssüratlarla qayıtdığını qeyd edir.

Ancaq kanadalı səyahətçinin mənfi resenziyası onu işə götürən “Globspot”un Qarabağ bölgəsi turizminin təbliğatından daşındırmayıb. “Top-10”da Qarabağın reytinqi “cənnət guşələri” sayılan Mavrikiya, Tayvan və Dominikandan da yüksəkdir.

Oxu.Az-ın xarici şöbəsi bu dezinformasiya və Azərbaycan qanunlarının kobudcasına pozulmasına biganə qalmayaraq, “Globspot” saytının rəhbərliyi ilə elə onların “Facebook” səhifəsində polemika aparıb.

“Top-10”la bağlı bu və ya digər meyarları bəhanə gətirən (halbuki turistlərin təhlükəsizliyi ilə bağlı meyarı nəzərə almayıblar) “Globspot” rəhbərliyi işğal olunmuş torpaqların həmin siyahıya daxil edilməsinin böyük səhv olduğunu boynuna almaq istəməyib. Dediyinə görə, guya müxtəlif turizm forumları belə tövsiyə edir.

Rəhbərlik nədənsə öz səyahətçiləri D.Skaranqellanın Qarabağ səfəri ilə bağlı mənfi resenziyası haqqında sualı cavablandırmaqdan yayınırdı, əvəzində, Qarabağ səfərindən xoş təəssüratla  ayrılan hansısa başqa “tanınmış” turistləri nümunə gətirirdi.

Bizim redaksiya Qarabağın Azərbaycana Sovet dövründə təhvil verildiyi ilə bağlı yalan məlumatın həmin saytdan silinməsinə nail olub. Saytın administrasiyası, eyni zamanda, Qarabağ haqqında olan tarixi arayışda “hər zaman üstünlük təşkil edib” ifadəsini “ermənilər üstünlük təşkil edir” ifadəsi ilə əvəzləyib. Bu, prinsipcə, işğal olunmuş ərazilərdə aparılan etnik təmizləmə siyasətinin real nəticələrini əks etdirir.

Saytın administrasiyası məşğul olduqlarını bəhanə gətirərək, söhbəti davam etdirməkdən imtina edir.

Biz ölkənin dövlət orqanlarının yaranmış situasiyanı şərh etməsini istədik. Azərbaycan XİN-nin rəsmi nümayəndəsi Leyla Abdullayeva diplomatik nümayəndəliyin bu faktla bağlı məlumatlı olduğunu bildirib.

Abdullayevanın sözlərinə görə, qanunsuz səyahət elə onun təbliğatı qədər qəbahətlidir və dövlət bundan sonra da Azərbaycan qanunvericiliyi çərçivəsində belə hallara qarşı mübarizə aparacaq.

“Əlimizdə bu faktla bağlı informasiya var, müvafiq kanallar bu istiqamətdə iş aparır”, - deyə L.Abdullayeva bildirib.

Azərbaycanın Dövlət Turizm Agentliyindən verilən məlumata görə,  dövlət birinci il deyil ki, Qarabağda turizmin qanunsuz təbliğatına qarşı mübarizə aparır.

“Bəzi beynəlxalq turizm sərgilərində erməni tərəfi Azərbaycanın işğal altında olan ərazilərində turizmi təbliğ etməyə can atır. Müxtəlif beynəlxalq sənədlərə, BMT qətnamələrinə və ÜTT tövsiyələrinə əsaslanaraq etdiyimiz şikayətlər əsasında Azərbaycanın işğal altında olan ərazilərində turizmin təbliğatı hallarının qarşını almağa nail oluruq. 

Sonuncu belə halla ötən ilin noyabr ayında Londonda keçirilən “World Travel Market” sərgisində rastlaşmışıq. Etdiyimiz müraciətdən sonra sərginin təşkilatçıları qanunsuz stendi kənarlaşdırdı”, - deyə agentliyin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, internetdə qanunsuz turizmin təbliğatını izləmək daha çətindir. Dövlət agentliyi yalnız belə resurslar rəsmi xarakter daşıdığı təqdirdə onunla mübarizə apara bilir.

“Ancaq bu, şəxsi saytdır, rəsmi dövlət strukturu onun işinə qarışa bilməz. Belə hallarda medianın və ictimaiyyətin  reaksiyası vacibdir. Onlar bu sayta öz etirazlarını bildirməlidirlər.

Administratorlar bəzən bu müraciətlərlə tanış olduqdan sonra həmin yazıları saytdan silir və ya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı real situasiyanı əks etdirən alternativ rəy dərc edir. Belə müsbət hallar çox olub. Əslində, ən effektiv mexanizm də elə budur. Düşünürəm ki, bu dəfə bizim ictimaiyyət də məsələyə biganə qalmayacaq”, - deyə K.Quluzadə bildirib.

Oxu.Az redaksiyası olaraq situasiyanın hansı şəkildə inkişaf edəcəyini yaxından izləyəcəyik.

Namiq Həsənov

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri