22 
Apr
2019
15:10
400
21
3692
Virtual karabakh

Erməni gənclər ön cəbhəyə getmək istəmir - RƏY

22 Apr, 2019
15:10
3692

Erməni gənclər ön cəbhəyə getmək istəmir - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdə nikbin bəyanatlar səslənsə də, Ermənistanın Müdafiə naziri David Tonoyan kifayət qədər radikal ritorika ilə seçilib. Onun bəyanatlarına fərqli şəkildə yanaşmaq olar, ancaq bir şey dəqiqdir ki, Tonoyanla Paşinyanın bəyanatları arasında açıq-aşkar ziddiyyət var.

Amerika-Azərbaycan İnkişafa Yardım Fondunun baş eksperti Aleksey Sinitsın Oxu.Az-a verdiyi müsahibədə danışıqlar prosesinin hansı şəkildə inkişaf etdiyi, Ermənistan Müdafiə nazirinin niyə belə ziddiyyətli bəyanatlar səsləndirməsi barədə danışıb.

- Ermənistan və Azərbaycanda  Ermənistan Müdafiə naziri David Tonoyanın son aqressiv bəyanatları geniş müzakirə olunur. Ermənistanın Baş naziri Nikol Paşinyan Tonoyanın yeni Azərbaycan ərazilərinin işğal olunması ilə bağlı dediklərini nümayişkaranə şəkildə dəstəklədi. Adama elə gəlir, Ermənistan rəhbərliyinin və KİV-in aqressiv ritorikası son həddə çatıb. Bəs reallıqda bu bəyanatların arxasında nə dayanır? Ermənistanın bugünkü hərbi potensialı nədən ibarətdir?

- Hər kəs, ələlxüsus Azərbaycan Tonoyanın bu ritorikasından əmin olmalıdır ki, nazirin bəyanatlarının arxasında müəyyən konseptual təməl durur. Ona görə də ermənistanlı və erməniyönümlü ekspertlər bu gün mehribancasına son beş ilin hadisələri, o cümlədən, təbii ki, Aprel müharibəsi ilə əlaqədar ölkənin hərbi doktrinasını “yenidən daha ciddi şəkildə nəzərdən keçirildiyini” iddia edir. 

Tonoyan “ilk dəfə olaraq Ermənistan ordusunun qarşısına qoyulmuş yeni tapşırıqları nazir səviyyəsində izah etdi. Hər halda Ermənistanın kifayət qədər populyar olan analitiki və liberal siyasətçisi Safaryan (adı və atasının adı Styopa Serjayeviç) belə hesab edir. Ermənistan Müdafiə Nazirliyi Tonoyanın Napaleonsayağı planlarını “işığa çıxarmağı” məhz ona həvalə edib. 

Safaryan da işığa çıxararaq, bir çox ermənilərin düşündüyü kimi, çox müəmmalı, möhtəşəm və düşməni qorxuya salan bir şəkildə təqdim etdi. Hər halda özünüz qərar verin. “Konsepsiyaya gəlincə, Ermənistan  müdafiə və əks-hücumu özündə birləşdirən strateji müdafiə konseptini rəhbər tutur. Tonoyan onu strateji müdafiə adlandırmır. Bununla belə, o, özlüyündə əks-hücuma hazırlıq mahiyyəti daşıyır”, - deyə Safaryan bildirib.

“O” əvəzliyinin arxasında bəs nə durur? Bəlkə, hər hansı bədnam konsept? Ancaq konsept innovativ və konstruktiv ideyadır. Necə oldu, Tonoyan onu orta əsrlərdən məlum olan strateji müdafiə kimi hərbi əməliyyat növündə tapdı, bu barədə nədənsə Safaryan susur. Bunu heç bacara da bilməz, çünki David Tonoyan psevdo-elmi sarsaqlıqdan başqa dünyaya təzə heç nə gətirə bilməz. Ancaq ismarıc bəllidir - ermənilər hücuma hazırlaşır.

- Bəs hücum üçün resurs toplamaq lazımdır axı, hər şeydən qabaq da insan resursu. Məgər Ermənistan tərəfi şəxsi heyətin çatışmazlığı ilə bağlı problemi artıq həll edə bilib?

- Əlbəttə ki, yox. Hərbi xidmətdən yayınanlar, fərari düşənlər, Ermənistanın demoqrafik problemləri və s. mövzuda artıq nəsə demək istəmirəm. Hər şey onsuz da çox yaxşı məlumdur. Gəlin, ondansa erməni hərbi rəhbərliyinin vəziyyəti xilas etmək cəhdlərindən danışaq. Keçmiş Müdafiə naziri Seyran Oqanyanın vaxtında erməni diasporundan olan gənclərin hərbi xidmətə cəlb olunması üçün “Orduya qoşul” proqramı qəbul olunmuşdu.

Proqram ətrafında çox səs-küy var idi, diaspora təşkilatlarının fəalları yüksək kabinet iclaslarında iştirak edirdi, ancaq nə fayda, proqram iflasa uğradı. Xaricdə yaşayan ermənilərə heç olmasa iki həftə Ermənistan ordusunda xidmət çəkmək təklif olunurdu, ancaq buna razılaşan tapılmadı.

Əsas səylər orduya Rusiyada yaşayan ermənilərin cəlb olunmasına yönəlmişdi. Yeri gəlmişkən, hakimiyyəti və cəmiyyəti kəskin rusafobiyaya qurşanmış Ermənistanda andiçmənin mətni rəsmən rus dilində təsdiq olunub. Xüsusi olaraq rusiyalı erməniləri üçün.

Təkcə Ermənistan əsgərinin andiçmə mətnində “Ermənistan Respublikası silahlı qüvvələrinə daxil olaraq” ifadəsi “Dağlıq Qarabağ Respublikası silahlı qüvvələrinə daxil olaraq” ifadəsi ilə əvəzlənib. Ermənistandan o qədər də uzaqda olmayan bəzi xarici ölkələrdən gələnlər var idi. Ancaq burada vətənpərvərlik duyğusundan söhbət belə gedə bilməz.

Yeni “Qarabağ müdafiəçiləri”nin gəlişi daha çox kriminal motivlərdən irəli gəlirdi. Onlar məsuliyyətdən qaçıb, müvəqqəti olaraq haradasa “saya oturmalı”, gizlənməli idilər.

- Bir il yarım əvvəl Ermənistanda Müdafiə Nazirliyinin ümummilli proqramları təmtəraqlı şəkildə qəbul olundu: tələbələr üçün “Qürur duyuram”, çağırışçılar üçün isə “Bu mənəm”. Sizcə, onlar erməni gənclərin orduya cəlb olunmasına kömək etdi, ya yox?

- Fikrimcə, bu proqramlarda müəyyən mənada rasional toxum var idi. Çağırışçılara qarışıq - müqavilə əsaslarında üç il xidmət etmək təklif olunurdu. Əsgər bir müddət ehtiyat hissədə, bir müddət ön cəbhədə xidmət edəcəkdi, yeddi ay isə ödənişli məzuniyyətdə - evdə olacaqdı. Bu proqrama cəmi yeddi nəfər yazıldı.

Belə heç hərbi növbətçilik də təşkil etmək mümkün deyil. Heç kim bir-iki əsgəri cəbhədən  ehtiyata, sonradan ehtiyatdan cəbhəyə geri göndərməyəcək. Çox baha başa gələn zövqdür. Qısa xülasə edim: erməni gənclər öncə cəbhədə olmaq istəmir. Düşünürəm ki, böyük hücum perspektivi belə bu “arzunu” möhkəmləndirməyəcək.

Təxminən elə o qədər də adam, yəni tələbələr “Qürur duyuram” proqramına yazıldı. Onlar bakalavr pilləsində oxuyan əsnada hərbi kurslarda iştirak etməli və leytenant rütbəsi üçün xidmət keçməli idilər. Hətta onların sonradan ödənişsiz əsasda magistraturada oxumasına zəmanətli şəraitin yaradılması ilə bağlı vədlər də bir işə yaramadı. Ümumiyyətlə, Ermənistan ordusunda zabit korpusu ilə bağlı ciddi problemlər mövcuddur.

- Siz Paşinyan və onun komandası ilə - “Qarabağ klanı” ilə əlaqəli köhnə zabit kadrları arasında olan gərgin münasibətləri nəzərdə tutursunuz?

- Əlbəttə. Aprel müharibəsindən bəri Ermənistanda üç dəfə Müdafiə Nazirliyi və Baş Qərargah rəhbərliyi dəyişilib. Hazırda Paşinyan silahlı qüvvələrdə yeni təmizləmə dalğasına hazırlaşır. Mən artıq bu fikri KİV-də səsləndirmişəm; bunun ilk carçısı USAİD (Beynəlxalq İnkişaf Agentliyi) müşaviri Rey Salavatore Cenninqsin inqilabdan sonrakı Ermənistana yardımın artırılmasının vacibliyi ilə bağlı məqaləsi oldu. Müəllif Ermənistan Baş nazirinə gözlənilməz tövsiyə verdi: “İlk növbədə, güc strukturu vəzifəlilərini kənarlaşdırmaq və onlara qarşı cinayət işi açmaq lazımdır”.

Сenninqsin davamçılar çox tez peyda olmağa başladı. Onların arasında  Paşinyan təbliğatının “ruporu”, Soros qrantları ilə yemlənən “hüquq müdafiəçisi” Artur Sakuns da var yer alır. Aprel döyüşlərinin nəticələri onu çox narahat edir. Ona görə də “ölüm hallarının müəyyən edilməsi, silah-sursat, ərzaq, texniki vasitələrin təchizatı, tibbi xidmət və təminat nöqteyi-nəzərindən araşdırma mütləq aparılacaq” deyə vəd edir.

İndi bütün “liberallar” Paşinyanı ovçu itləri kimi “Tut!” əmrini gözləyir, yəni bütün rəqiblərinin öhdəsindən gəlmək üçün “keçid ədalətinin” tətbiqini gözləyir. Bu əcaib “ədalət” Baş nazirin sevimli, ancaq hələ dünyaya gəlməmiş “övladıdır”. Hesab edirəm ki, bu, bir növ məhkəmədən kənar qanuni divan şəklində gerçəkləşəcək.

Hər halda, Ermənistanın “keçid ədaləti”, günahsızlıq prezumpsiyasını və ya məhkəmənin qərarı olmadan əmlakın müsadirəsi mexanizminin müsadirəsini nəzərdə tutur. Sakuns artıq “keçid ədalətinə Aprel müharibəsi hadisələrinin daxil olduğunu” bildirdi. Ona görə də Ermənistan ordusunda hələ çox zabitlərin cəzalanacağını görəcəyik.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri